Azərbaycanda 10 günün gəlini niyə öldü?

tecili-yardim

“Zərdab rayonunda 10 gündür ailə quran 26 yaşlı Pərvanə Zərbəliyevada qan xəstəliyi olub. Bu səbəbdən, ona ailə qurmaq olmazmış. Gənc qadının vəziyyəti qəfildən pisləşib və həyatını xilas etmək mümkün olmayıb”.

Bu barədə dünyasını dəyişən gəlinin yaşadığı Məmmədqasımlı kənd bələdiyyəsindən məlumat verilib. Mənbənin məlumatına görə, P.Zərbəliyeva həyat yoldaşı tərəfindən qaçırılsa da, valideynlər razılığa gələrək 10 gün əvvəl onlara toy ediblər.

“Onda uşaqlıqdan qan xəstəliyi olub. Həkimə aparıblar, deyib ki, Ucar rayon xəstəxanasında müayinələrdən keçin. Müayinə də ediblər. Amma ona ailə qurmaq olmazmış. Görünür, bu səbəbdən dünyasını dəyişib”.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov da faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, xəstə xəstəxanaya gətirilən zaman can verib: “Xəstəxanaya çox ağır vəziyyətdə gətirdilər. Artıq bura gələndə can verirdi. Qohumları gəlib xəstəxanada dava-dalaş salıb, götürüb apardılar. Yolda da keçinib. Ölüm səbəbini bilmirik”, – deyə baş həkim bildirib. (virtualaz.org)

***

Sentyabrın 15-də 26 yaşlı Zərbəliyeva Pərvanı Bulud qızının Zərdabdan Ucara aparılarkən yolda vəfat etməsi ilə bağlı araşdırmalara başlanılıb. Ölüm faktı ilə bağlı Ucar rayon Prokurorluğunda müvafiq araşdırma aparılır və ekspertizalar təyin edilib.

Zərdab rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dünən axşam saatlarında 2 kişi və bir qadın avtomobillə P.Zərbəliyevanı xəstəxanaya gətiriblər və bu zaman onun vəziyyətinin çox ağır olduğu, təzyiqinin sıfıra yaxınlaşdığı, həyatının xilas edilməsinin mümkünsüzlüyü məlum olub. Xəstəxanadan 26 yaşlı qızın durumunun kritik olduğunu və onun öləcəyini deyiblər. Bunu görən yaxınları 10 günün gəlini olan Pərvanəni Ucara aparmaq qərarına gəlib.

Zərdam xəstəxanasından bildiriblər ki, onlar təcili yardım maşını təklif etsələr də, xəstənin yaxınları gözləmədən qadını öz maşınları ilə aparıblar və o, yolda ikən, Ucar rayon Mərkəzi Xəstəxanasına çatmadan keçinib.

P.Zərbəliyevanın hansı xəstəlikdən əziyyət çəkdiyi, ilkin diaqnozun nədən ibarət olduğu hələlik məlum deyil.

Ekspertizanın nəticəsi əsasında dəqiq rəy veriləcək.

*****

Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib. Hadisə bu gün axşam saatlarında baş verib.

Ağsu rayonundan 10 gündür ki  Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon  Xəstəxanadan verilən məlumata görə , mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (apa)