İlham Əliyevdən icra başçılarına “inkişaf” çağırışı

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Ötən şənbə Azərbaycanda bütün dəngələri tərs göstərəcək bir hadisə baş verdi. Ilham Əliyev Şirvan-Muğan magistral su kəmərindən Salyan şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı icra başçılarına üz tutaraq dedi: “Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. Indi yerli icra orqanlarının işi bundan ibarətdir”.

Bəs Iqtisadi Inkişaf Nazirliyi?

Kənd Təsərrüfatı Nazirliyi?

Prezident Administrasiyası?

Ən pis ayaqda, Xarici Işlər Nazirliyi?

Müxtəlif dövlət qurumları, komitələr, idarələr?

Onların işi nədir?

Icra başçıları nə vaxtdan yerli səviyyəli icra işlərini həll etmək əvəzinə, beynəlxalq səviyyəli və strateji yönlü məsələləri həll edib. Hələ şəxsi keyfiyyətləri demirəm. Onlar nə bilir investoru cəlb etmək işini? Onların bildiyi iş torpaq satmaq, yerli sahibkarları soymaq, tikintinin hər mərtəbəsinə rüşvət müəyyən etmək, qabırğa kababı yemək deyilmi?

Işin başqa bir tərəfi də var…

Bəs bu Avropa Oyunları ilə dünya investorları Azərbaycanı tanımadı ki, iş kabab bilicisi olan icra başçılarının üzərində qaldı?

Idman ölkəsi kimi əldə etdiyimiz medallar? Hər millətdən olan idman komandalarımız?

Ispaniyada futbol komandasının formasındakı “Azərbaycan” kəlməsi?

Formula-1, beynəlxalq konfranslar, mürəbbə festivalları?

Onlar Azərbaycanı tanıtmaq üçün deyildimi? Investorlar kor idimi, görmədilərmi Azərbaycanı? Bu qədər xərclər heç nəyəmi yaramadı?

***

Daha bir xəbər var – bizim iqtidar xaricdən xüsusi qrup gətirdib, Azərbaycan iqtisadiyyatının inkişafı üçün plan və konsepsiya hazırladır. Bu da elə vətəndaşla normal danışmağı bacarmayan əmr qulu icra başçılarının xaricdə investor axtarmasına bənzəyir.

Hazırda dünyada çox sayda Nobel mükafatı almış iqtisadçı alim yaşayır. Canlı klassiklər kimi. Eyni dövrdə yaşadığımız dahilərdir. Amma onların hamısını da yığıb Azərbaycana gətirsən, bizim iqtisadiyyatı ağır durumdan çıxara bilməyəcəklər. Ən yaxşı proqramlar qəbul et, amma yaxşıya doğru köklü dəyişiklik alınmayacaq. Sehrə, tilsimə düşməyib bizim iqtisadiyyatın durumu. Amma elə dərdə düşüb ki, bu iqtidar ciddi bir irəliləyiş yarada bilməyəcək.

Çünki Azərbaycan bir iqtisadi məkan kimi etimadını itirib, elə öz vətəndaşının gözündə də, xarici sərmayəçinin gözündə də. Bundan öncə də yazmışdım bunları. Ölkədə tamam yeni siyasi mühit yaranmayınca, heç kim buraya yatırım etməyə risk etməz… Heç kimin bu ölkədə malına-mülkünə zəmanət yoxdur, heç kimin ədalətli rəqabətə ümidi yoxdur. Çox az sayda qlobal iqtisadi subyektlər – “Coca-Cola” kimi təbii nəhənglər üçün bu az fərq edə bilər, hətta elə seqmentlər ola bilər ki, kiçik şirkətlər və sahibkarlar üçün bu və ya digər dərəcədə alverişli qala bilər… Amma ümumən məmurların himayə biznesinin hakim olduğu, rəqabət və ədalət baxımından zəmanəti olmayan bir ölkəyə kimsə yatırım qoymaz.

Görəsən neçə dəfə və hansı formada izah etməliyik ki, ölkə iqtisadiyyatının problemi iqtisadi deyil, siyasidir?! Necə başa sala bilərik ki, azadlıqlar verilmədən, demokratik seçki keçirmədən, söz azadlığını və məhkəmə ədalətini təmin etmədən azad və gəlişən iqtisadiyyat qurmaq mümkün deyil.

Manat da azad olmaq istəyir!