Rəsmilər manatın durumu ilə bağlı niyə izahat vermir?

bank-dollar-manatManatın dəyər itirməsinə aydınlıq gətirilməməsi dollar ajiotajını bir qədər də artırır

Dollarla bağlı cəmiyyətdə ajiotaj davam etməkdədir. Dünən bir sıra banklar dollar satışını bərpa etsə də, dollar satışındakı limit yenə də qalırdı. Manat dünən yenə dollar qarşısında dəyər itirib. Bu prosesin hələ ki, sonu görünmür. Amma maraqlı məqam ondan ibarətdir ki, iqtisadiyyatda baş verənlərlə, manatın kursunu gələcəkdə nə gözlədiyi ilə bağlı rəsmilər heç bir açıqlama vermir. Bu isə qeyri-müəyyənliyi bir qədər də artırır.

Nemət Əliyev: “Bu adamlar sadəcə olaraq baş verənlərlə bağlı izahat verməyə özlərini borclu saymırlar”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev bildirdi ki, manat dünyanın ən çox dəyər itirən valyutasıdır. Azərbaycanda hazırda hətta dünyanın diqqətini cəlb edən proseslərin getməsinə rəğmən rəsmilərin baş verənlərə münasibət bildirmədiyini deyən N.Əliyev vurğuladı ki, bu da təsadüfi deyil: “Birincisi, rəsmilər anlamalıdır ki, xalqın mənafeyi hər şeydən üstün olmalıdır. Az müddət ərzində manatı, iqtisadiyyatı uçuruma gətirib çıxaran proseslərə izahat verilməlidir. O zaman xalqın rəyinə hörmət edilir ki, vəzifə tutan rəsmilər o posta xalqın iradəsi ilə gəlirlər. Azərbaycanda isə belə hal yoxdur. Səlahiyyətlilər hakimiyyətə xalqın iradəsi ilə gəlmədiklərinə görə, xalqın qarşısında bu cür izahatın verilməsində özlərini borclu saymırlar. Mühüm, əsas səbəb bununla bağlıdır. Amma hazırda baş verənlər nəzərə alınarsa, bunlar nəinki xalq qarşısında izahat verməyəcəklər, əksinə, xalqın üzərinə yeriyib, xalqı borclu çıxaracaqlar. Artıq siyasi hakimiyyətin xalqa qarşı münasibəti ölçüyə gəlməz həddə çatıb. Bu çox təhlükəlidir. Buna heç bir halda yol verilməməlidir. Xalq ona hörmətsiz yanaşanların dərsini verməlidir”.

N.Əliyev onu da vurğuladı ki, vəziyyətdən çıxış yolları ilə bağlı real təkliflər ortaya qoyulmalıdır. Azərbaycan hakimiyyətinin ölkə iqtisadiyyatında baş verənləri dünyada gedən prosesin davamı kimi izah etməyə çalışdığını vurğulayan N.Əliyev bildirdi ki, mənfi tendensiyanın qarşısının alınması istiqamətində real addımlar atılmır: “Xalqın gözləntisi budur ki, talançılığa, sahibkarların sıxışdırılmasına, inhisarçılığa son verilməli və cinayətkarlar cəzalarını almalıdır. Bir sözlə, əhalinin sosial vəziyyəti yaxşılaşdırılmalıdır. Amma bu istiqamətdə heç bir real addım atılmayıb. Bu adamlar sadəcə olaraq baş verənlərlə bağlı izahat verməyə özlərini borclu saymırlar. Hazırda səlahiyyət sahibi olan adamlar yerlərində olmayan adamlardır. Onlar xalqa xidmət, dövlətçilik maraqları baxımından yetərincə səriştəli deyillər. Uzun illər ərzində vəzifədə olan bu adamlar neqativ istiqamətdə səriştəyə yiyələniblər. Bunlar xalqa xidmət, daha yaxşı idarəetmənin formalaşdırılması istiqamətində təcrübə toplamayıblar”.

Vahid Əhmədov: “Mərkəzi Bank cavab verməlidir”

vahid-ehmedov-300x214

Milli Məclisin Iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın mövqeyi ilə bağlı açıqlama verib. V.Əhmədov Qaynar.infoya bildirib ki, Mərkəzi Bank pul siyasətinə cavabdeh orqandır: “Yaranmış problemlərlə bağlı MB özü cavab verməlidir. Öncədən proqnozlar verilmişdi və Mərkəzi Bank ölçü götürüb qabaqlayıcı tədbir görməli idi. Dollar qıtlığı necə yarandı, nədən yarandı, mən başa düşə bilmirəm. Dollar qıtlığı yaranmaqla daha ciddi problemlərlə üzləşirik. ”Qara bazar”da dollar kursunun qalxmasından insanlar faktiki olaraq çox narahatdılar. Bununla bağlı isə, Mərkəzi Bank geniş şərh verməlidir”.

Xəyal