Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır. Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.
Rəis müavini bildirib ki, A.Çovdarovun səhhəti normallaşıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində daimi həkim nəzarətindədir: “Akif Çovdarovun səhhətində problemlər həbsdə olan müddətdə baş verməyib. Onda əvvəldən xəstəliklər olub. Hazırda o, tibb sanitar hissəsində həkim nəzarətindədir”.
A.Çovdarovun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməməsinə gəlincə, rəis müavini bildirib ki, hələlik buna ehtiyac yoxdur: “Tibb məntəqəsində onun müayinəsi üçün bütün şəraitlər var, ona görə də ehtiyac yoxdur”.
İ.Qurbanov A.Çovdarovun müalicə olunması üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslı kardioloq-həkimin olmaması ilə bağlı yayılan iddialara da münasibət bildirib: “Bu məlumatlar əsassızdır. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslaşmış kardioloq-həkim də var, lazım olan avadanlıqlar da. Yayılan məlumatların heç bir əsası yoxdur. Hətta Akif Çovdarovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində kardioqramma aparatları da var. A.Çovdarova lazımi səviyyədə müayinə xidməti göstərilir. Akif Çovdarovun səhhəti o qədər də kritik deyil ki, onun Müalicə Müəssisəsinə köçürülməsinə qərar verilsin. Köçürülməyə ehtiyac olmadığı üçün o təcridxananın tibb-sanitar hissəsində saxlanılır. Akif Çovdarov həftədə bir dəfə kardioloq tərəfindən müayinə olunur, səhhəti nəzarətdə saxlanılır. Akif Çovdarovu müayinə etmək üçün Ədliyyə Nazirliyinin Hospitalının ixtisaslı kardioloq-həkimi, elmlər namizədi də həftədə bir dəfə təcridxanaya dəvət edilir, onu müayinə edir, təyinatlar verir. Hazırda da Akif Çovdarovun səhhəti normal, stabildir”.
İ.Qurbanov bildirib ki, A.Çovdarovun aclıq aksiyası keçirməsi barədə onlarda rəsmi məlumat yoxdur. (Trend)



