Əli Həsənov, Baş Prokurorluq da ermənipərəstdir?

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Əli Həsənov, Baş prokurorluq da ermənipərəstdir?

Əvvəllər hakimiyyət nümayəndələrindən biri xarici nümayəndəliklərlə görüşdə və ya dünyanın hansısa mötəbər toplantısında yalan danışanda, məsələn, qalxıb “Azərbaycanda analoqsuz inkişaf var və dünya  bu modeli öyrənməlidir, bizdən soz azadlığı var, siyasi məhbus da yoxdur”  söyləyəndə xəcalət çəkirdim. Bu tipli məlumatları oxuyanda danışılan yalanı mən danışırmış kimi həyacanlanıb onların yerinə də əzab çəkirdim.

Amma sonra bu hiss keçdi. Alışdığımdan deyil, sadəcə, anladım ki, yerinə utandığım adamlar nə qədər çox yalan danışıb çox rüsvay olacaqlarsa,  bizim həqiqətimiz bir o qədər mötəbər olacaq.

Əslində, Azərbaycan iqtidarında təmsil olunanların ən yüksək kürsülərdən çəkinmədən yalan danışması daha çox gerçəklərin ortaya çıxmasına çox böyük şans yaradır.

Yaxşı deyiblər ki, bütün pisliklər və özünü bilməzliklər yalandan başlar.

Ölkədə də illərdir ən yüksək kürsüyə çıxarılan yalan artıq o həddə çatıb ki, dünənə qədər xarici təşkilatıları, qurumları yalanlayırdılarsa, indi yalanlamanın daxili faktorları  üzə çıxıb.  O qədər alışıblar ki, daha ağ, boz və ya qara olduğunu nəzərə almadan, elə qarşılarına gələn hesabata “bu ermənipərəstdi, bu qərbçi, bu irançı, bu turançı” deyib bir kənara atırlar.  Bu vurhavura o qədər aludə olublar ki, məntiq filan da gözləmirlər. Nəticədə, bir dövlət qurumu digərini xarici təşkilatların hazırladığı hesabatla birgə “ermənipərəst” zibilliyinə tullayır.

BMT- nin nümayəndəsi Mişel Forst Azərbaycandakı  siyasi dustaqlar haqqında danışdı, oldu ermənipərəst… Bununla hər şey bəlli… Amma Əli Həsənov o qədər inkarçılığa alidə oldu ki, Baş prokurorluğun  keçən ilin  dekabr ayında Fuad Qəhrəmanlının həbsi ilə bağlı rəsmi açıqlamasını da inkar etməkdən özünü saxlaya bilməyib. Baş prokurorluq rəsmi  açıqlama yayıb ki, Fuad Qəhrəmanlı Fb sosial şəbəkəsində yazdığı yazılara görə həbs olunub.

 

Əli Həsənov  cənab Fortsun hazırladığı hesabatı qərəzli və ermənipərəst adlandırıb və bunu əsaslandırmaq istərkən istifadə etdiyi arqumentlərdən biri də odur ki, sənəddə Fuad Qəhrəmanlının Fb yazılarına görə həbs olunduğu qeyd olunub. Əli Həsənova görəsə bu doğru deyil, ermənipərəst yanaşmadır.

İndi Əli Həsənov bir izah versin. Məgər cənab Forst artıq şey deyib ki? Axı bunu sizin dövlət qurumunuz rəsmi olaraq bəyan edib.  Demək Baş prokurorluq da ermənipərəstdir, ölkənin imicini korlamağa çalışıb?

Yoxsa  Azərbaycana qarşı qərəzli münasibəti filan var, xəbərimiz yoxdur?!

Hər şeyə bir açıqlama verirsiniz, elə bunu da izah edin, yetər. Başqa bir şey istəmədik. Kim sizdən ciddi -ciddi idarəçilk, ya da ciddi-ciddi siyasətlə məşğul olub ölkəni bir yana çıxarmanızı gözləyir ki?… Əstafurullah, biz  bu ölkənin  iqtidarı olmağa iddia edənlərin heç birindən  belə böyük əməllər gözləmirik, heç özünüzü də yormayın. Arxayın olun, biz xəyal qırıqlığı da yaşamırıq. Rahat-rahat bütün “siyasətinizi” yalan üzərində qura bilərsiniz.

Ancaq iş ondadır ki, sizinki artıq bizdən də keçib. Bizi yox saymaq, inkar etmək peşənizi o qədər gəlişdirmisiniz ki, daha bizlə qalmadınız, necə deyərlər bizim camiyə sizə darlıq etdi,  keçmisiniz öz camiyənizə…

Allah xeyir versin…

Forst onsuz da deyəcəyini deyib. “Onlar xain deyil, qəhrəmandırlar.” Əslində, bu,  özünü ölkənin  ağ atlı oğlanı kimi sırımağa çalışanlara yaxşı cavabdır. Çünki  YAP hakimiyyətinin nümayədələri   bu ölkənin 23 illik nağılında div, əcinnə rolunu oynamaqdan o tərəfə keçə bilmədi.

Bu nağılınsa bir Yusif hekayəti var… Qardaşları tərəfindən quyuya salınmış Yusuf hekayəti… O quyudan sağ çıxıb həm də ruhunu təmizləyib yüksək məqama  çata bilən Yusuf… Onu quyuya salan qardaşlarına Allahdan hidayət arzulayacaq qədər yüksələ bilən biri…

Bu zəmanənin Yusufları indi  quyuya deyil, həbsə salınıb. Taleh Bağırzadə, Abbas Hüseyinli kimi yusufları qardaşları deyil, qardaş bildikləri həbsə atıb. “Azərbaycanlı bunu azərbaycanlıya necə edə bilər?”  şübhəsinin məsumluğunda Yusuflaşanlar bu gün sizin bu ölkədə qazdığınız zindan-quyulardadır.  İşgəncə vermisiniz. Amma onlar bu gün yenə sizin anlaya bilməyəcəyiniz dildən danışır. Ruhun və inamın dilindən… Və sizin anlaya bilməyəcəyiniz bu dildə də sizə Allahdan hidayət istəyir.

P.S

O yusuflaşanlar ruhun dilindən danışıb sizə hidəyət istəyəndə mən şahiddim. O dildən də anlamağa çalışdım. Arıq, sısqa, hələ də işgəncənin izləri görünən, dəmir barmaqlıqların arasından azad olub Tanrıya uzanan əllərin sahibi, gənc Bəhrus sizə hidayət istəyəndə ordaydım.

Və düşünmüşdüm də…Əcaba, həqiqətini itirib yalanı özünə həqiqət seçmiş insanın hidayəti mümkünmüdür?