İki gün öncə Türkiyədə Tarık Akan deyə bir sənətçi dünyasını dəyişdi.
Kim idi Tarık Akan?
Türk kinosunun “Yeşilçam” adlandırılan dönəminin ən parlaq, hətta “yaşayan əfsanə” hesab olunan aktyorlarından biri. Baxmayaraq ki, şəxsən mənə görə, istedad etibarilə Azərbaycan kino tarixinin boş verin bir çox ünlü ünlü isimləri, hətta itkin adları, məsələn, Fazil Salayevlə müqayisədə xeyli dərəcədə geri qalır.
Bilgi üçün yazım: “Yeşilçam” –İstanbulun Beyoğlu adlanan yörəsinin məşhur Taksim meydanına yaxın bir küçəsidir.
Yanılmıramsa, 1980-ci illərədək əksər türk film şirkətləri bu küçədə yerləşdiyindən o çağacankı türk kinosu “Yeşilçam” adı ilə şöhrətlənmişdi.
“Yeşilçam” filmləri arasında bütün zamanlarda yüksək qiymətləndiriləcək sənət əsərləri də var, estetik baxımdan günümüzün tamaşaçısına xeyli yad və bayağı görünələr də. Ki, əslində bunda qeyri-adi heç nə yoxdur.
Əslində bu yazıda kinoşünaslıq etmək fikrindən uzağıq, nə həddimizə! Söyləmək istədiyimiz mətləblərin ünvanı tamam başqadır.
Qayıdaq Tarık Akana – hansı ki, o, heç də yalnız türk kinosunun sözügedən dönəminə möhürünü basmış bir aktyor deyildi.
O, günümüzdə layiq (dünyəvi), modern, demokratik Türkiyənin ən aktiv müdafiçilərindən idi.
Türkiyənin ictimai-siyasi həyatına fəal müdaxiləsi ilə tanınırdi, haqsızlığa, ədalətsizliyə həssas, çevik və barışmaz münasibəti ilə bilinirdi, çağdaş dəyərlərə sahib çıxır, öz ölkəsini tərəqqipərpər dünyanın bir parçası olması adına əlindən gələni əsirgəmirdi.
Sənətdən qıraqda ölkəsinin ağrılarına, dərdlərinə duyarlı, səssiz qalmayan biri kimi tanınırdı.
Atatürk Cümhuriyyəti ilkələrinin alovlu, sarsılmaz müdafiəçisi idi, şəriətçi hakim sistemin girovuna çevrilməmiş, onun əlində alət olmamışdı.
Türkiyənin yalnız hüquqi-demokratik dəyərlər sayəsində güclənə və yüksələ biləcəyinə ən içdən inananlardan, bunun mücadiləsini verənlərdən biri idi.
O üzdəndir ki, ölümünün ardından qələmə alınan əksər yazılarda, sosial şəbəkələr üzərindən yayımlanan mesajların az qala hamısında Tarık Akan sadəcə, bir sənətçi kimi deyil, vicdanlı vətəndaş, dürüst insan kimi anılır və yüksək dəyərləndirilirdi.
Bunu niyə yazıram?
Yazıram, çünki, Tarık Akanın ölümü bir sənətçinin, bir yaradıcı insanın həyatda şərəfli, vicdanlı, həqiqətdən və ədalətdən yana duruşunun nə qədər önəmli olduğunun bir daha ortaya qoydu.
Hansı ki, mənasız fəxri ad, prezident təqaüdü, mənzil, Fəxri Xiyabanda qəbir yeri naminə, özünə, övladına komfort həyat qazanmaq uğruna bütün toplumsal həqiqətlərə, bəşəri ideallara asanlıqla, üzü qızarmadan sırtını dönə bilən, heç bir vicdan əzaı çəkmədən düzə əyri, oğruya doğru deyə bilənlərin, şərin qapısında növbəyə dayananların ölkəsində bəlkə də belə örnək çox gülməli görünür.
Hətta bəlkəsiz də!
Amma gerçəklik dəyişməzdir: istədiyiniz qədər istedad və ya intellekt sahibi olun.
Yalana və yaltaqlığa bulaşdığınız andan etibarən yaratdıqlarınızın dəyəri, anlamı böyük ölçüdə itir.
Yazdığınız bir romanda və ya şeirdə, ekranlaşdırdığınız bir filmdə, səhnələşdirdiyiniz bir tamaşada, canlandırdığınız bir rolda, çəkdiyiniz bir rəsmdə, bəstələdiyiniz bir musiqidə istədiyiniz qədər ali, insani hissləri, idealları ifadə edin, gerçək həyatda o hissləri, o idealları tərk edər, maddiyyata dəyişər, merkantil maraqlarınıza qurban verərsinizsə, artıq həmin romanın, həmin şeirin, həmin filmin, həmin rolun, həmin musiqinin, həmin rəsmin də effekti göz görəsi azalar.
Keçmiş bunun saysız-hesabsız nümunələri ilə doludur.
Tarık Akan yaşadığı zamandan və məkandan asılı olmayaraq, belə nümunələrin növbətisidir. Dərs almaq, ibrət götürmək lazımdır.
Bir az da dərinə gedək: gec və ya tez, hamımız öləcəyik. Təbiətin hələ ki, dəyişilməsi mümkünsüz qaydasıdır bu.
Hamımız öləcəyik. Nə vaxtsa Sokrat da ölmüşdü. Volter də, Russo da.
Amma öldükləri halda belə, ölümsüzləşdilər. Ölümlərindən sonra belə, yeni dəyər, yeni anlam qazandılar, ölümsüz yaşamaq haqqı əldə etdilər.
Niyə? Necə?
Sənətçi ruhunu, yaradıcı ruhunu şöhrət, sərvət, karyera, komfort naminə şərə təslim edənlər, zülmə züy tutanlar, yalana qahmar çıxanlar, yaltaqlığı normaya çevirənlər, hansı mənəvi iyrəncliyə bulaşdıqlarını bilə-bilə həyasızcasına, at kimi üzə dayananlar və çirkin davranışlarını doğal qarşılayacağımızı fikirləşənlər qoy bu suallar üzərində yaxşı-yaxşı düşünsünlər.
Hərçənd yeri gəlsə, buna heç ehtiyac da yoxdur – o sualların hər birinin cavabı onsuz da özündə gizlidir.

Tarık Akan Azərbaycanda yaşasa və ölsəydi…
•
•