Faiq Əmirlinin xanımına məxsus maşın niyə qaytarılmır?

faiq-amirli2İstintaqçılar 2 günə avtomobilin qaytarılacağını desələr də, hələ girov saxlayırlar

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin xanımı Lalə Əmirliyə məxsus avtomobil hələ də qaytarılmayıb. Xatırladaq ki, Faiq Əmirli avqustun 20-də həbs edilib. Həmin gün onun evində və avtomobilində axtarış aparılıb. Istintaqçılar maşında axtarış aparmaqla kifayətlənməyərək avtomobili də özlərilə aparıblar.

Həmin vaxt onlara avtomobilin Faiq Əmirliyə deyil, xanımına məxsus olduğu bildirilsə də, heç nə dəyişməyib. Istintaqçılar iddia ediblər ki, bu sadəcə formalistikadır. Onlar maşının uzağı 2 günə geri qaytarılacağını deyiblər. Sonradan bildirildi ki, Faiq Əmirlinin həbs-qətimkan tədbirinin seçilməsindən apellyasiya şikayətinə baxıldıqdan sonra maşın qaytarılacaq. Faiq Əmirlinin şikayətinə baxılması da artıq 3 gündür ki, arxada qalıb. Amma hələ də qaytarılmayıb. Məsələ ilə bağlı dəfələrlə Baş Prokurorluğa müraciət olunsa da, nəticəsi yoxdur. Elə “Azadlıq”ın rəhbərliyi bir neçə dəfə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla danışıb. O, istintaqın rəhbərilə əlaqə saxlayacağını bildirib. Lakin dünən məsələnin nə yerdə öyrənmək istəsək də, Eldar Sultanov zənglərə cavab verməyib.

Faiq Əmirlinin vəkili Aqil Layıcov isə bildirib ki, maşının saxlanılmasının heç bir əsası yoxdur. O deyib ki, maşın cinayətin predmeti deyil, cinayət yolu ilə əldə olunmayıb.

Vəkil əlavə edib ki, avtomobil qaytarılmasa, məhkəmə nəzarəti qaydasında şikayət veriləcək.

Xatırladaq ki, Faiq Əmirli qondarma “gülənçi ittihamı” ilə həbs edilib. O, “Azadlıq”ın yayım direktoru olmaqla yanaşı AXCP sədri Əli Kərimlinin köməkçisidir.