Pambıqçılıq ciddi valyuta gətirən sahə deyil

rovshen agayevRövşən Ağayev

Ölkə prezidenti dünən Salyanda çıxışı zamanı bir daha pambıqçılığın inkişafının vacibliyi haqda danışıb.
Onun fikrincə həm ölkəyə valyuta gətirmək, həm də əhalinin məşğulluğu baxımından pambıqçılıq vacib sahədir.
Pambıqçılıq ölkəyə real olaraq nəq qədər qazanc gətirə bilər?
Reallıq budur ki, bizdə pambığı son məhsula çevirərək yox, əsasən mahlıc kimi satmağı düşünürlər. Azərbaycanda 1 hektardan maksimum 2.5-3 ton xam pambıq yığılır ki, bundan təxminən 1 ton mahlıc alınır. Hazırda dünya bazarında 1 ton mahılıcın qiyməti təxminən 1700-1800 dolardı. Hökumətin hədəfi 50 min pambıq əkməkdir – deməli bu sahə tam əkilsə, pambıqçılıq ən yaxşı halda 80- 90 milyon dollar valyuta gətirə bilər.
Məşğulluq baxımından sövet dövründən fərqli olaraq müasir pambıqçılıq əməktutumlu deyil. Səbəbini deyim: Sovet dövründə pambığın seyrəltməsi, alaq otlarından təmizlənməsi fəhlə gücü ilə aparılırdı. Amma indi pnevmatik çiyidsəpənlər toxumu elə norma ilə və məsafədə səpir ki, çıxış vermiş kolların əllə seyrədilməsinə ehtiyac qalmır. Ziyanvericilərə və alaq otlarına qarşı elə effektiv dərman vasitələri istehsal edilir ki, texnika ilə səpilən bu dərmanların hesabına pambıq tarlalarını sovet dövründə olduğu kimi əllə təmiz saxlamağa ehtiyac qalmır. Nəhayət, sovet dövründə çox geridə qalmış pambıqyığan traktorlar vardı. Məhsulun az qala 70%-ni sahədə qoyurdu, ona görə traktorun ardınca çoxlu sayda fəhlə ordusu tarlaları təmizləməklə məşğul olurdu. Mütəxəssislərin dediyinə görə, müasir traktorların yığdığı sahələrdə demək olar ki, əl yığımına ehtiyac qalmır. Ən yaxşı halda suvarma işində fəhlə gücünə ehtuyac var ki, bunda da 50-100 hektarlıq sahləri 3-4 nəfərin gücü ilə həyata keçirmək mümkündür.
Bir sözlə, nə valyuta qazancları, nə də məşğulluq baxımından pambıqçılığın ölkəyə böyük fayda gətirəcəyini dövlət başçısına kim məlumat veribsə, sonacan analiz aparmayıb.
Bu məsələdə ən böyük günahkar Kənd Təsərrüfatı Nazirliyidir. Hər bir sahə üzrə master planlar hazırlanmalıdır. Bu planlarda inkişafı təklif olunan sahələrin gətirəcəyi faydalarla yanaşı vura biləcəyi ziaynlar da dəqiq göstərilməli, tələb olunan reusrslar, risk və təhlükələr dəqiq əsaslandırılmalıdır.
Məsələn, mən mübahisə edə bilərəm ki, meyvəçilyin inkişafı bütün parametrlərinə görə Azərbaycana daha böyük fayda gətirər…
Pambıqçılığa sərmayə qoyulmasının əleyhinə deyiləm, amma bu sahə öz toxuculuq sənayemiz üçün xammal (iplik, parça) bazası olmayacaqsa, ondan böyük fayda gözləməyin yeri yoxdu.
Özbəkistan kimi pambıqçılıq ölkəsi pambıq ixracından qazancına baxmaq kifayətdir ki, mənzrə aydın olsun.