“The Guardian” qəzetində dərc olunmuş məqalədə deyilir ki, Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiyanın Suriyanın Hələb şəhərində törətdiyi iddia edilən hərbi cinayətləri ilə bağlı təhqiqata başlanmasına çağırıb.
Johnson deyib ki, “Rusiya quldur dövlətə çevrilməkdə davam edir”.
“The Guardian” yazır ki, Boris Johnson bütün protokol qaydalarına rəğmən Rusiyanın Londondakı səfirliyi qarşısında etiraz aksiyalarına çağırıb.
Britaniya xarici işlər naziri deyib ki, “ədalət dəyirmanının daşı yavaş üyüdür, amma narın üyüdür”.
O inandığını bildirib ki, Suriyada müharibə cinayətləri törədənlər əvvəl-axır beynəlxalq cinayətlər məhkəməsi qarşına çıxarılacaqlar.
Məqalədə deyilir ki, Johnson-un bəyanatları Rusiya və Qərb arasında münasibətlrəin Soyuq müharibədən bəri ən pis hala gəldiyini göstərir.
Qəzet yazır ki, Boris Johnson bu bəyanatları xarici işlər naziri kimi ilk parlament çıxışında verib.
Parlamentin bu sessiyasında mühafizəkar millət vəkilləri Rusiyanın Hələbi bombalamasını nasistlərin İspaniya müharibəsi zamanı Gernikanı bombardman etməsinə bənzədiblər.
Bəzi millət vəkilləri xəbərdarlıq ediblər ki, bütün beynəlxalq postmüharibə münasibətlərinin binası təhlükə qarşısındadır.
Johnson bunu da deyib ki, o, Suriyanın müəyyən hissələrində uçuşların qadağan olunduğu zonaların yaradılması əleyhinədir.
“Biz bu zonaları pozan təyyarə və ya helikopterləri vurmaq inkanında olmadıqca, belə zonaların yaradılmasına qol qoya bilmərik” – deyib Johnson.
Buna baxmayaraq nazir belə təşəbbüs irəli sürənlərə rəğbətli olduğunu deyib. O əlavə edib ki, bu sahədə Britaniyanın müttəfiqləri ilə birlikdə işləmək mümkündür.
Xarici İşlər Nazirliyi “Hillary Clinton-un gələcək administrasiyasından” Suriyaya dair daha aydın siyasət gözləyir, lakin BMT-nin məlumatları göstərir ki, Clinton Ağ Evə yetişənədək bombardman indiki intensivliyində davam etdirilərsə, şərqi Hələb prezident Bəşər əl-Əsədə sədaqətli qüvvələrin nəzarətinə keçə bilər.
“The Guardian” yazır ki, Rusiya ilə Qərb arasında münasibətlərin son dərəcə korlanmasını həm də Vladimir Putinin gələn həftə Parisə səfərinin təxirə salınması göstərir.
Putin orada Hollande-la Suriya münaqişəsini müzakirə etməli idi.
Rusiya hazırkı çığırla gedərsə…
Britaniyanın xarici işlər naziri Londondakı Rusiya səfirliyinin qarşısında etiraz aksiyalarına çağırıb və solçu etiraz qruplarının Rusiyanın Suriyadakı hərəkətlərinə biganə qalmasından təəccübünü bildirib.
Boris Johnson israr edib ki, o, anti-Rusiya təbliğatı aparmır və Birləşmiş Ştatlar Suriyada atəşkəsə nail olunması üçün Rusiya Xarici İşlər Nazirliyi ilə danışıqlarda əlindən gələni edib.
Boris Johnson
“ABŞ tamamilə haqlı bir nəticəyə gəlib ki, Rusiya heç bir razılaşmaya məhəl qoymadan prezident Əsədin hücumuna kömək etmək əzmindədir”- deyib Johnson.
Nazir əlavə edib: “Əgər Rusiya hazırkı cığırı ilə getməkdə davam etsə, bu böyük ölkənin quldur dövlətə çevrilmək təhlükəsi var”.
Nazir deyib ki, əgər Putinin məqsədi Rusiyanın böyüklük və şöhrətini bərpa etməkdirsə, onun Suriyadakı siyasəti bu ambisiyaları yandırıb külə döndərəcək.
“The Guardian” yazır ki, xarici işlər nazirinin kəskin çıxışına baxmayaraq Britaniyada Suriya məsələsinə dair hakimiyyət və müxalif Leyboristlər Partiyası arasında ciddi fikir ixtilafı var.
Leyboristlər cihadçıların Hələb şəhərindən çıxması üçün onlara dəhliz verilməsinə çağırırlar.
Suriyada Homs şəhəri məhz BMT-nin vasitəçiliyi ilə qiyamçılardan təmizlənərək Əsəd hökumətinə təslim edilmişdi.
Suriya müxalifəti bu planın əleyhinə çıxır. (BBC azeri)