Gürcüstanda parlament seçkiləri ilə əlaqədar keçirilən “exit-pol”ların nəticələri açıqlanıb.
Nəticələrə əsasən, yalnız hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası və müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası parlamentdə mandat əldə edə biliblər.
Beynəlxalq GFK şirkətinin yekun hesabatına görə “Gürcü arzusu” səslərin 39,9 faizini, “Vahid milli hərəkat” partiyası isə 32,74 faizini toplayıblar.
“Vətənpərvərlər alyansı” 5,76 faiz, “Leyboristlər partiyası” 4,21 faiz, İrakli Alasaniyanın “Azad demokratlar” partiyası isə 3,21 faiz səs toplayıb.
Qeyd edək ki, “Exit-pol” 220 məntəqədə 10 min seçici arasında keçirilib.
***
Şənbə günü seçki məntəqələrinə gələnlər 4 il fəaliyyət göstərəcək parlament üzvlərinə səs veriblər.
Qanunverici orqana seçkilərdə 25 seçki subyekti, 19 partiya və 6 seçki bloku iştirak edib. 150 yerlik parlamentə 77 nəfər proporsional, 73 nəfər isə majoritar sistem əsasında seçilir.
Ekspertlərə əsasən seçkilərin nəticələrini proqnoz etmək çətindir. Beləki, elektoratın əhəmiyyətli hissəsinin siyasi rəğbəti son anadak qeyri-müəyyən qalıb.
Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionundan olan azərbaycanlı namizədlər də seçki marafonuna qoşulub. Müxalifətdə olan Milli Hərəkat Partiyasının Marneulidən olan namizədi Azər Süleymanov deyir ki, seçkilər tam şəffaf keçirilsə, təmsil etdiyi siyasi təşkilat yenidən iqtidar ola bilər.
“Gürcü arzusu koalisiyası 2012-ci ildə hakimiyyətə gəldikdən sonra hansısa uğuru ilə yadda qalmadı. Biz 2003-cü ildə iqtidara gəldikdən sonra dövlət qurduq, əksər problemi həll etdik. 4 ildə Gürcüstanda çox şey dəyişildi, amma yaxşıya doğru yox.”
Süleymanov əlavə edir ki, son 4 ildə Gürcüstan 90-cı illərə qayıtdı. “Bizə qədər Gürcüstan dünyada kriminala görə ilk sırada idi. 2012-ci ilədək ölkədək bir nəfər narko diler, qanuni oğru qalmamışdı. İndiki hakimiyyət bunların hamısını geri qaytardı.”
Gürcü arzusu Partiyasından olan namizəd Ruslan Hacıyev Marneuli Rayonu Təhsil İdarəsinin müdiridir. Onun sözlərinə görə, 2 il ərzində gördüyü işləri hazırda millət vəkili olan opponenti 20 il ərzində görməyib.
“Marneulidə 20-dən artıq məktəbi təmir etdirmişəm. Mənim indiki opponentim gözü görə-görə məktəblər qəza vəziyyətindədir, hansısa işi görmədir.”
Hacıyev Süleymanovun “Gürcüstanda islahatların 2012-ci ildə başa çatması” fikiri ilə qətiyyən razılaşmadığını dedi: “Biri var reallıq, bir də var qara PR. Biz burada PR-la məşğul olmuruq.
Ruslan Haciyevə görə hazırda ən ciddi problem xalqın millət vəkilinə inamının olmamasıdır. Millətin seçdiyi vəkil seçkidən sonra itməməlidir, şəhərdə kazino açmamalıdır. Marneulinin mərkəzində yerləşən kazinoların hamısı mənim opponentimindir.”
“Kazino iddiaları” ilə bağlı Azər Süleymanovla əlaqə saxladıq, o bunun şayiə olduğunu bildirdi. “Mənim kazinolarım varsa, bu hakimiyyət bugünədək nə üçün mənə qarşı hansısa tədbir görməyib?”.
“Partiyamız bu seçkinin qalibidir. Bütün sosial sorğular da bizim qalib olduğumuzu göstərir. Hazırki hakimiyyət 2012-ci ildə verdiyi vədlərin heç birini yerinə yetirmədi,” Vahid Milli Hərəkat Partiyasının Bolnisidən irəli sürülmüş namizədi Samirə İsmayılova deyir.
Onun sözlərinə görə, Bolnisi əhalisinin 72 faizi azərbaycanlılardır və seçkidə bu millətdən olan vətəndaşlarla bağlı stereotipin qırılmasının şahidi oluruq.
“Hər zaman deyirdilər ki, azərbaycanlılar bütün seçkilərdə yalnız hakimiyyətin namizədinə səs verir. Amma bu dəfə vəziyyət tamamilə fərqlidir.”
İsmayılova əlavə edir ki, məntəqədə fəaliyyət göstərən əməkdaşlarına qarşı müxtəlf formada təzyiqlər olunub. Belə ki, seçki qanunvericiliyi ilə nəzərdə tutulduğu halda, seçki məntəqəsində kamera ilə çəkiliş aparmalarına maneə yaradıldığını bildirir.
“Bütün şikayətləri yerli MSK-ya göndərmişik, onlar da qeydə alıblar.”
Marneulidə 98 min seçki hüququ olan vətəndaş var. Bolnisidə seçki hüququ olan 51 381 nəfər sakin var.
Pozuntular
MSK-nin spikeri Anna Mikeladze bir neçə seçki məntəqəsində səsvermə prosesinin bir qədər gecikmə ilə başlandığını deyib. Onun sözlərinə görə məntəqəyə gələn jurnalist və müşahidəçilərin sayının gözlənildiyindən artıq olmasına görə qeydiyyat prosesi ləngiyib.
Seçkilərin sonuna doğru Marneulinin Qızılhacılı kənd orta məktəbinin 48 saylı seçki məntəqəsinə polis və xüsusi təyinatlı dəstə yeridilib, hadisə yerindən jurnalist Seymur Kazımov bildirir.
Hadisə şahidləri iddia edir ki, bu dairədə seçkiləri hakim partiyanın xeyrinə saxtalaşdırmaq cəhdi qarşı tərəfin etirazlarına səbəb olub. Hadisə ardınca hər iki partiyanın tərəfdarları seçki məntəqəsinin qarşısında toplaşıb.
Bu hadisədən əvvəl, MSK dairə komissiyalarına 46 şikayətin verildiyini bildirib. Səhər saatlarında Marneuli MSK-nın katiblyi bəzi şikayət ərizələrinin daxil olduğunu bildirib. Lakin onların məzmunu barədə dəqiq məlumat yoxdur.
“Hazırda şikayətləri qəbul edirik, onları oxuyub və tanış olduqdan sonra açıqlama veriləcək,” katiblikdən bildirdilər.
Səsverməni izləyən Azad Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət (ISFED) qrupunun minədək müşahadiçəsi seçkilərin ümumən sakit şəraitdə keçdiyini bidlirir.
***
Oktyabrın 8-də Gürcüstanda parlament seçkisi keçirilir.150 yer uğrunda 25-dən çox siyasi partiya və blok mübarizə aparır.
Seçkiyə namizəd kimi 30-a yaxın azərbaycanlı qatılıb. İlk dəfədir ki, azərbaycanlı namizədlər daha çox müxalifət sıralarından namizədliklərini irəli sürürlər. Hakim partiyanın cəmi 3 azərbaycanlı namizədi var.
Gürcüstanda 3.5 milyon seçici var.
Ekspertlər əsas mübarizənin hakim“Gürcü arzusu” ilə keçmiş prezident Mixail Saakashvilinin Vahid Milli Hərəkatı arasında getdiyini deyir.
Gürcüstanda son Konstitusiya dəyişikliyindən sonra parlamentin səlahiyyətləri gücləndirilib. Artıq hökuməti Gürcüstan parlamenti təşkil edir.
Sonuncu parlament seçkiləri 2012-ci ildə keçirilmiş və müxalifətdə olan “Gürcü koalisiyası” Saakashvilinin partiyasına qalib gəlmişdi.