“Qeyri”lərin cəngində keçən həyat

saadet-cahangir-koseSəadət Cahangir

Azərbaycanda bütün həyat normalarını ifadə edən sözlərin qarşısında bir “qeyri” qoşması dayanır. “Qeyri-azad”, “qeyri-insani”, “qeyri-qanuni”, “qeyri-dəqiq” və s. Ömrümüz bu “qeyri”lərin cəngində əriyə-əriyə itib gedir eləcə. Uzun illərdir çarpışa-çarpışa dururuq həyat normalarımızı azad, qanuni, insani axara gətirmək üçün. Amma axın məcrasından elə çıxıb ki, dağıntılarını toplayıb bir araya yığmaq heç də asan görünmür. Bu qeyri-müəyyənliyin yaratdığı xaotik mühitdə hansı normal yaşayışdan, hansı işdən, hansı gedişdən danışasan ki? Yumruqlarını başını dumanlandıran fikirlərinə çırpmağın gələr bəzən. Bəzən üstünə yüklənmiş ağırlıqdan çiyinlərin düşər, başın bədəninə ağırlıq edər. Bizim arzumuz belə bir ölkədə yaşamaq deyildi. Bizim xəyallarımızın içində bu tozlu-dumanlı burulğanın arasına düşüb daşa-divara çırpılıb qalmaq yoxdu. Biz  çox gözəl şeylərin xəyalını qurmuş, onların uğrunda mübarizə aparmış, bütün ağrı-acıları bu gözəl şeylərin gerçəkləşməsi naminə udmuşduq.  Biz bu acıları can dəyirmanında ona görə üyütməmişdik ki, gəlib  qeyri-azad ölkənin yetimləri statusuna düşək, insan kimi yaşamağa heç bir hüququmuz olmasın, dillənəndə qanunlar dəyənəyə çevrilib başımıza ensin. Bütün bunlar indi yaşadığımız cəmiyyətin reallıqlarıdır. Biz inkar etsək belə, acı gerçəklərdir bunlar. Nə yazıq ki, belədir…

Ölkəmiz bu il də dünyanın siyasi haqlar üzrə reytinq cədvəlində qeyri-azad ölkələr sırasında yer alıb. Siyahı “Freedom House” təşkilatı tərəfindən tərtib olunub və açıqlanıb. Reytinq dərəcəsinin müəyyənləşməsində ölkədə müxalif fikrə olan basqılar, azad seçki hüququnun sıradan çıxarılması, siyasi rəqiblərə qarşı edilən misilsiz zorakılıqlar, ölkə boyunca fərqli düşüncə sahiblərinin həbsi, müstəqil məhkəmə institutlarının sıradan çıxarılması əsas götürülüb. Xatirinizdəsə, biz hələ yarım-azad ölkələr siyahısında olanda da bənzər hesabatlarda bütün detallar  açıqlanıb, nəyin nəyə əsasən müəyyən edildiyi haqqında məlumat verilirdi. Özünüz əvvəlki illərlə müqayisə aparın və görün bu təşkilatlar nəyi düzgün müəyyənləşdirməyib ki? Bu təşkilatların bizimlə nə qəsd-qərəzi ola bilər ki, Allah xatirinə? Onların nə marağındadır ki, götürüb bizi yarım-azad ölkələr sırasından qeyri-azad ölkələr sırasına salsınlar və qınaq obyektinə çevirsinlər? Cırnamaq və hikkələnmək yerinə, bəlkə ölkənin ildən-ilə niyə uçurumun dibinə doğru düşdüyünü təhlil etmək məntiqli olar. Lap tutaq ki, bu  “qərəzli” “Freedom House”  heç o hesabatı açıqlamayıb və reytinq-filan da müəyyənləşdirməyib. Orda əksini tapan məsələlərin hansı doğru deyil ki, götürüb yazım onları haqsızlıqda ittiham edim. Axı bunlar bizim hər gün dönə-dönə bağırdığımız və hər kəsin bildiyi söhbətlərdir. Kimdən nəyi gizlədə bilərsiniz ki, indi zamanda? Hər şey “kor-kor, gör-gör”  məsəli qədər apaçıqdır axı ortada…

Axı burda və ya öz vətəndaşı üçün ideal cəmiyyət qurmuş o uzaq ölkələrdə kim və niyə Azərbaycanın ağını qara təqdim etmək qərəzində olsun? Kim istəməz ki, hər yerdə öz ölkəsinin adını ürəklə çəkib, “mən bu ölkənin vətəndaşıyam” deyərək qürurlansın. Kim istəməz ki, ölkəsini idarə edən hökumətin adını hər yerdə  rahatlıqla və sıxılmadan çəkib, onun əməllərindən bəh-bəhlə danışın. Axı bu ölkə insanına verdiyiniz  gün nədir ki, onun da könlü açılıb haqqınızda ürəkaçan bir şey danışsın? Ölkəni saldığınız ağır durumun fərqində deyilsinizsə, başqalarını ittiham etməyə dəyməz. Hansısa beynəlxalq təşkilatın sizinlə heç bir davası yox. Dava insanlıq, haqq və ədalət davasıdır. Dava ölkəni sürükləyib saldığınız qeyri-azad girdabın davasıdır…