Qanun və iki Eskobarın acı hekayəsi

saadet-cahangir-koseSəadət Cahangir

Dünənə kimi hakimiyyət piramidasında önəmli yer tutan adamların indi ağır ittihamlarla həbsxana köşələrində oturması ölkənin acı reallıqlarını bir daha ortaya tökür. Əlbət ki, qanun girməyən bir sistemə özbaşınalıq, oğurluq, saxtakarlıq və cinayət girəcək. Sonra da bu cinayətlər cəmiyyəti cənginə alıb kriminallaşdıracaq istər-istəməz. Bir vaxtlar Kolumbiya tarixi haqqında oxuyanda hardan ağlıma gələrdi ki, bənzər şeylər gəlib bizdə də baş verəcək? Bu ölkəni mafiyalaşmış adamların törətdiyi dəhşətli hadisələri unuda bilmədiyim üçün xatırlatdım.  Futbol azarkeşləri 1994-cü ilin dünya çempionatında Kolumbiya millisi ilə bağlı baş verən şanssız  hadisəni  yaxşı xatırlayar yəqin. Həlledici oyunda komandanın kapitanı Andres Eskobar qapılarına yönələn topu dəf edərkən top qapıdan içəri keçmişdi. Bu qol Kolumbiyanın çempionatdakı uğursuzluğunun əsasını qoymuş, sonrakı oyunlarda vurulan qolların da bir faydası olmamışdı. Həmin dövrdə çempionluq imkanının əldən çıxması hamıdan artıq ölkədəki mafioz qrupları hiddətləndirmişdi. O qrupları ki, öncədən nəticələrlə bağlı mərc oyununa girmiş və buna milyonlar xərcləmişdilər. Hələ oyunlar başlamazdan əvvəl  onlar öz “favorit” oyunçularını meydanda görmək üçün milli yığmanın məşqçisinə hədə-qorxu gəlib, təzyiq göstərirdilər. Amma uğursuz nəticə ilə ölkəyə qayıdan yığmanın kapitanı  Andres Eskobar bu şanssız səhvə görə gülləyə tuş gələcəyini düşünməzdi yəqin. Həyatında 50 dəfə milli forma geymiş 27 yaşlı futbolçu həmin qola görə 12 güllə atəşi ilə qətlə yetirildi. Onu güllələyən mafiya cangüdəni  Kastro isə 11 illik həbsxana həyatından sonra azadlığa çıxdı…

Kolumbiyada Andresdən başqa dünyaca məşhur bir Eskobar da olub. Qorxunc mafiya babası Pablo Eskobar. Narkotik ticarətin kilid adlarından biri və  80-ci illərdə ABŞ  narkotika ticarətinin 80-nə nəzarət edən adam. Bu iki  Eskobar haqqında çəkilmiş “İki Eskobar” adlı sənədli film də var. Taleyin işinə bax ki, hər ikisi ölkəsində çox sevilmiş və populyarlaşmış, sonra dünya ulduzuna çevrilmişdilər. Amma hər ikisinin həyatı da eyni acı sonluqla nöqtələnmişdi. Yoxsul kənd müəlliminin oğlu olaraq böyüyən Pablo 44 illik həyatında dünyanın ən zəngin adamları siyahısında üst yerlərə çıxmışdı. Mafiya bağları ilə “dövlətdən güclü adam” olaraq tanınan Pablo sonralar çox ağır cinayətlərə imza atmışdı. Onun izində olan polis və hakimləri hökumətin öz əliylə öldürtdüyü faktları var. Həbs olunduğu zaman “məni buraxsanız, dövlətin xarici  borcunu qapada bilərəm” demişdi.  Polisdən qaçıb gizləndiyi bir yerdə qızını soyuqdan qorumaq üçün 2-3 milyon dollar pulu yandırdığı deyilirdi. Həbsindən sonra özü çün həbsxana tikdirmişdi. Sonra həbsxanada kənardan yardımçısı olan siyasətçi Cesar Gavirianı aradan götürmək üçün onun uçacağı təyyarəyə bomba qoydurmuşdu. Gavria təyyarədə olmadığı halda bomba partlayaraq 110 insanın həyatına son qoymuşdu. İnterpol onu  hər yerdə axtararkən, o, Ağ evin qarşısında xatirə şəkli çəkdirib yaymışdı. Sonda Kolumbiya hökuməti və ABŞ-ın birgə əməliyyat planı ilə izlənib öldürülmüşdü.

Bəli, bir vaxtlar uzaq bir ölkədə baş verən bu qorxunc “macəraları” oxuyanda ağlıma gəlməzdi ki, bənzər şeylər yaşadığımız günlərin hadisəsinə çevriləcək. Ağlıma gəlməzdi ki, ölkənin təhlükəsizlik məsələlərinə məsul sayılan Çovdarov kimilərin başının altından Eskobarın dosyesindəkinə bənzər çeşidli cinayətlər çıxacaq. Dünənə kimi hakimiyyətin ən vacib maliyyəçi şəxslərindən biri sayılan Cahangir Hacıyevə  böyük yeyintilərə görə 17 il həbs cəzası istənəcək. Şübhəsiz ki, qanun girməyən bir sistemə özbaşınalıq və cinayət girər. Həm də qanunun hökmü qeyd-şərtsiz hər kəs tərəfindən qəbul edilməyincə, o sistem düzəlməz. İki Eskobar nümunəsini təsadüfən xatırlatmadım. Gənc futbolçunun qətlindən sonra hər kəs danışırdı ki, Pablo Eskobar sağ qalsaydı, Andresi öldürə bilməzdilər. O, Eskobardan sonra ölkədə əl-qol açılmış başıpozuq mafiya intriqalarının qurbanı olub. Bax belə. Qanun sıradan çıxandan sonra, ortaya mafiya intriqaları girir və onların qurbanı da günahsız insanlar olur…