Özünə şahidlik anı…

yalcin3Yalçın İmanov

“Nardaran işi”ndə Tale Bağırzadə çarpaz dindirmə zamanı dostu Fərayilin (Bünyatov) öldürülməsi anından danışır və “… bu adam (ifadə verən polis şahidi göstərir) Fərayili maşında o qədər avtomatın qundağıyla vurdu ki, zorla son nəfəsində “Allahu Əkbər!” qışqırdı, məni çağırdı ki, Hacı…” deyir, qəfildən tutulur, sözünün ardını gətirə bilmir, heç kimin və yəqin özünün də gözləmədiyi halda kövrəlir…

Dostunu, qardaşını, əzizini yanında döyə-döyə öldürürlər, üstəlik, o son nəfəsində səni haraylayır, köməyə çağırır, amma sən həyatının bu ən mühüm və vacib çağırışına cavab verə bilmirsən, çünki həmin an acizsən, gücsüzsən və bu acizliyini, gücsüzlüyünü özün də dərk edib, anlayırsan.

Güman ki, Taleni kövrəldən, Fərayilin qəddarlıqla öldürülməsindən daha çox, onun son çağırışına cavab verə bilməməsi, harayına yetişə bilməməsi, köməyinə çata bilməməsi və bütün bunları özünün də dərk etməsiydi.

…Uşaq vaxtlarının söhbətidi. Lap balacaydım. Məhəllədə (kənd məhəlləsi nə olasıdı ki) iki yeniyetmə dalaşırdı. Biri, o birinin – evdən əlində çörək parçasıyla gələnin vurub tikəsini yerə, palçığın içinə saldı, üstündən də bir-iki yumruq ilişdirdi. Döyülənin gözləri dolmuşdu.

Niyəsə, bəlkə də çörəyi əlindən düşdüyünə görə, bəlkə də gözləri dolduğuna görə, döyülən mənə haqlı tərəf kimi gəlirdi. İndi də həmin vaxt keçirdiyim hissləri xatırlayıram. Döyülənə kömək edə bilməməkdən doğan anlaşılmaz pərtlik və kəskin dərk edilən gücsüzlük hissi.

…Gücsüzün güclünün, ədalətin şərin qarşısında zəifliyini və tənhalığını anlamaq və bu anladığını yaşamaq hissi özgə bir dərddi. Bu dərd nəinki adamı kövrəldə, hətta hönkürdə də bilər. Elə bil ağır, üzücü, müalicəsi mümkün olmayan bir xəstəliyə tutulmusan və hər gün də kimsə günün bəlli bir saatında gəlib qapını döyür, bu sağalmaz xəstəliyi qəsdən, ironiyayla yadına salır, sonra da heç nə olmamış kimi ayaqqabılarını taqqıldada-taqqıldada çıxıb gedir.

***

Adamın, xüsusən şahidin nə danışdığına fikir verməyin, bədən dili daha maraqlıdır və daha çox informasiya verir. Beş illik intensiv vəkillik fəaliyyətim dövründə saysız-hesabsız şahid-zərərçəkən polislərin məhkəmə ifadələrini dinləmişəm. Onlar bir qayda olaraq ifadə verəndə kürsü arxasında səksəkəli “stoyka” tutur və yalnız özlərinin eşidə biləcəyi templə danışırlar. Auditoriyanın “bir az möhkəm danış”, “eşidə bilmirik” reaksiyaları onları arada canlandırıb ayıltsa da, az keçmir, yenidən öz templərinə qayıdırlar.

Bu nə çevrilmədir? Polis şöbələrində at oynadan adam məhkəmə zalında niyə quzuya dönür?

Bəlkə məhkəmə zallarının tipik azərbaycanlıda yaratdığı əbədi xof? Ağlım kəsmir. “Nida”çıların işində MTN-in əməliyyat müvəkkili nümayişkaranə etinasızlıqla, saqqız çeynəyə-çeynəyə, amma pıçıltıyla sərbəst ifadə verirdi. Bizim məhkəmələr, keçmiş MTN-in, indiki DTX-nin, Mütəşəkkilin əməliyyatçılarını xoflandıracaq qədər qüdrətli deyil. Bəs onda nə? Ağlın ehtiyatlılığı, ya peşə bicliyi? Bu da inandırıcı deyil. Onlar boylarına biçilmiş rolu, istintaqa verdikləri ifadələri əzbərçi şagirdlər kimi danışıb qurtarandan sonra verilən bütün suallara “mən əmrə tabeyəm, kiməm ki, əməliyyata rəhbərlik eləmiş filankəs müəllimdən soruşun bunu” tipli ağla ilk gələn pinti cavablar verirlər.

Bəlkə öz rollarına, danışdıqlarına şüuraltı əminsizlik? Bilmirəm, bəlkə də, insan təbiətini tədqiq eləyib tez və qəti nəticəyə gəlmək əksərən məyusedici işdi. Amma bütün hallarda bir məsələ gün kimi aydındır ki, bu, səksəkəli “stoyka”, bu pıçıltılı ifadə tərzi özünə şahidliyin stixiyasıdır. Məhkəmə zalları güman ki, başqasına deyil, məhz özünə şahidliyin metafizikasını açır. Hərçənd, varoluşun bu qəliz mistikasını bizim məhkəmələrdə anlayıb, dərk eləmək elə də asan məsələ deyil. “Qodonun intizarında”nın qəhrəmanının sözlərini bir balaca dekonstruksiya eləsək, “yadımda deyil, mənim çıxdığım məhkəmələrdə Allah var idi, ya yox…”

***

İnsan dünyaya özünə şahidlik üçün gəlir. Qalan bütün şahidliklər bunun yanında nədir ki?!…