“Baku Steel Company”də qəza – 4 nəfər ağır xəsarət alıb

baku steel kompani

Oktyabrın 3-də Baku Steel Company metallurgiya müəssisəsində qəza baş verib. Nəticədə dörd nəfərin güclü yanıq xəsarəti aldığı bildirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə “Turan”a Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib. Qəzanın səbəbi açıqlanmır.

Zavod nümayəndələri hadisənin təfərrüatlarını şərh etməyib.

Bu il iyulun 1-də də «Baku Steel Company» zavodunda istehsalat qəzası nəticəsində partlayış baş vermişdi.

Partlayış nəticəsində beş nəfər xəsarət almışdı. Həmin şəxslərin zavodun işçiləri olduğu deyilirdi.

Onların 65 yaşlı Ələsgər Ələsgərov, 46 yaşlı Elsevər İbadullayev, 45 yaşlı Məmməd Kərimov, 57 yaşlı Nüsrəddin Səfərov və 34 yaşlı Natiq Salmanov olduğu bildirilirdi.

«Baku Steel Company» MMC 2001-ci ildən fəaliyyətə başlayıb.

Ölkə mətbuatında «Baku Steel Company» böyük monopolist kimi təqdim edilir. Hətta mətbuatda yazılanlara görə, bu zavoda məxsus idmançı gənclər Bakıdakı kiçik metal zavodlarının işini fiziki zorakılıqla dayandırıblar. Ancaq müəssisə rəhbərliyi belə iddiaları təkzib edib.