İctimaiyyətdən «Azadlıq» qəzetinə dəstək
«Azadlıq» qəzetinin çapının dayandırılmasıyla yanaşı qəzetə qarşı digər istiqamətlərdən də basqılar davam edir. Qəzetin əməkdaşları şahid qismində prokurorluğa dəvət edilir, dindirilirlər. Qəzetin bank hesabından pul çıxarılması isə hələ ki, mümkünsüzdür. Müstəqilliyimiz yaşıdı olan qəzetə qarşı bu cür addımlar ictimaiyyət nümayəndələri tərəfindən sərt dəyərləndirilib
Şahvələd Çobanoğlu: «Azadlıq»ın yoxluğu tarixi itkiyə çevriləcək»
«Azadlıq» qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu hesab edir ki, «Azadlıq»a qarşı təzyiqlər təsadüfi xarakter daşımır:
– Azərbaycanda çox ciddi iqtisadi böhran yaşanır. Bu təkcə manatın dəyər itirməsi ilə bağlı deyil. İqtisadi subyektlər çökür, iqtisadi münasibətlər dağılır, iş yerləri bağlanır, əhalinin sosial vəziyyəti kəskin pisləşməkdədir. Necə deyərlər ümumilikdə ölkənin «nəşri» dayanır. Amma bizim hakimiyyət bunların qarşısını almaq əvəzinə «Azadlıq» qəzetinin nəşrini dayandırır. Onsuz da Azərbaycanda söz azadlığının durumu hədsiz ağırdır. «Azadlıq» qəzeti söz azadlığının bir adası kimi mövcuddur. Onun yoxluğu tarixi itkiyə çevriləcək. Həm də arixi bir qəzetin fəaliyyəti dayanmış olacaq. YAP iqtidarı başa düşmür ki, bu gün ölkədəki iqtisadi böhranın səbəblərindən biri də söz azadlığının olmamasıdır. Vaxtı ilə «Azadlıq» qəzeti indiki vəziyyətin proqnozunu verirdi. Həqiqətlərin susdurulması daha ağır böhran deməkdir. Bunun da əziyyətini sonda Azərbaycan xalqı çəkir. Bu «Azadlıq» qəzetinə basqı olmaqla yanaşı Azərbaycan vətəndaşlarına basqıdır. Onların həqiqətləri bilmək imkanı qapadılır. Onların müstəqil qəzet oxumaq şansı əllərindən alınır. Bu Azərbaycan xalqına vurulan zərbədir.
Arif Əliyev: «Bütün gücü qoyub «Azadlıq» yaşatmaq lazımdır»
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, baş verənlər «Azadlıq»ın susdurulması üçün yürüdülən uzun müddətli kampaniyanın bir mərhələsidir:
– Hazırda daha qəliz mərhələ yaşanır. Hazırda faktiki olaraq qəzet iqtisadi imkanlarından məhrum edilir. Belə şəraitdə əlbətdə nəsə etmək çətin olacaq. Qəzetin maliyyə direktorunun həbsi də bu baxımdan təsadüfi deyil. Bank hesabından istifadəyə qadağa qoyulması məntiqsizlikdir. Çünki başqa şəxsə bu imkan yaradılmalıdır. Bütün gücü qoyub «Azadlıq» yaşatmaq lazımdır.
Mehman Əliyev: «Hakimiyyət narazı kütlənin meydana çıxmasından narahatdır»
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, hakimiyyətin bu addımları referendumla bağlıdır:
– Əlbətdəki bu addımları pisləyirəm. Müxalifətçi fəalların həbsi, müstəqil qəzetə qarşı basqılarla hakimiyyət ona çalışır ki, heç bir fəallıq olmasın. Qəzetdəki yoxlamalar da təsadüfi deyil. Hakimiyyət narazı kütlənin meydana çıxmasından narahatdır. Hakimiyyət özü üçün qıcıqlandırıcı faktorları aradan qaldırmağa çalışır.
Elçin Şıxlı: «Sona qədər davam etmək lazımdır»
«Zekalo» və «Ayna» qəzetinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, müstəqilliyin 25-ci ilində bu cür hadisələrin yaşanması çox üzücüdür:
– Çalışmaq lazımdır ki, hər hansı bir yolla qəzetin fəaliyyəti dayanmasın, proseslər davam etsin. Hazırda qəzetin çapı dayanıb, amma internet sayt fəaliyyətini davam etdirir. Saytın daha artıq güclə işləməsinə çalışmaq lazımdır. Sona qədər davam etmək lazımdır. «Zerkalo» olaraq bu yolları keçmişik. Baş verənlər heç də normal hal deyil. Uğurlar sizə.
Xəyal