Bankın adı çırkli pulların yuyulmasında hallanırdı
“Zamin Bank” ASC məhkəmə qərarı əsasında müflis elan edilib. Bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu “Başak İnam Sığorta” ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin “Zaminbank”dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub.
“Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir”, – deyə A.Cavadov qeyd edib.
Qeyd edək ki, ötən il yayılan məlumatlarda “Zamin Bank” ASC-nin adı çirkli pulların yayılmasında hallanırdı.
Məlumatlarda iddia olunurdu ki, “Zamin Bank” ASC-nin Ağstafada yerləşən 10 saylı bank şöbəsinin müdiri Həsən Qurbanov tutduğu vəzifədən sui-istifadə edərək və digər iki qardaşı ilə əlbir olaraq “Zamin Bank”ın vəsaitləri hesabına özlərinə şəxsi biznes yaradıblar. Digər tərəfdən isə bu biznesin diqqəti cəlb edən cəhəti təkcə bank vəsaitlərinin qeyri-qanuni cəlb olunmasından ibarət deyil. Məsələ bundadır ki, Qurbanov qardaşlarının birgə qurduqları bu iş qeyri-leqal beynəlxalq pul köçürmələrinin reallaşdırılmasına əsaslanıb. Məlumatda deyilirdi ki, Həsən Qurbanovun rəhbərlik etdiyi bank şöbəsinin funksiyalarına o cümlədən fiziki şəxlərə hesab açmadan “Caspian Money Transfer”, “Western Union”, “Contact” və “Inter Express” sürətli pul köçürmə sistemləri üzrə köçürmələr həyata keçirilməsi də daxildir. Lakin məlum olduğu kimi bu sistemlər üzrə köçürmələr ciddi məbləğ məhdudiyyətlərinə malikdir. Təbii ki, bu məhdudiyyətlər ölkənin maliyyə sisteminin təhlükəsizliyinin təminatı üçün nəzərdə tutulub və dünyanın bütün dövlətlərində bu və ya digər formada tətbiq olunur. Digər tərəfdən isə elə həmin bu məhdudiyyətlər də bir çox korrupsioner bank əməkdaşlarına “qara köçürmə” sistemini yaratmaq imkanı verib. Ümumilikdə bu sistemin işləmə mexanizmi barədə yəqin ki, çoxlarının təsəvvürü var. Məlum olduğu kimi bu gün Azərbaycana daha çox müxtəlif məhsulların gətirildiyi əsas ölkələrdən biri də Çindir. Məsələn,hər hansı iş adamı artıq qurduğu əlaqələr zəminində Çindən dəyəri 100 min ABŞ dolları olan malın göndərilməsini sifariş edir. Bu zaman ortaya çıxan əsas problem ödənişin həyata keçirilməsi ilə bağlı olur. Təbii ki, bunun qanuni yolu ödənişlərin bank hesabları vasitəsilə həyata keçirilməsidir. Lakin bu prosedur çox zaman nə alan, nə də satan tərəfi qane etmir. Bank hesablaşmaları zamanı tələb olunan vergi ödəmələri, bank xidmət haqqı və digər ödənişlər birbaşa malın maya dəyərinə təsir edir. Bax elə bu zaman da səhnəyə Həsən Qurbanov kimi, iş adamlarına “ürək yandıran” bank işçiləri çıxır. Həm də “qara köçürmə” sisteminin xidmətlərindən yararlanmaq üçün uzağa da gemək lazı deyil.
Pul köçürmək istəyən şəxs bu sistemin pul köçürmə məntəqəsinə gələrək müəyyən məbləğdə nəğd pulunu təqdim edir. Sonra Çində pulu alacaq şəxsə telefonla zəng olunaraq ona pulu haradan və kimdən götürəcəyi barədə təlimat verilir. Eyni zamanda həm Bakıda, həm də Çində pulu alan və verən şəxslər bir-biriləri ilə əlaqədə olurlar və pulun alındığını təsdiqləyirlər. Beləcə iş adamı üçün “köçürmə” başa çatır. Təbii ki, bu zaman pulu göndərən şəxs müəyyən məbləğdə xidmət haqqı da ödəməli olur. Lakin bu məbləğ həmin əməliyyatın bank vasitəsilə həyata keçirilməsində çəkilən xərcdən xeyli aşağı olur. Qalanı isə necə deyərlər, işin texniki tərəfidir. Yəni Bakıda alınmış pulun həqiqətən də Çinə köçürülməsi böyük ehtimalla yenə də bank hesabları vasitəsilə həyata keçirilir. Lakin bu artıq “Zamin Bank”ın özünün mövcud sxemləri üzrə baş verib.