Həbsxanadakı məhbus xalq

saadet-cahangir-koseSəadət Cahangir

25 ildir əlimizdə möhürlü, imzalı müstəqillik aktı var, amma hələ bir doğru-dürüst azad nəfəs alıb “oxayy” dediyimiz olmayıb. Demək olar ki, sovetin “xalqlar  həbsxanası” statusundan yeganə fərqimiz  sondakı cəm şəkilçisidir.  Orda 15 ölkənin insanı  həbsxana əzabı çəkirdi, burda bir ölkənin insanı eyni ağrıları yaşayır. Ölkənin idarəetmə üslubunda da çox şey dəyişməyib, əslində. Başda oturanların böyük qismi elə köhnə üsul-idarədən qalanlardır. Üstündən nə payızlar ötüb, amma o düşüncə hələ də 70-lərin cücəsini sayır. Adamların beyni 25 ildir rus saatı ilə işləyir, yenilik, inkişaf, müasirlik adına heç nəyi görən gözləri yox. Bu ölkədə azadlıq adına qazanılan tək şey də deyəsən onların özbaşınalıq azadlığıdır. Əvvəllər Kremldən çağırıb hesab-filan çəkirdilər, indi sərbəstlikdir. Pambıqla baş kəsmək tam azaddır, arayıb-araşdırmağa, sorğu-sual etməyə nə qanun var, nə qanun sahibi. Xülasə, xalqı həbsxana qaydalarına alışdıra-alışdıra daha pisinə doğru gedirlər. Çox ağ gündəymişik kimi, sabah da konstitusiyanı dəyişib, ora uzunmüddətli hakimiyyət tezisləri salmaq üçün referendum keçirəcəklər. Betərin betəri qarşıdadır hələ anlaşılan…

Bu müqayisə ilə həbsxanalara da haqsızlıq etmiş oluruq, bəlkə də. Dəfələrlə yazmışam, sivil ölkələrdə həbsxanalar işgəncə mexanizmi olmaq statusunu çoxdan itirib.  Nümunə üçün Norveçin kiçik bir adası olan Bastoeydə fəaliyyət göstərən həbsxananı göstərək. Dünyada ilk ekoloji həbsxana kimi tarixə düşən Bastoeyin enerjisi günəş panelləri ilə alınmaqda, qidaları da məhkumlar yetişdirməkdədir. Bu həbsxana həm də dünyanın ən təhlükəsiz həbsxanası sayılır. Yaxud Boliviyanın yoxsul məhəllələrindən birində mövcud olan San Pedro həbsxanası. 1500 məhbusun saxlandığı bu yer yüksək divarları, təhlükəsizlik qapıları ilə normal bir həbsxana kimi görünsə də, içəridə top oynanılan uşaq meydançası, bazar dəzgahları, bərbərlər, hətta bir hotel belə var. Həbsxanada heç bir təhlükəsizlik işçisi və dəmir barmaqlıqlı hücrələr yox. Amma bu nisbi azadlığın əvəzində məhkumlar öz hücrələrini, yəni qalacaqları yeri satın almaq məcburiyyətindədirlər. Ona görə də, çalışıb öz həyat şərtlərini təmin etməyə borcludurlar. Bu gözəl, zəngin ölkənin insanına, heç olmasa, o həbsxana sakinləri qədər dəyər versəydilər. İllərlə işsiz-gücsüz dolaşmaqdan  intihar həddinə çatan ölkə vətəndaşının qazancı yaşadığı mənzilin kirayə haqqını ödəyəcək bir işi olsaydı keşkə. Yəni bu qədərini də  haqq etmirmi bu ölkənin insanları? Hələ azacıq səsini çıxaran kimi sorğuya çəkilən, hədə-qorxu gəlinən, sutkalıq həbslərə göndərilən insanların işi də bir başqadır. Nə olacaq bu məmləkətin halı? Çevrəmizdəki insanlardan ən çox eşitdiyimiz cümlədir bu. Bunu hər kəs özünə sual versə bir də…

“Məmləkətin halı necə olacaq” sualının açması “bizim halımız necə olacaq” mənasına gəlir, şübhəsiz. Ay anam, ay bacım,  ay qardaşım, siz öz halınızı başlı-başına buraxmısınızsa, başqalarından nə umursunuz?. Öz həyatınızı, taleyinizi, məişətinizi dəyişmək istəmirsinizsə, özgələrini qınamaq niyə?  Bunu on illərdir anlayıb bilməliydiniz. İndi də bilməniz gərəkən tək həqiqət  var-həyatınızı yaxşılığa doğru dəyişə biləcək yeganə güc özünüzsünüz. Kənardan kimsə gəlib sizə yeni cənnət yaratmayacaq. Dikəlin, qəddinizi düzəldin, haqqınızı  inadla istəyin ki, həyatınız dəyişsin.  Bu sizin hüququnuzdur. Siz ondan imtina etdikcə, o sizdən daha çox uzaqlaşır, biləsiniz…