yap-bina-emblem

YAP Tağı Əhmədov məsələsinə niyə münasibət bildirmir?

yap-bina-emblem“5” qəpiyi şərəf məsələsi hesab edən adamın cibindən 3 milyon çıxıbsa…

Hökumətsizlik, hüquqsuzluq, özbaşınalıq hər addımda özünü göstərir. Hər addımda aydın görmək olur ki, ölkəni idarə edənlərin dövlətçilik anlayışı sıfırın altındadır. Sadəcə olaraq bir qrup adam dövlətin sərvətlərinə qarışqa kimi darışıb və hərə öz cibini doldurur.
Bir müddət əvvəl xəbər yayıldı ki, “Metropoliten”in keçmiş şefi, hazırda YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov hazırda həbsdə olan MTN generalı Akif Çovdarova 3 milyon manat rüşvət verib. Tağı Əhmədov da etiraf etdi ki, Akif Çovdarov onu çantaj edərək, 3 milyon manat vəsait alıb.
Hələ o zaman yazmışdıq ki, Tağı Əhmədovun bu qədər pulu necə əldə etməsi, hansı faktlarla şantaj olunması aydınlaşmalıdır. Əgər bir adamın tərcümeyi-halı təmizdirsə, çirkli işləri yoxdursa, üstəlik vəzifə sahibidirsə, MTN generalı bu adamı necə şantaj edə bilər? Tağı Əhmədov müxalifət fəalı deyil ki, evinə silah, cibinə narkotika atsınlar.
Son günlər bu məsələ yenidən gündəmə gəlib və əsas müzakirə mövzusuna çevrilib. Akif Çovdarov vəkilinə deyib ki, Tağı Əhmədovun hər iki oğlu haqqında cinayət işi var. Onu da deyib ki, aldığı pulları necə xərclədiyini açıb desə, agentura şəbəkəsi ifşa olunar.
Göründüyü kimi ölkədə genraldan tutmuş, “Metropliten” rəisinə qədər hər kəs çirkab içindədir. Amma bir daha yazırıq ki, Tağı Əhmədov da məsuliyyətə cəlb olunmalı və bu rüsvayçılığa aydınlıq gətirməlidir. Tağı Əhmədov deyir ki, 3 milyon manatı 40 illik maaşından toplayıb. Amma bu adam hər ay 1000 maant maaş alsa, 40 ildə 480000 manat edər. Bəs, 2.5 milyon hardan çıxıb?
Məsələnin başqa bir tərəfinə YAP rəhbərliyi aydınlıq gətirməlidir. Əvvəla, Tağı Əhmədov cinayəti bildiyi halda gizlədib, ikincisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlar yığıb.
Bir vaxtlar bu adam “Azadlıq” qəzetini “5” qəpiklik ittihama görə məhkəməyə vermişdi və 32000 manat təzminat almışdı. Bəli, Tağı Əhmədov demişdi ki, “Azadlıq” qəzeti mənim şərəf vələyaqətimə toxunub. İndi Tağı Əhmədova qarşı 3 milyon manat ittihamı var və bu şərəf və ləyaqətə daha böyük ləkədir. Ona görə də Tağı Əhmədov susmamalıdır. “5” qəpiyə görə göstərdiyi canfəşanlığı, 3 milyona görə də göstərməlidir.
YAP rəhbərliyinə gəlincə, uzun illərdi bu komanda siyasi partiyalardan şəffaflıq tələb edir, maliyyət hesabatı istəyir. Müxalif fikirli QHT rəhbərlərinin fəaliyyəti dəqiqliklə araşdırılır, vergidən yayınmış hər qəpiyin hesabı aparılır. Bugünə qədər təmiz insanlar haqqında saysız-hesabsız şər-böhtanlar deyilib.
İndiki halda isə YAP-ın Yasamal şöbəsinin sədrinin 3 milyon rüşvət vermdiyi təsdiqlənir, övladları barəsində cinayət işi olduğu bildirilir. Niyə YAP fövqəladə iclas keçirmir, Siyavuş Novruzov niyə Tağı Əhmədovun fəaliyyətinə qiymət vermir? Gecə-gündüz müxalifət liderlərinin olmayan pulunu sayan zehniyyət, Tağı Əhmədovun milyonlarını niyə görməzdən gəlir?
Milli maraqlardan dəm vuran, dövlətçilikdən danışan hökumət təmsilçiləri, bu boyda anti-milliliyə niyə dözür?

Samir