Kameron Britaniya parlamentindən istefa verir

kameronBritaniyanın keçmiş Baş naziri David Kameron Mühafizəkarlar partiyasından parlament üzvlüyünü tərk etdiyini bildirib.
O, Oxfordshire qraflığındakı Witney dairəsindən Britaniya parlamentinin İcmalar palatasına üzv seçilmişdi.
Bundan öncə isə o, gələn seçkilərədək millət vəkili qalacağını demişdi.
Kameron baş nazirlik vəzifəsindən iyunun 24-də istefa verib. Onun istefasının səbəbi Britaniyanın Avropa İttifaqından çıxmasına aparan Brexit referendumu idi.
Kameron Witney dairəsini parlamentdə 2001-ci ildən bəri təmsil edirdi. 2005-ci ildən isə Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri idi.
İyun ayında keçirilmiş referendumda iştirak edənlərin çoxu Britaniyanın Aİ-ni tərk etməsinə səs verib. Brexit lehinə səs verənlər 52 faiz təşkil edib.