“Azadlıq”ı susdurmağa qoymayın

azadlig-qazetiAzərbaycan hakimiyyəti “Azadlıq” qəzetini susdurmaqda israrlıdır. Əvvəlcə “Azadlıq”ın yayım direktoru Faiq Əmirli qondarma “gülənçi ittihamı” ilə həbs olundu. Daha sonra qəzetin  bank əməliyyatları aparılmasına süni maneə yaradıldı. Nəticədə qəzet çapını dayandırmaq məcburiyyətində qaldı. Artıq qəzetin əməkdaşlarını istintaqa cəlb etməyə başlayıblar.

Sentyabrın 6-da qəzetin əməkdaşı Xəyal Babayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində çağırılıb. Sentyabrın 7-nə isə qəzetin digər əməkdaşı Vidadi Məmmədov Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.

“Azadlıq” qəzetinin kollektivi bütün bunları söz azadlığına basqı kimi dəyərləndirir. Qəzetin kollektivi hesab edir ki, hakimiyyətin bu addımları Azərbaycanın ilk müstəqil qəzetinin birdəfəlik susdurulmasına hesablanıb.

Bu baxımdan “Azadlıq” qəzeti Mətbuat Şurasına, yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanda hüquqi dövlət qurulmasında maraqlı olan bütün siyasi qüvvələrə baş verənləri diqqətə almağı, ölkənin müstəqilliyində xüsusi rolu olan “Azadlıq”ın bağlanmasına biganə yanaşmamağa çağırır.

“Azadlıq”