Dini məsələlərlə bağlı cəzalar sərtləşdirilir

mescid dinQanunvericiliyə bu dəyişikliklər hansı zərurətdən irəli gəlir?

Cinayət və Inzibati Xətalar məcəllələrinə dəyişiklik edilir. Artıq dövlət başçısı parlamentə bu barədə təqdimat verib. Təklif olunan dəyişikliyə görə, Azərbaycanda ibadətgahlardan kənarda, o cümlədən ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və dini bayraqların nümayişi qadağan olunur. Bununla məşğul olan əcnəbilər maliyyə sanksiyası tətbiq olunmaqla, ölkədən deportasiya ediləcək.

Həmçinin, dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən, ömürlük həbs cəzası tətbiq olunacaq.

Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Maraqlıdır, qanunvericiliyə bu dəyişikliklər hansı zərurətdən irəli gəlir?

elxan-shahinoglu

 

Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycana dini təhlükə var və dövlət bu yolla radikal elementlərə qarşı mübarizə aparır: “Hökumət bu istiqamətdə müəyyən addımlar atır. Amma bu dəyişiklikdən ictimai-siyasi fəallara qarşı istifadə olunacağını düşünmürəm”.

Qanunvericiliyə dəyişiklik layihəsinin Prezident Administrasiyasından gəldiyini nəzərə alaraq, parlamentin də  onu təsdiqləyəcəyinə əminliyini vurğulayan E.Şahinoğlu yada salır ki, Suriyada müharibə başlayanda azərbaycanlılardan da döyüşlərdə iştirak edənlər oldu: “Indi isə azərbaycanlılar alternativ yol olaraq, ordan qayıtmaq istəyirlər. Yəqin ki, onları burada nəzarətə götürəcəklər. Bu elementlərlə mübarizə mənasında da qanunvericilikdə dəyişikliklərə gedilir. Amma yenə deyirəm, bu dəyişikliklərdən müxalifət təmsilçilərinə qarşı tətbiq ediləcəyinə inanmıram”.

Ilahiyyatçı ekspert Elşad Miri isə deyir ki, bayraqlar, onların müxtəlif binalarda, küçələrdə asılması dünyanın hər yerində var. Onun fikrincə, insanların rəsmi dövlət bayrağı və digər bayraqları hörmət əlaməti olaraq hardansa asması qəbahət sayılacaq məsələ deyil. Bunu təqdirəlayiq hal kimi qiymətləndirən ekspert, insanların bayraq sevgisini müsbət qarşılayır: “Təki insanların bayraq sevgisi olsun. Dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən, ömürlük həbs cəzası verilməsinə gəlincə, buna misal olaraq Türkiyədəki hadisələri göstərmək olar. Bu gün Tükiyədə bəzi qüvvələr heç kimin inanmadığı  cinayət hadisələri törədiblər. Onların əsas prinsipi guya ”döyənə əlsiz, söyənə dilsiz” idi. Halbuki, onlar prinsiplərinin tamamilə ziddinə getdilər. Dinc sakinlərə, səsini çıxarmayan insanlara qarşı da müxtəlif formalarda cinayətlər törədib, qətllər həyata keçirdilər. Türkiyədə də edam məsələsi gündəmə gəldiyi halda, Azərbaycanda da bu əməllərə görə cəzanın sərtləşdirilməsi təəccüblü olmamalıdır”.

Nigar