“Bu işdə öz qara əməllərini yerinə yetirənlər, Allahdan paylarını alacaqlar”

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev son sözünü deyəndən sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Hökmün oktyabrın 11-də elan olunacağı gözlənilir.

Cahangir Hacıyev son sözündə ailə üzvlərinə qarşı təzyiqlərdən danışarkən bacısının da adını çəkib. Bildirib ki, bacısı Əminə Hacıyevanın Beynəlxalq Banka, verilmiş kreditlərə heç bir aidiyyəti olmasa da, onun da ölkədən çıxışına qadağa qoyulub.

Əminə Hacıyeva da jurnalistlərə açıqlamasında bunu təsdiqləyib. Qardaşı ilə bağlı məhkəmədən gözləntilərinə gəlincə, Əminə Hacıyeva bunları deyib:”Ədalətli qərar olmalıdır. Çünki hamı çox gözəl bilir ki, Cahangirin təqsiri yoxdur. Bunu yaxşı bilirlər, ona görə də heç kim heç bir sənəd təqdim eləmədi. Heç nə sübuta yetirilmədi. Əgər məhkəmə ədalətli qərar verməsə, onda mənim ölkəmizə – Azərbaycana inamım tamam itəcək.

Biz yaxşı bilirik ki, həyat çərxi-fələkdi. Bu gün burada olan adam, sabah o biri yerə gedir. Heç kim “mənəm-mənəm” deməsin. O insanlar ki, bu işdə öz qara əməllərini yerinə yetirdilər, onsuz da Allahdan paylarını alacaqlar, mən buna yüz  faiz əminəm. Nağıllarda da deyildiyi kimi, mütləq Xeyir Şər üzərində qələbə çalır. Nə olursa olsun, sonda Xeyrin Şərə qalib gələcəyinə əminəm”.

Xatırladaq ki, Cahangir Hacıyev tabeliyindəki işçilərə göstəriş verib, yaxın adamlarına böyük həcmli kreditlər ayırmaqla Beynəlxalq Bankın milyonlarla vəsaitini mənimsəməkdə ittiham olunur. Prokuror onun 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Cahangir Hacıyev isə özünü təqsirli bilmir. O, həbsinə görə daha çox Maliyyə naziri Samir Şərifovu ittiham edir.