Gözəl Bayramlı: «Siyavuş Novruzovun Milli Şuranın keçirəcəyi mitinq haqqında hər hansı söz deməyə nə səlahiyyəti, nə də haqqı var»
Hakimiyyət yenə öz ampluasındadır. Milli Şuranın qanuni mitinq tələbini hər cür qeyri-qanuni don geyindirməyə çalışırlar. Deputat Siyavuş Novruzov belə hesab edir ki, Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqlə eyni gündə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Beynəlxalq diqqətin Bakıda olduğu tarixdə müxalifətin mitinq keçirməsi münasib hesab edilmir. Həmçinin, bu tarixə Qurban bayramı təsadüf edir.
Digər tərəfdən qeyd olunur ki, Seçki Məcəlləsində isə göstərilir ki, bu cür təbliğatın aparılması üçün mütləq təşviqat qrupu yaradılmalıdır. Milli Şura təşviqat qrupu yaratmadığı üçün ayrı təbliğat vasitəsi qanunsuz hesab edilir.
Sentyabrın 11-nə təyin olunan mitinqə hazırlığın yüksək səviyyədə getdiyini deyə AXCP sədrinin müavini Gözəl Bayramlı qeyd etdi ki, S.Novruzovun Milli Şuranın qanuni tələbinə rəy bildirməsinə heç bir haqqı yoxdur: “Siyavuş Novruzovun Milli Şuranın keçirəcəyi mitinq haqqında hər hansı söz deməyə nə səlahiyyəti, nə də haqqı var. Milli Şura Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərən təşkilatdır. Buna müvafiq olaraq icra strukturuna müraciət edib. Zamanı çatanda icra strukturu bizə mitinqlə bağlı məlumat verəcək. Siyavuş Novruzovun bununla bağlı narahatçılıq keçirməsinə ehtiyac yoxdur. Mitinqlə eyni gündə beynəlxalq yarışın keçirilməsinə gəlincə, Azərbaycan hakimiyyəti indiyə qədər büdcə pullarını xərcləyərək, ölkədə kifayət qədər gərəksiz yarışlar keçirib. Büdcəni nə Milli Şura, nə də AXCP dağıtmayıb. Mitinq keçirmək bizim Konstitusiyon hüqumuzdur. Onu nə zaman və harada keçirməyi də biz müəyyənləşdiririk”.
Mitinqlə bağlı cəmiyyətdən müsbət mesajlar aldıqlarını deyən G.Bayramlı qeyd etdi ki, geniş tərkibli müşavirələr keçirilir. “Hesab edirəm ki, Milli Şuranın mitinqinə cəmiyyətin də münasibəti müsbətdir. Fəaliyyətimiz davam edir. Keçirdiyimiz görüşlərdən gəldiyimiz qənaət bundan ibarətdir ki, cəmiyyətdə narazılıq yüksək səviyyədədir. Milli Şuranın mitinqdə irəli sürdüyü tələblər ”Monarxiyaya yox”, “Talana son”dur. Enyi zamanda təşkilatımız siyasi məhbuslara azadlıq, sosial problemlərin həllini tələb edir. Milli Şuranın mitinqi hamının problemlərini əhatə edir. Əminəm ki, mitinq yüksək səviyyədə keçəcək və cəmiyyət də bu mitinqə dəstək verəcək”.
Xəyal