Bu da gözlədiyimiz acı sonluq…

saadet-cahangir-koseSəadət Cahangir

“Ağılsız çoban”ın hekayəsini eşitmiş olarsınız. Sürüsünü yaylağa sürüb, payız yaxınlaşınca yurd yerinə qayıdan elatın içində biri çox “ağıllı” çıxır. Havalar sərinləyən kimi geri dönməyə başlayan köç karvanlarına baxıb, “hələ vaxta var, qoy sürüm bir az bəslənsin, hara tələsirəm” deyib, yaylaqda qalır. Bir səhər durub baxır ki, qarşıdakı uzaq dağa qar yağıb. Evdə arvad-uşağın “yurda dönək” təkidinə baxmayıb, yenə inadını yürüdür. Üç gün sonra qarşıdakı ikinci dağa qar yağır. Adam xəbərdarlığı yenə anlamır və bir həftə də qalacağında israr edir. Ertəsi gün yuxudan oyanıb görür ki, hər tərəf qar içində, addım atmaq belə zor. Qarı çətinliklə yara-yara qoyun sürüsünü saxladığı alaçığa tərəf qaçır. Gördüyü mənzərədən yerindəcə donub qalır. Bütün sürü qara batıb tələf olmuş, içindən biri də sağ çıxmamışdı…

Əlbət ki, adam gərək özünü bu qədər ağıllı və dikburun aparmasın. Edilən xəbərdarlığı, verilən siqnalı alıb vaxtında başının çarəsini qılsın ki, bu parabeyin çobanın gününə düşməsin. Amma gəl ki, bizim ölkə insanının təhlükə siqnalına reaksiyası da elə bu çobanın reaksiyasına bənzəyir. Qarşıdakı iki dağın qarından nəticə çıxarmayan adama bəxt, tale neyləsin?  Eləcə, iki devalvasiyadan ayılmayan xalqa kim və necə yardım etsin? Çobanın ağılsızlığı üçüncü qarı necə yağdırmışdısa, ölkə insanının vecsizliyi də üçüncü devalvasiyanı elə gətirdi. Düşdüyümüz günə baxın! Banklar dollar satışını dayandırıb, qiymət artımı əndazədən çıxıb. Nə satan, nə alan durumu idarə etmək gücündə deyil. Satıcılar “malların qiymətini qaldırmağa məcburuq”  deyir. Qiymət tənzimləyicilərinin də, deyəsən, quyruğu qapıya sıxışıb. Nə açıq-açığına yeni bahalaşma dalğasını bəyan edə bilirlər, nə də bunun qarşısını almaq gücündədirlər. Ölkə iqtisadiyyatı ləngərləyə-ləngərləyə durub. Amma bu ləngərləmənin qəfil bir kəllə-mayallaq yerə aşması da var axı. Indi tam o yerə gəlib çıxmışıq. Deyəsən artıq ölkənin “başlı başını saxlasın” deyilən hərc-mərclik mərhələsinə qədəm qoyuruq. Dilimin ucuna çox acı, sərt, acımasız sözlər gəlir. Amma bunu elə bir cümlə ilə ifadə edim də, getsin: ölkəm insanı, bunu sən özün istədin, ölkənin durumu məhz sənin susqunluğundan bu yerə gəldi.  Yazıq, çox yazıq!

Iqtisadçılar ölkənin artıq hiperinflyasiya istiqamətinə yol aldığını açıqlayırlar. Yəni qiymət artımı kəlləçarxa vuracaq, iqtisadiyyat ciddi təhlükə qarşısında qalacaq. Çoxdan gözlənən təhlükə idi, əslində. Ağlı başında olan hər kəs yaxın zamanda bunun baş verəcəyini bilirdi. Biz də illərdir dönə-dönə bunun necə ağır fəsadlar törədə biləcəyini insanlarımıza xatırladırıq. Amma eşidib-duyan kim, dəyirman öz işində, çax-çaxı baş ağrıdır. Indi bir halda ki, söhbəti olmayan ağlı üzündən sürüsünü güdaza verən çobanın hekayətindən başladıq, nə zamansa mətbuatda oxuduğum bir hadisəni də xatırladım. Hardasa iki il öncə Türkiyənin Yüksekova bölgəsində sürüdən ayrılaraq, qar və sisdən yolu azan 230 qoyun uçurumdan tökülərək qırılmışdı. Əlbət ki, dünyanın bəlli inkişaf qanunlarından ayrılıb  boş-boş lovğalanmağın, “biz dünyaya yol göstəririk” deyib sinəyə vurmağın, “kimsə daxili işimizə qarışmasın” deyib gülünc şəkildə öyünməyin sonu belə olmalıydı. Sonu boş kisəni götürüb “daxili işimizə müdaxilə edənlərdən” pul dilənəcək nöqtəyə gəlib çıxmaq olmalıydı. Çox acı sonluqdur, deyilmi? Həm də ağrısını milyonların çəkəcəyi acı sonluq…