Hökumətin mitinq narahatlığı

12okt2014-mitinqRejim təmsilçiləri əks arqument tapa bilmir

Milli Şuranın “Talana son, Monarxiyaya yox” mitinqi hökumətin yuxusunu ərşə çəkib. Hökumətin müxalifətə qarşı ittihamlarından fərqli olaraq, Milli Şuranın hökumət əleyhinə bütün arqumentləri əsaslıdır. Ölkənin vəziyyəti o qədər şəffaf görünür ki, ciddi dəlillər axtarmağa, faktların arxasınca düşməyə ehtiyac qalmır.

Çünki, bu dəlillər, faktlar özü xalqın arxasınca düşüb. Hökumətin yarıtmaz siyasəti hər bir vətəndaşı təhdid edir. Hər bir ailə böhranı öz üzərində hiss edir. Qiymətlər sürətlə bahalaşır, milli valyuta sürətlə dəyər itirir, iş yerləri qapanır, əhali sürətlə borclanır və hökumət heç bir addım atmır. Artıq hər kəs görür ki, birinci devalvasiyadan sonra verilən bütün vədlər imitasiya imiş. Bu qədər ağır bir vaxtda da hökumət  şəxsi maraqlardan imtina etmir. Bu vurhavurda Referendum keçirib mütləq monarxiya qurmaq eşqinə düşüblər. Artıq xalq onu da başa düşür ki, Referendumdan sonra sosial-iqtisadi vəziyyət daha da pisləşcəkək. Çünki, vəziyyəti yaxşılaşdırmaq üçün hökumətin siyasi iradəsi yoxdur.

Bu mənada Milli Şuranın mitinq qərarı tam əsaslıdır, xalqın sifarişidir və təhlükəli gedişatı durdurmağa hesablanıb.

Indi əli hər yerdən üzülmüş, xaqlın nifrəti ilə əhatələnmiş hökumət, mitinq əleyhinə təbliğata start verib. Amma əks-təbliğat üçün əllərində arqument yoxdur. Əvvəlcə bunların əsas sözçülərindən biri sayılan deputat dedi ki, Şahmat olimpiadası zamanı mitinq keçirmək xəyanətdir. Sosial şəbəklərdə bu ittiham ciddi yayıldı və bumeranq effekti verdi. Bu deputatın arqumenti rejimi lağ obyektinə çevirdi, hamı bu qədər qeyri-ciddi arqumenti ələ saldı.

Indi də başlayıblar ki, Milli Şura öz maraqlarını güdür, xalqın taleyini düşünmür və s.  Bəli, daha bir rüsvayçı arqument tapıblar. Xalqı iki devlavasiyanın acı nəticəsiylə üz-üzə buraxan, 140 miylard neft pulunu talan edən, 50-60 faiz qiymət artımını reallaşdıran, kommunal xərcləri artıran, 2.5 milyon vətəndaşı kredit girovuna çevirən,  şəhidin haqqını yeyən Milli Şuradır? Bəlkə, ölkənin və dünyanın hər yerində milyonluq villalar tikdirən, saysız-hesabsız şirkətlərə sahib olan müxalifətçilərdi? Bəlkə, müəllimi, həkimi, təqaüdüçünü 100 manat əməkhaqqına məhkum edən də müxalifətdi?

Bəlkə təhsil haqqını 3000-4000 manat müəyyənləşdirib, gəncləri tələbə adından məhrum edən, günahsız insanları şərləyərək zindana atan, ermənipərəst ölkələrdə milyonluq  xeyriyyə tədbirləri keçirən Milli Şuradır?

Əvvəla, mitinq keçirmək Konstitusiyanın verdiyi hüquqdür.  Dünyanın nə inkişaf etmiş ölkələrində də mitinq keçirilir. Azərbaycanda isə mitinqlər zərurətdir. Çünki, ölkədə korrupsiya, monopoliya dövlət siyasətinə çevrilib, hüquqsuzluq normadı, saxtakarlıq ənənə halını alıb.

Ikincisi, Milli Şuranın arqumentləri əsassızdırsa, ölkədə həqiqətən analoqsuz inkişaf hökm sürüsə, hökumət niyə narahatdır? Həqiqətən də Ilham Əliyev əhalinin 97 faizinin səsini alıbsa, mitinq əleyhinə bu şər-böhtanlar nəyə lazımdır?

Əslində, hökumətin bu canfəşanlığı, mitinq əleyhinə təxribatçı addımları Milli Şuranın haqlı olduğunu, hökumətin xalqdan dəstəyinin olmadığını göstərir.

Tərcümeyi-halı təmiz olan hökumət, müxalifətin mitinqindən çəkinməz. Özləri də bilir ki, 23 ildir anti-milli siyasət yürüdüblər. Hökumət komandası həddindən artıq varlanıb, xalq sürətlə müflisləşib. Bilirlər ki, xalq bir gün ayağa qalxacaq və hesabat istəyəcək. Ona görə də xalqı arxasınca apara biləcək qüvvəni ləkələməyə çalışırlar, mitinqlər haqqında mənfi rəy formalaşdırırlar.

Amma bundan sonra heç bir əks-təbliğat effekt verməyəcək.  Çünki, bütün əks-təbliğatlar hökumətin özünü hədəf alır.  Hökumətin müxalifətə qarşı ittihamları ikrah doğurur. Qarabağ danışıqlarından tutmuş, iqtisadi siyasətə qədər bütün təbliğat ifşa edilib. Xalq da başa düşür ki, çıxış yolu bu rejimin getməsidir. Bunun üçün isə mitinqlər mütləq olmalıdır. Xalqın varlığı meydanlarda bilinir. Xalq meydanlardan uzaq düşəndə, hökumət xalqın taleyi üzərində qumar oynayır.

Akif