Bu millət əvvəl-axır öz sözünü deyəcək

Hakimiyyətin AXCP-yə qarşı davamlı repressiyası partiyanın minlərlə üzvünü ağır sınaqlara çəkib. Periodik təkrarlanan həbslər, müxtəlif formalı təqib və təzyiqlər, eləcə də şirnikləndirib ələ almalar əsasən ona xidmət edib ki, AXCP funksionerləri və üzvləri partiyanı tərk etsin. Bununla belə partiya üzvlərinin, funksionerlərinin əksəriyyəti mövqeyini dəyişmir, ən ağır şərtlər altında belə mübarizəsini davam etdirir.

Təqib və təzyiqlərə məruz qalan AXCP fəallarından biri də Rauf Hüseynovdur. R.Hüseynov saytımıza göndərdiyi yazıda siyasətə necə gəlməsindən, üzləşdiyi təzyiqlərdən bəhs edir və apardıqları mübarizənin gec-tez öz məqsədinə çatacağına inamını bildirir. Yazını təqdim edirik:

Mən gənc olanda heç zaman siyasətlə məşğul olmaq, partiya üzvü olmaq kimi bir arzum olmayıb. Hər zaman təhsilimi başa vurduqdan sonra bir iş sahibi olub, ailəmlə xoşbəxt yaşamaq arzusunda olmuşam. Ancaq 1988-ci ildə başlanan Ermənistan-Azərbaycan müharibəsi bizim ailəni Azərbaycana qaçqın düşməyə məcbur etdi. Uzun müddət qaçqınlıq həyatı yaşadıq, elə təzə özümüzə gəlmişdik ki, Azərbaycanda xalq Rusiyanın müstəmləkəçiliyindən qurtulub müstəqillik əldə etmək uğrunda hərakata başladı. Bundan sonra həyatımda baş verən bir sıra dəyişikliklər mənim vətəndaş mövqeyimi ortaya qoymağımı şərtləndirdi.

Hərəkata rəhbərlik edən Azərbaycan Xalq Cəbhəsinə qoşuldum və indiyə kimi də bu təşkilatın üzvüyəm. Sonradan bunun bədəlini çox ödədim – məni işimdən azad etdilər, bir daha heç yerdəə götürmədilər, dəfələrlə dost-tanış vasitəsilə çağırıb üzv olduğum partiyaya qarşı cıxmaq şərti ilə mənə yaxşı iş vəd etdilər, amma mən bunların hamısından təbii ki, imtina etdim.

1999-2004-cü illərdə Bakı yerli bələdiyyələrə seçkilər zamanı mən Nəsimi bələdiyyəsinə namizəd idim və seçkini qazanmışdım. Mənə dairə komissiyasının rəhbərliyi seçkinin şəffaf keçirilməsini təstiq etməyimi, saxta protokollara imza atmağı təklif etdilər, əvəzində mənim qələbəmi etiraf edəcəklərini vəd etdilər, mən yenə qətiyyətlə imtina etdim. O zamandan mənə münasibət daha da kəskinləşdi və məni həbs edəcəkləri, ailəmə zərər verəcəkləri ilə hədələdilər. Mən aylarla gedib qonşu ölkələrdə gizlənib dostlarımın yanında qaldım. Ancaq yenə də məndən və bizim ailədən əl çəkmədilər. Mən olmayanda yoldaşıma dəfələrlə telefon açaraq, qohumu Əli Kərimlinin əleyhinə mediada açıqlamalar verməsini tələb ediblər, onlar deyəni etməsə, yeniyetmə oğlanlarımıza təxribat edəcəkləri ilə hədələyiblər. Yoldaşım bundan çox narahat olmuş, uşaqlarımızı da götürüb məktəblərini yarımçıq qoyub (ikisidə əla qiymətlə oxuyurdu) Azərbaycanı tərk etməyə məcbur olmuşdur. Ancaq mən bütün təzyiqlərə baxmayaraq öz yolumu və mübarizəmi  dəvam etdirirəm.

Milli Şuranın mitinqlərə çağırışından sonra bir sıra partiya üzvlərini, o cümlədən məni də mitinq təşkilatının üzvü kimi polisə çağırmışlar, orada saatlarla saxlayıb təhqir edib həbslə hədələyiblər. Bunlar başa düşmürlər ki, məni də, digər partiya yoldaşlarımı da həbs etsələr belə, bu narazılığın və hərəkatın qarşısını ala bilməyəcəklər, çünki bu təşkilat tək bizdən ibarət deyil, on minlərlə adam bu mübarizəyə qoşulub, öz haqqını tələb edir. Tutaq ki, bizi həbs etdiniz, bütün xalqı da sıradan çıxara bilməyəcəksiniz ki?! Siz  bu düşüncəsiz  hərəkətinizlə ancaq etirazçıların sayını artırırsınız. Əvvəl-axır bu millət sizə öz sözünü və gücünü göstərəcək, sizlərin əvəzində özünə normal, demokratik bir dövlət quracaq. Məncə bu çox uzaqda deyil.