Klintonun tədbirdə halı pisləşib

ABŞ-da Demokratların prezidentliyə namizədi Hillari Klinton Nyu Yorkda 11 sentyabr qurbanlarının xatirəsinin yad edilmə mərasimində özünü pis hiss etsə də, indi vəziyyəti yaxşıdır, onun sözçüsü deyib.

O “istilik hiss etdiyindən qızının evinə aparılıb”, onun kampaniyası üzvləri deyib.

Klinton-un Respublikaçı rəqibi Donald Tramp bundan öncə onun sağlamlığı barədə şübhələrini bildirmişdi.

Lakin həkimlər onun 2012-ci ildə qan laxtalanmasına görə keçirdiyi əməliyyatdan sonra tam sağaldığını bildirib.

Onun şəxsi həkimi Lisa Bardack ötən ay deyib ki, onun “sağlamlıq vəziyyəti əladır” və o ABŞ prezidenti kimi xidmət etməyə uyğundur.

Klintonun 68, Trampın isə 70 yaşı var.

Adı çəkilməyən bir hüquq-mühafizə mənbəyi Fox kanalına deyib ki, Klinton onu Nyu Yorkdakı mərasimi tez tərk etməyə məcbur edən “tibbi vəziyyət” keçirib.

Daha sonra o avtomobildə ikən bayılıb.

Başqa bir şahid isə bildirib ki, Klintonun birdən bədəni boşalıb, dizləri bükülüb və o avtomobilə minərkən ayaqqabısını itirib.

Fox kanalına müsahibə verən şahidlərin dediklərini hələlik başqa mənbədən təsdiqləmək mümkün olmayıb.