Azərbaycanlının çevik, dəyişən peşə, biznes ritminə uyğunlaşmaq çətin məsələdir. Dünən ərzaq almaq üçün girdiyin obyekt, bu gün gözəllik salonuna çevrilir, srağagün saçlarını kəsdirdiyin bərbərxanada, bu gün təzə mal əti vəd edilir, girişindən başına bıçaq çəkilərkən gözlərindəki donuq ifadə əbədiləşmiş dana başı məğlub ordunun simvolu kimi yellənir.
Çevik peşə ritminə uyğunlaşmaq, hərəkətlərini küçə musiqinin tez-tez dəyişən ahənginə uyğunlaşdırmaq kimi bir şeydir. Bu fenomen ya xüsusi iqtisadi münasibətin – çoxukladlılığın əcaib təzahürü, ya da peşə məsləyinin metamarfozudur.
***
Vəkillik, universial həyat metaforasıdı, məncə, hakimliklə bərabər Allahın işinə qarışan iki peşədən biri. Müqəddəs kitablarda “Allahın vəkilliyi yetər” yazılır. Hərçənd, bu tezisin özü belə bizdə vəkillik xidmətindən imtina üçün ciddi arqumentlərdən biri kimi çıxış edir. Adamların gözlərindəki ümid işartıları, həyatını bütünlüklə sənə etibar eləməsi…Allahın işinə qarışmaq özgə necə olur ki?! Bu başqa şey ki, ölkəmizdəki vəkillik, nəinki, Allahın işinə qarışır, əksinə, ümumiyyətlə, o bir institut kimi mövcud deyil və ən yaxşı halda imitasiyadan başqa nəyisə xatırlatmır.
***
Ənənələr və məktəblər olmayanda, primitiv özfəaliyyət və hərkə-hərkəlik meydan sulayır. İndi kimsə deyə bilər ki, hansı sahədə məktəbimiz olub ki, vəkillikdə də olsun? Doğru. İkinci müstəqillik dövründə bu istiqamətdə bəlkə də hansısa cəhdlər olub, amma Sovet dövrünə, lap bir az da geri boylananda heç nə yoxdur, necə deyərlər, əlini götür üzünə çək.
Yəqin elə bu səbəbdəndir ki, “Azərbaycanın vəkillik tarixi” deyə bir anlayış yoxdur.
***
Vəkillik, musiqiyə bənzətsək, ağır rokdu. Müstəntiqin gördüyü işin əksini görmək, vəzndə və çəkidə ittiham dəlillərinə bərabər müdafiə dəlilləri toplamaq (istintaqda), cinayət işlərinin saysız-hesabsız cildlərini diqqətlə, nöqtə-vergülünə qədər oxumaq, ağır dindirmələrə hazırlaşmaq, çeşidli müdafiə taktikaları qurmaq və nəhayət, parlaq və təsiredici müdafiə nitqi söyləmək (məhkəmədə). Biz hamımız bu ağır roku, ən yaxşı halda Xumar Qədimovanın melanxoliyalarına çevirməyi bacardıq. Ədalət incəsənəti Xumar xanımın ifasında! Necədir?!
***
Mən, hakimiyyətin vəkillik institutunu bir sinif kimi ləğv eləməsinin anatomiyasını başa düşür və anlayıram. Ancaq bu sonsuz və inadkar istəyin qarşısında nə edildi? Özümüzdən asılı olan heç nəmi yoxdur? Passionarlıq və fərdi təşəbbüslər doğrudanmı nəyəsə təsir etmək və dəyişmək gücündə, iqtidarında deyil(di)?
***
Hərbi məhkəmələrin birində prosesə çıxmışdım. Yaşlı vəkil, digər həmkarımızın verdiyi vəsatətə münasibət bildirəndə, heç bir səbəb olmadan Cinayət Prosessual Məcəllənin “Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz” normasını təkrarlayırdı. Məhkəmə zalında vəkillərə az qala təqsirləndirilən şəxslərlə eyni gözdə baxılması həmkarımı əlahiddə bir ovqata salmışdı. Peşə zövq verməyəndə və yaxud fərəh yaratmayanda, onun surroqatı yaranır.
***
Mən, Adəmin əhvalatının yalan olmasını dəfələrlə oxumuşam. “Allah hər şeyi biləndir” tezisi ilə ilk insanoğluna nəyisə qadağan edib, onun (görünən) nəticəsini belə qəzəbli cəzalandırmaq tezisi arasında nəysə uyuşmazlıq var. Məsələni bir az mənalandırsaq, bu, Adəmin ekstsessi (ümumi niyyətdən kənara çıxan əməlin törədilməsi) idi…
Əməl var, göydən yerə endirir, əməl də var, yerdən göyə qaldırır…Nə olsun ki, ümumi niyyətdən kənara çıxır.