Əsrin ən rüsvayçı sualı

11-sentyabr-2016-milli-shura-mitinqMitinqə niyə getmisən?

Milli Şura 11 və 17 sentyabr tarixlərində razılaşdırılmış mitinq keçirdi. Bəli, qanunvericiliyə uyğun olaraq BŞİH-ə müraciət olundu və mitinqə rəsmən razılıq verildi. Bütün rüsvayçılıqlar bundan sonra başladı. Mitinqə razılıq verilməsəydi, daha abırlı mənzərə yaranardı.
Hökumət özünü o qədər itirib ki, razılaşdırılmış mitinqə gedənlərə “niyə getmişdin” sualı verməkdən də çəkinmir. Mitinqə qədər saysız-hesabsız maneələr yaratmaq azmış kimi, mitinqdən sonra “dəvətnamə” də göndərirlər.
Əgər mitinqə getmək cinayətdirsə, əgər mitinqə getmək məsuliyyət yaradırsa, o zaman mitinqə niyə icazə verilirdi? Sərbəst toplaşmaq azadlığı haqqında qanun niyə ləğv olunmur? Mitinqə getmək cinayətdirsə, mitinqə razılıq vermək nədir? Məntiqlə belə çıxır ki, Hacıbala Abutalıbov polisə çağırılmalıdı. Çünki, “mitinqə gedə bilərsən” razılığını Hacıbala müəllimin rəhbərlik etdiyi qurum verib.
Bəli, 17 sentyabr mitinqindən sonra adamları hər gün polisə çağrırlar, Saatlının icra başçı mitinqə getdiyinə görə vətəndaşı döyüb, mitinqə gedənləri cərimə ediblər, inzibati həbs cəzası veriblər və.s
Bir sözlə, hökumətimiz əsrin rüsvayçılğına imza atıb. Vətəndaş Konstitusyon hüququndan isitfadə etdiyinə görə cəzalandırılır.
Niyə intihara cəhd etmiş yüzlərlə adama “niyə intihar edirsən” sualı verilmir? Niyə, bankların girovuna çevrilmiş vətəndaşa, komada yaşayan şəhid ailəsinə, təhsil haqqını ödəyə bilməyən tələbəyə sual verən yoxdur?
Ölkə sürətlə tənəzzülə yuvarlanır, sahibkarlar ölkədən qaçır, vətəndaş mühacirətə getmək üçün yollar axtarır, xəstə müalicə olunmaq üçün qonşu ölkələrə üz tutur.
Bu gün “mitinqə niyə getmisən” yox, “ölkədən niyə gedirsən” sualı verilməlidir. “Mitinqə niyə getmisən” yox, “səni intihar həddinə çatdıran nədir” sualı verilməlidir.
Milyonerə çevrilmiş məmuru polis bölməsinə çağırıb “bu pulları hardan almısan” sualı verə bilmirlər, amma kasıb vətəndaşı mitinqdə iştirakına görə sorğu-suala çəkirlər.
İcra başçısı vətəndaşı mitinqə aparan səbəbləri araşdırmaq, vətəndaşı narazı salan problemləri həll etmək əvəzinə, qoçuluq edir.
Əgər minlərlə insan mitinqə gedirsə, deməli bunun üçün səbəbi var. Məmur banklarının girovuna çevrilən, sığorta pulunu ala bilməyən, iki devlavasiyadan əziyyət çəkən, dilənçi maaşına möhtac edilən, qiymət artımlarının mühasirəsinə düşən vətəndaş niyə mitinqə getməsin?
150 miylard neft pulundan nəsibini almayan, 3000-5000 manat təhsil haqqını ödəyə bilməyən, keyfiyyətsiz və pullu səhiyyədən əziyyət çəkən, monopoliyanın qurbanına çevrilən vətəndaş niyə mitinqə getməsin?
Seçkidə səsi oğurlanan, məhkəmədə ədalət tapa bilməyən, korrupsiyanın dövlət siyasətinə çevrildiyini görən vətəndaş niyə mitinqə getməsin?
Əslində, vətəndaş hökumətə “bu ölkəni niyə zəlil vəziyyətə salmısız”, “niyə islahat aparmağa iradəniz yoxdur”, “niyə günahsız adamları həbsə salmısız” sualı verəmlidir.
Hökumətin vətəndaşa “niyə mitinqə getmisən” sualı verməyi rüsvayçılıqdır, amma vətəndaşın hökumətə “niyə çıxıb getmirsən” sualı verməyi zərurətdir.
Heç vaxt vətəndaşın dərdinə şərik olmaq üçün hansısa dövlət idarəsinə çağırmadılar, amma qorxutmaq üçün gündə bir yerə çağırırlar.
21-ci əsrdə Azərbaycan reallığı budur. Hökumətimiz rüsvayçılıq kolleksiyasını zənginləşdirir. Əgər bir ölkənin vətəndaşına “mitinqə niyə getmisən” sualı verilirsə, o ölkədə hamı mitinqə getməlidir. Çünki, bu sualı verə biləcək qədər absurda yuvarlanmış hökumət, ölkəni yalnız fəlakətə sürükləyə bilər.

İlham