Azərbaycanda bu il beş tələbə intihar edib

intihar-umumiAzərbaycanda bir intihar dalğası yaşanmaqdadır. Demək olar hər gün kimsə özünü öldürür, yaxud buna cəhd edir, təşəbbüs göstərir. Özlərini həyatdan məhrum edənlərin bu yolu seçmələrinin səbəbləri müxtəlifdir.

Azərbaycanda dəhşətli intiharlar da baş verir. Oktyabrın 10-da Bakı Ali Neft Mərkəzinin 4-cü kurs tələbəsi, 22 yaşlı Hüseyn Abbasovun özünü yaşadığı yataqxananın 11-ci mərtəbəsindən atması kimi.

Ali məktəbə qəbul olarkən 670 bal toplayan tələbənin intihar etməsi nə qədər dəhşətlidirsə, bir o qədər də müəmmalıdır.

Bu gəncin həyatına qəsd etməsinin səbəbi ilə bağlı irəli sürülən ehtimallardan biri odur ki, kəsirləri olub.

Yaxın dostlarından biri isə Hüseynin ailəsi ilə probleminin olduğunu qeyd edib və dostunun təhsilini başqa sahədə davam etdirmək istədiyini, atasının isə buna qarşı çıxdığını deyib: “O, universitetdən çıxıb başqa nə olur-olsun, oxumaq istəyirdi. Amma atası razı olmurdu”.

Onu həyatına qəsdə sürükləyən səbəb budurmu?

Hüseyn Azərbaycanda intihar edən birinci tələbə deyil.

2016-cı ildə ölkədə 5 tələbə özünü öldürüb.

Bu intiharlardan 2-si Sumqayıtda qeydə alınıb. 2016-cı ildə üç tələbə isə intihara cəhd edib.

23 yaşlı tələbə qız özünü asıb

Fevralın 8-də saat 19 radələrində Yasamal rayonu, Yeni Yasamal 2, bina 5 ünvanında Bakı şəhər sakini, 23 yaşlı Nigar Vahabova yaşadığı evin yataq otağında intihar edib.

O, özünü asmazdan əvvəl valideynlərinə yazdığı məktub məktubunda onlardan üzrxahlıq edib, əməlinə görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Nigar Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntıların ortaya çıxdığı bildirilib.

Özünü öldürən tələbə İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısı idi.

Tələbə kirayə qaldığı evdə intihar edib

İyun ayında Ağdam rayonu, Mirəşelli kənd sakini, 20 yaşlı Əfqan Məmmədov intihar edib. Yaxınlarının verdikləri xəbərə görə, hadisə Əfqanın Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verib.

O, Sumqayıt Dövlət Univeristetinin 3-cü kurs tələbəsi idi. Hadisənin hansı səbəbdən baş verməsi açıqlanmayıb.

Tələbə yoldaşları Əfqan Məmmədovun oxuduğu ali məktəbdə də hər hansı problemi olmadığını, sevgi məsələsinə görə özünü öldürdüyünü ehtimal etdiklərini bildiriblər.

Sumqayıtda imtahandan kəsilən tələbə özünü dənizdə boğub

Yanvar ayının 10-da Sumqayıt Dövlət Universitetinin tələbəsi özünü dənizə atıb. İntihar edən Rumiyyə Qasımova universitetin İbtidai metodika fakültəsinin birinci kurs tələbəsi olub.

17 yaşlı qızın intiharına gəldikdə, ilkin məlumatda imtahandan çıxıb Abşeron rayonu, Saray qəsəbəsindəki evlərinə gedən Rumiyyə atasının kəskin iradları ilə qarşılaşdığı bildirilib. Guya buna dözə bilməyən tələbə qız yaşadığı Saray qəsəbəsindəki evlərini tərk edib və elə o istiqamətdə də özünü dənizə atıb.

Rumiyyənin ailəsi bu informasinı inkar edib. Onlar bildiriblər ki, qeyd edildiyi kimi, qız pis oxumayıb. Yaxınlarının dediyinə görə, Sumqayıt Dövlət Universitetində rektorluqdan məlumat gəlib ki, tələbələrdən imtahanlara görə pul yığılsın. Rumiyyənin ailəsinin isə vəziyyəti o qədər də yaxşı olmayıb. Saray qəsəbəsində 1 sotluq ərazidə anası göyərti əkməklə məşğuldur. Atası isə tikintidə usta işləyir. İki il əvvəl ayağından kəsici alətlə ciddi xəsarət aldığından işləyə bilmir. Anası yığdığı göyərtiləri satmaqla qızının təhsil haqqını ödəməyə çalışıb. 1600 manatlıq təhsil haqqının 1000 manatını ailəsi, 600 manatını isə qohumları ödəyib.

“Atasının onun danlaması barədə xəbərlər də yalandır. Onların heç xəbərləri olmayıb. Atası deyib ki, iş tapar, təhsilhaqqını ödəyər. Amma həmin gün imtahandan yenidən kəsilməsi ilə bağlı xəbəri eşidəndən sonra evə gəlməyib, heç kimə demədən dənizə gedib, intihar edib”.

Rumiyyənin atası Elşən Qasımov açıqlamasında bildirib ki, qızı birinci imtahandan kəsiləndə bunun pul ilə bağlı olduğunu deyibmiş:

“Birinci imtahandan kəsildi. Evə gəldi, dedi ki, pul söhbətidir, pul verilməsə, kredit təhsil haqqının üstünə gələcək. İkinci imtahanı yanvarın 9-da idi, dedi ki, çalışıb onu verəcək. Mən də dedim ki, o biriləri ver, kəsiri düzəldərik. Birinci imtahan ingilis dilindən, ikinci isə Azərbaycan dilindən idi. Səhər mən işə, o imtahan getdi, 6-ya qədər evə gələrdi, həmin gün telefonu özü ilə aparmamışdı, evdə qalmışdı. Mənə saat 5-də evdən zəng etdilər ki, qız gəlməyib. İşdən çıxıb universitetin əsas korpusuna getdim. Dedilər ki, onlar 5-də gediblər. Tələbə yoldaşları ilə əlaqə saxladıq. Məlum oldu ki, 24 tələbə imtahandan kəsilib. Rumiyyə isə çox pis olub, ağlayıb ki, “mən evə nə üzlə gedəcəm”. Sonra qrup yoldaşları ilə dayanacağa qədər bir gəliblər və orada ayrılıblar”.

Bütün şəhəri gəzsə də, qızını tapa bilmədiyini deyən Elşən Qasımov 21:00-da 102-ə zəng edib və Polis İdarəsindən ona ərizə yazmaq üçün çağırıblar: “1-ci polis bölməsindən mənə zəng etdilər, gedib ərizəmi yazdım. Qızın şəklini verəndə, zəng etdilər ki, Trovmatologiyaya gəl. Gedib gördüm ki, meyit morqdadır, oradan götürüb gəldim. Qızımı dəniz qırağında tapıblar”.

Bakıda gənc qız özünü 17-ci mərtəbədən atıb

Sentyabrın 9-da Binəqədi rayonu, Mir Cəlal küçəsi 63 A ünvanında, 21 yaşlı Aysel Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Aysel Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısından ayrılıb.

İlkin ehtimala görə, Aysel Ağaməmmədova buna görə intihar edib.

İntihara cəhd edən tələbələr isə bunlardır:

Kollec tələbəsi özünü öldürmək istədi

Aprel ayının 18-də Bakının Nəsimi rayonunda 18 yaşlı qız intihara cəhd edib. Bakı şəhər sakini A.R. akademik H.Əliyev küçəsində 15 mərtəbəli binanın 14-cü mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib. İntihar cəhdinin qarşısı polis əməkdaşları və sakinlər tərəfindən alınıb. A.R. 1 saylı Tibb Kollecinin ikinci kurs tələbəsidir.

May ayının 23-də Mədəniyyət və İncəsənət Universiteti “Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan “yox” cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu üzdən də intihar etmək istəyib.
Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan “haqqı” ödəyə bilmədiyindən intihara əl atdığını deyib.

Mədəniyyət və İncəsənət Universitetindən isə hadisənin tamam “başqa səbəbdən” baş verdiyi deyilib: “Heç bir intihar söhbəti yoxdur. Həmin tələbə əyilib ki, “selfie” çəkdirsin, ayağı burxulub və yıxılıb. Bir gün xəstəxanada qalıb, başına tikiş atıblar, hazırda evdə müalicə olunur. İntihar etmək istəyən tələbə özünü ikinci deyil, beşinci mərtəbədən atar”.
Yasamal Rayon Prokurorluğunda belə bir hadisənin baş verdiyini təsdiqləsələr də, əlavə məlumat verilməyib.

Göyçayda tələbə qız sirkə turşusu içib

Avqustun 25-də Göyçay rayonu, Hacalıkənd kənd sakini, 18 yaşlı Nuranə Həmidova yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının ikinci kurs tələbəsi olan Nuranə Həmidovanın özünə qəsd etməsinin səbəbi açıqlanmayıb. (pressday.az)