Samir Əliyev: «Bu borclanma xarici valyutadadır və yüksək faizlədir, ona görə bu istiqamətdə problemlər ortaya çıxa bilər»
Azərbaycanda pambıq mahlıcı istehsalçısı “mkt istehsalat kommersiya” MMC 20 milyon dollarlıq istiqraz buraxır. İstiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır. İstiqrazların sayı isə 20 min ədəddir. İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi 6% kimi müəyyən edilib.
Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin ardınca SOCAR da istiqraz satışı ilə maliyyə cəlb etməyi üstünlüe tutub. SOCAR istiqrazlarının faizi 5, Azərbaycanda pambıq mahlıcı istehsalçısıının istiqrazlarının illik faizi isə 6-dır. Dollarla satılan bu istiqrazların faizlərinin ödənilməsi istiqamətində gələcəkdə problem yaşana bilərmi?
İqtisadçı Samir Əliyev bildirdi ki, istehsal üçün maliyyənin olması çox vacibdir. Maliyyənin ucuz və böyük həcmdə olmasının isə istehsal üçün daha münbit şərait yaratdığını deyən S.Əliyev bildirdi ki, belə olan halda biznesin inkişafı daha əlverişli olur: «Bu gün şirkətlər banklardan kredit götürməkdə çox əziyyət çəkirlər. Son aylar banklar demək olar ki, kreditləşməni dayandırıblar. Kredit şərtləri isə olduqca ağırdır. Kapital bazarından resurs cəlb etmək maliyyə cəlbinin başqa bir formasıdır. Bankdan kredit cəlb etmək daha geniş yayılıb. Amma kapital bazarından maliyyə cəlbinə də üstünlük verilir. Azərbaycanda bu təcrübə çox azdır. Amma son vaxtlar bu istiqamətdə müəyyən təşəbbüslər var. Onlardan biri SOCAR-dır. Belə bir borclanmaya getmək normaldır. Amma onu da nəzərə almaq lazımdır ki, bu borclanma xarici valyutadadır və yüksək faizlədir. Ona görə bu istiqamətdə problemlər ortaya çıxa bilər. Məsələn, normal banklar da faizlər aşağıdır. Amma istiqrazlar üzrə faiz dərəcəsi SOCAR-da 5, Azərbaycanda pambıq mahlıcı istehsalçısında 6 faizdir. Bu sahədə rəqabət olsa bu faiz qalxa da bilər. Yəni faizin yüksək olması bu istiqamətdə kapital cəlbinə hesablanıb. Banklarda 3 faizə qədər əmanətlərə zəmanət var. Bəs, bu istiqrazlara görə zəmanəti kim verir? Bu suallar cavablandırılmalıdır».
Xəyal