Elçiləri həbs etməyin hesabı…

saadet-cahangir-koseSəadət Cahangir

Osmanlı padşahı Sultan Səlim Misir üzərinə yürüşü zamanı Məmlük sultanı Kansu Gavriyə danışıq üçün ard-arda bir neçə elçi göndərmişdi. Göndərdiyi elçilərin heç biri geri dönmürdü və Sultan sonralar öyrəndi ki, onların hamısını həbs ediblər. Sonra danışığa gələn Kansu Gavrinin elçisi Moğolbəy Sultan Səlimin hüzuruna silahla çıxaraq, istəklərini çatdırdığı zaman tutuldu. Onun saçı-saqqalı kəsildi, əyninə yağlı bir paltar geydirildi və tərs şəkildə eşşəyin üstünə mindirilərək bütün ordu hissələrində gəzdirildi. Sultan Səlim təkrar hüzuruna gətirilən Moğolbəyə dedi: “Səni öldürmürəm, çünki elçiyə zaval yoxdur. Ancaq əfəndinə söylə, elçiləri buraxsın, özünü də Mercidabıkda gözləyirəm…”  İndi bizim hökumətin də 17 sentyabr mitinqinə razılıq verməsi bilirsiniz nəyə bənzədi? “Dədə Qorqud” filmində Beyrəyin danışığa çağırılıb  arxadan xaincəsinə vurulmasına. Dövləti təmsil edən rəsmi adamlar üstümüzə möhürlü, imzalı razılaşma məktubu göndərib, sonra da öz imzalarını ayaq altına atdılar. Köhnə zamanlarda belə şeyləri kimsə kimsəyə bağışlamazdı. Verilən sözün, basılan möhürün arxasından qaçmaq ən azı namərdlik sayılardı. İndi insani keyfiyyətlər elə dəyərini itirib ki, sözünü tutan adamlara Marsdan gəlmiş yadplanetli kimi baxırıq hamımız. Bizim hökumət rəsmiləri də verdikləri sözün arxasından qaçmaqda dünya rekordçusu sayıla bilərlər. Şənbə mitinqi ərəfəsində etdikləri ilə bu rekordu bir daha təzələmiş oldular…

İndi üç gündür o möhürlü, imzalı məktubla icazə verilmiş mitinqin yaralarını sağaltmaqla məşğuluq. 80-ə yaxın fəalın həbsindən sonra qurulan fəaliyyət planı alt-üst olsa da, mitinq baş tutdu, təbii. Hökumət də xofdan çıxıb fəalların böyük hissəsini azad etdi. Amma hələ həbsdə bir xeyli gənc qalır və səlahiyyətli qurumlar onlarla bağlı nəinki qərar, heç açıqlama verməyi də özünə borc bilmir. Hələ bu da bəs deyilmiş ki, azadlığa buraxılan fəalları təzədən bölmələrə çağıraraq, “ora imza atmalısan, bura qol qoymalısan”  deyə zəhləsini tökürlər. Qanunsuzluğun, dərəbəyliyin, özbaşınalığın bu qədəri də artıq oldu artıq. Öz imzanıza və möhürünüzə hörmət qoymadığınız hər kəsə bəlli. Heç olmasa, monarxiyanıza yol açan referendum ərəfəsi bir idarəçilik görüntüsü yaratmağa çalışın. Ölkəni elə hala salmısınız ki, insan özünü bir başıpozuq silahlı dəstənin mühasirəsinə düşmüş kimi hiss edir. Şənbə mitinqi günü dinc aksiyaçılarla davranışınızdan utanmanız lazım, ən yaxşı halda. Açın videoları görün, bu xalqın cibindən çıxan vergilərlə maaş alıb, onun təhlükəsizliyini qorumağa borclu olan asayiş keşikçiləri o insanlarla necə qəddarlıqla rəftar edir. Görün, mülki geyimdə insanların arasına girib donos toplayan o muzdlularınız  mərdimazarlıq etmək və ara qarışdırmaq üçün hansı hoqqalardan çıxır. Özünüzmü təlimatlandırmısınız onları, tapşırıq yuxarılardanmı gəlib, bilmirəm. Amma onu bilin ki, bir ölkənin adını, imzasını, möhürünü tapdayıb,  qəddarlıqla tutduğunuz bu iş rüsvayçılıqdan başqa bir şey deyil. O meydanda dinc etiraz edən insanlara cəngəllik  tərzində hücum çəkən onlara təhqir  və söyüş yağdıran adamlar sizin təmsilçilərinizdir. Onları bu xalqın üstünə siz səlahiyyətləndirib göndərmisiniz. Ölkə vətəndaşlarının asayiş keşikçiləri sayılır o adamlar. Özünüzə gəlin, hara getdiyinizin fərqində deyilsiniz, anlaşılan. Deyilsinizsə, deyə bilərəm. Bütün əxlaq normalarını ayaqlar altına atıb, qırmızı cizgiləri keçməyin mütləq bir hesabı olacaq nə vaxtsa. O gün kimsəyə Sultan Səlimin elçilərini həbs edən adamın elçisinin gününə düşməyi arzulamıram…