Gürcüstanda seçki məntəqəsinə hücüm olub və Marneuliyə xüsusi təyinatlı polis yeridilib.
Gürcü Arzusu Partiyasının namizədinin tərəfdarları polisə və məntəqə üzvlərinə xəsarət yetiriblər
Okytabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən 48 saylı məntəqəyə hücum olub. Bu barədə Meydan TV-yə Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev məlumat verib. O, bildirib ki, məntəqəyə hücum edənlər hakim partiyanın namizədi Tamaz Naverianinin tərəfdarları olublar: “Tamaz Naverianinin tərəfdarları Qızılhacılı kəndində məntəqəyə hücüm edib. 100-dən artıq şəxs məntəqə seçki komissiyasının müxalifətdən olan üzvlərini və müşahidəçiləri döyüb. Dava zamanı polis ciddi xəsarət alıb”.
Ə.İmamquliyev bildirib ki, hakim partiya Marneulidə güc tətbiq edərək seçkiləri saxtalaşdırmağa cəhd edib.
Tərəflər arasında gərginlik bir neçə saat davam edib. Polis qarşıdurmanı sakitləşdirə bilməyib. Əraziyə xüsusi təyinatlı dəstə cəlb olunub. Məntəqə seçki komissiyasının üzvləri məntəqədən uzaqlaşdırılıb.
Hazırda Marneuli rayonunun mərkəzində Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları yürüş edirlər.
Ə. İmamquliyev “Facebook” səhifəsində mitinqdən canlı yayım yayımlayıb. Aksiya iştirakçıları “Əhməd”, “Mişa” (sabiq prezident Mixail Saakaşvili nəzərdə tutulur-red.) şüarları səsləndirirlər.
***
Rustavi 2 kanalı 48 saylı seçki məntəqəsinə hücumu şərh edərkən vəziyyətin çox gərgin olduğu bildirilir. Kanalın xüsusi muxbirinin verdiyi məlumata görə hücum edənlər dəyənəklərdən istifadə edir, həmçinin məntəqəni daş-qalaq edirlər. Polis qüvvələri əraziyə səfərbər edilib.
Gürcüstanda yaşayan müstəqil jurnalist Əfqan Muxtarlı baş verən hadisəni şərh edərkən bildirib: “Gürcüstanda seçkinin ilk dava xəbəri Marneulidən gəldi. Marneulinin Qızılhacılı kəndində hakim partiyanın namizədi Tamaz Naverianın adamları məntəqəyə hucum ediblər. Bu dəqiqələrdə ciddi dava gedir. Polislər belə xəsarət alıb. Qeyd edim ki, hakim partiyanın namizədi millətcə svandır. Svanlar Marneulidə 2 % olmasına baxmayaraq hər zaman seçkilər saxtalaşdırılıb və svan yerli icra nümayəndəsi və deputat “seçilib”. Görünür indiki hakimiyyət ənənəni pozmaq niyətində deyil.”
Bildirilir ki, hakim partiyanın namizədi Tamaz Naveria Marneuli bazarının sahibidir.
Onun rəqibi, seçkilərin favoriti Əhməd İmamquliyevdir. O, Milli Hərəkat Partiyasının Marneuli təşkilatınin sədridir.
Ə.İmamquliyev Meydan TV-yə bildirib ki, hakim partiya Marneulidə güc tətbiq edərək seçkiləri saxtalaşdırmağa cəhd edir.