Qara cadugərlər…

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Bu gün səhər telefonuma ətriyyat dükanlarının birindən mesaj gəldi. Müəllimlər gününə özəl endirim kompaniyasının bildirişi idi və ismarıc bu sözlərlə bitirdi.

“Müəllimlərimiz ən gözəlinə layiqdir!”

Mesajın sonundakı cümlədən ikrah hiss etdim və hətta rişxəndlə “doğrudanmı?” sualını verməkdən özümü saxlaya bilmədim.

Doğrudanmı, ölkədə keçirilən hər seçkidə 9 milyonun haqqını oğurlayanların saxta bülleten daşıyanları hər şeyin ən gözəlinə layiqdirlər?!

Məktəblərdəki rüşvət sisteminin ən sadiq və başıaşağı halqaları, dedikləri sözdən birinici və elə şagirdin yanındaca qaçanlar, yalanı lənətləyib yalan danışanlar, əxlaqdan danışıb  seçki əxlaqsızlığı edənlər, dürüstlükdən dəm vurub həqiqəti 150 manat maaşa qurban edənlər ən gözəlinəmi  layıqdirlər?

Ölkədə hər gün mediyada baş xəbərə çevrilmiş şagird intiharlarının tüğyan etdiyi bir vaxtda müəllimin hər şeyin ən gözəlinə layiq  olduğunu deyənlər görəsən endirim kompaniyasında müəllimin qiymətini qaldırmağımı düşünmüşlər, yoxsa bu bir zarafatmı?

Bir necə gün əvvəl Yasamal rayon 53 saylı məktəbdə Taleh adlı yeniyetmə intihar etdi. Bəlli oldu ki, kimsəsiz olan Taleh kasıbmış və buna görə də utanırmış.

Bunu məktəbin məsul şəxslərindən biri söyləyib və bu intihardan bir necə gün əvvəl, yəni sentyabr ayının 26-da yəqin ki, 53 saylı məktəbdə də seçki məntəqəsi olub, yenə yubka altından çıxarılan bülletenlər işə düşüb, şagirdə dürüstlükdən dəm vuranlar, yumşaq ifadə etsək, saxtakarlıqla və səs oğurlamaq əxlaqsızlığı ilə Taleh kimi minlərlə şagirdin, ölkə vətəndaşının gələcəyini monarxiya qaranlığına sürükləmək üçün hər çür oyundan çıxıblar.

İntihar edən, məktəbə geyinməyə paltar, götürməyə çanta ala bilməyənlərin ölümünün məsuliyyəti  həm də sizin üzərinizdədir. Onların boynuna asılmış ip həm də sizin vicdanınızın ipə çəkilməsidir.

O məsumların ürəyinə yüklənmiş acı və çarəsizliyin memarı bu iqtidardırsa, onun tikilməsində də ustalıq edənlər sizsiniz.

Necə olur? Bir şagird saçını bir az uzun saxlayanda müəllimlər hamısı tərbiyəçi kəsilir? Necə olur, bir qız şagirdinin yubkası az qısa olanda o məktəbin müəllimləri az qala əxlaq polisi olur? Məktəbdə güya psixiatr işləyənlər bir qız ayağını bir-birinin üstünə aşırıb oturanda “tərbiyəsiz” deyib elə qışqırır ki, səsi məktəbin ən üst qatında eşidilir.

Məktəbədəki dərsə deyil, məsələn, idmana marağı olan bir şagirdi yararsız elan edib məktəbdən atdırırlar… Ya da valideyni ilə problemi olanda şagirdə cəza kəsənlər,  Talehin taleyinə niyə biganə qaldılar?!

Nə oldu onların tərbiyəçiliyi,  polisliyi, psixiatrlığı, həyat təcrübəsi?

Niyə o məktəbdə bir nəfər də olsun Talehi o əynindəki köhnə paltarlardan azad etməyi düşünmədi?!

Bəlkə başları  26 sentyabr referendumunu necə saxtalaşdırmağın yollarını düşünməyə qarışmışdı?

Yəqin… Axi bu daha vacibdir. İcra Hakimiyyətinin başçısından bir “molades” alacaqsınız deyə çıxmadığınız oyun qalmadı, amma Talehin o çırıq paltarlarının yırtıqlarının arasından görünən saxtakar simanız sizi əməllərinizdən çəkindirmədi.

Talehin və yüzlərlə məktəblinin arzu və gələcəyini  hər seçkidə bu ölkədə iqtidarda qalmaq üçün sizi səs oğrularına çevirənlərə peşkəş edirsiniz.

Hər seçkidə Taleh və onun kimi minlərlə şagirdin taleyinə qara bağlayırsınız.

Siz və sizin kölə olduğunuz bu hakimyyət o məsumların qəlbində  intihar əməlini hazırlayan qara cadugərlərsiniz.

Sabah müəllimlərin peşə bayramıdır. Yəqin ki, bir necə müəllimi də ölkə prezidenti ilin müəllimi elan edib döşünə də medal taxacaq. Niyə, daha çox şagird intihar etsin deyəmi? Bu il məktəblilər arasında intihar faktı hər ildəkindən yüksək olub. Demək, bu il ilin müəllimi adını qazananlar  ilin ən çox şagird qətl edən müəllimi olacaq?!

Onsuz da bu ölkədə şagirdlərin mənəviyyat və şəxsiyyəti, azad düşünmə qabiliyyəti illərdi qətl edilirdi.

İndi fiziki qətlin yaradıcıları və iştirakçılarısınız.

Nə vaxtsa, belə bir  məlumat oxumuşdum. Yaponiyada bir şagirdi intihar edirsə, onun müəllimi bu işdən sorumlu tutulur və onun pedoqoji fəaliyyətinə son verilir.

Burda kimsənin tükü belə tərpənmir.

Təhsli naziri Mikayıl Cabbarov dərs ilini 15 gün uzadır. Bu da olur təhsildə islahat… İngilis dilli nazir bu ölkənin binəva şagirdinin dərdinin dilini anlamır. Çünki onun övladının belə dərdi yoxdur.

Ölkə başçısı İlham Əliyev yumurtanın qiyməti qalxanda reaksiya verib “yumurta müşavirəsi”keçirir, amma ölkə insanının qiymətinin bu qədər ucuzlaşmasına əhəmiyyət vermir.

“Hərşeyşünas”  Səyavuş Novruzov görəsən niyə susur, yoxsa psixologiyaya girmək istəmir?

Yoxsa bu intiharları da Əli Kərimli uydurub xəbər edib yaydırır…

Hanı özünü prezidentdən əskik, prezidentisə hamıdan artıq bilən Fəzail Ağamalı?

Beynəlxalq təşkilat bir hesabat yayanda mikrafon qəhrəmanına çevrilən Əli Həsənov indi niyə susur görəsən…

Yoxsa bu intihar edən şagirdlər ermənipərəstdi, ölümü haqq edirdilər?

P.S

Yazını oxuyanların bir çoxu, niyə belə sərt, axı yaxşı, təmzi müəllimlər də var deyəcək.

Yəqin ki… Yaxşı insan, dost, müəllim ola bilər. Amma məni bütün bunlar maraqlandırmır. Mənə mövqeyini nümayiş etdirən vətəndaş  maraqlıdır. O “təmizlərin” saxtakarlığa etirazını kim gördü?

Demək, onlar passiv təmizlərdir.

…Və nə yazıq ki, təmizin də passivi bir işə yaramır.