Korrupsiya – repressiya axarında referendum

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Ölkəni referenduma getdirirlər: soyub-yağmalama, tapdayıb-əzmə, yıxıb-yenmə, qısaca desək, korrupsiya-repressiya axarında. Yeni referandum yoluyla ailə diktaturasını daha başarılı, daha ötkün etmək istəyirlər. Pis-yaxşı, etkili-etkisiz demokratik dünya olmasaydı, xalqı buldozerlərlə kürüyüb, tank qabağına yığıb özləri üçün könül açan referendum şousu düzəldərdilər – AzTV-lərin çal-çağırı içində. Ancaq indiki dünyada bu başdan o başa milyonlar səpələyib bazarlıqlar yapsan da, bu, bütünlüklə keçərli olmur. Indiki dünyada referendum-seçki oyunlarının keçərli olması üçün çox aferist, çox fırıldaqçı olmalısan.

Görün prezident köməkçisi Ə.Həsənov sonucunu çoxdan bəlli etdikləri, daha doğrusu, uduşunu çoxdan qarantiyaladıqları referendumla bağlı nə deyir: “Referendum aktını ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır”. “Islahatların davamı kimi” – aferistlik budur, fırıldaq budur: ölkədə indiyədək hansı “islahat” olub, hələ bir onun “davamı” da olsun?! Təpədən dırnağa rüşvətxor-korrupsioner, bu üzdən də soyğunçu-yağmaçı, yırtıcı-dağıdıcı hakimiyət komandasıyla gerçək reforma (“islahat”) keçirmək olarmı?!

Üstəlik, bir çoxu imperialist istəklərindən əl çəkməyən Rusiyanın agenti olan, bir çoxu daha çox satılmaq – daha çox qazanmaq üçün yalnız Rusiyanın agenti olmaqla qalmayıb bir sıra başqa dövlətlərin də agenti olan (ikiqat-üçqat agent) bir komandayla! Gürcüstanın Demokratik hakimiyətinə düşmən olan Rusiya hökuməti nəyə görəsə elə hey əliyevçi hakimiyət komandasına orden-medal paylayır (Ramiz Mehdiyevlə Əli Həsənov başda olmaqla). Bəlkə, aqressor Putin o orden-medalları əliyevçi rejimin ölkədə durmadan gerçəkləşdirdiyi, Azərbaycanı gücləndirib göylərə qaldırdığı uğurlu demokratik reformalara görə ödülləndirir? Tərsinə: Rusiyanın imperiya ambisiyasına bütünlüklə bağlı olan AQRESSOR Putin əliyevçi korrupsioner rejimə arxa durmaqla, bu rejimin başlıca funksionerlərini öz bildiyi kimi stimullaşdırmaqla Azərbaycanın salındığı quyunu daha da dərinləşdirməyə, daha da çıxmaza çevirməyə çalışır.

Başqa bir yandan yanaşsaq, bunlar gerçəkdən “islahatlar” aparır, o “islahatları” durmadan dərinləşdirirlər – öz düşüncələrinə, öz dünyagörüşlərinə, özlərinin soyğunçu-yağmaçı, yırtıcı-dağıdıcı xarakterlərinə uyğun olaraq aparılan, durmadan dərinləşdirilən “islahatlar”! Bu uğurlu, durmadan dərinləşdirilən “islahatların” sonucu olaraq Əliyevlər ailəsi bu gün dünyanın ən varlı hakimiyət ailəsidir. 23 il qabaq Moskvada kiçik biznesdən uzağa gedə bilməyən Ilham Əliyev bu gün dünyanın ən varlı prezidenti sayılır – “islahatın” gücünə baxın! 23 il qabaq qapançı işləməklə ailəsini güclə dolandıran prezident köməkçisi Ə.Həsənov görün indi nə deyir: “Ailəmin malik olduğu şirkətlərlə fəxr edirəm”. Bunun alt anlamı bilirsiz nə deməkdir: ailəmin “malik” olduğu milyonlarla “fəxr” edirəm! “Islahatın” gücünə baxın!

Siz bir “islahatların” gücünə baxın: bütün dövlət qurumları, o sıradan təhsil, sağlamlıq, gömrük, vergi, məhkəmə-hüquq sistemi, ən acınacaqlısı, dövlət qurumlarını korrupsiyadan qorumalı olan bəlli qurumun özü korrupsiya içində üzür. Elə indi keçirilməsi sanksiyalaşdırılan referendumun özü də KORRUPSIYA REFERENDUMUdur! Əliyevlərin “ömürlük” baş prokuroru Z.Qaralov 2013-cü ildə demişdi: “Dövlətçiliyə qarşı hər cür qəsdlərə qarşı barışmaz mübarizə aparılacaq”. Bəlli olduğu kimi. Z.Qaralov korrupsiya dövlətçiliyinin baş prokurorudur. Onun apardığı MÜBARIZƏ də bu dövlətçiliyi qoruma MÜBARIZƏSIDIR. Referendumla bağlı baş alıb gedən repressiyalar da bu üzdən legitim sayılacaq repressiyalardır. Axı, bu REFERENDUM AKTI korrupsiya dövlətçiliyini daha da gücləndirməyə yönəlik ISLAHATlARIN DAVAMI KIMI QIYMƏTLƏNDIRILIR! Gedin, səs verin…