Hökumətsizlik

ilhamaliyev-shekide1Komandada xalqa izahat verəcək adam yoxdur

Ölkədə vəziyyət olduqca ağırdı. Hər gün maliyyə gərginliyi özünü daha çox göstərir. Azərbaycan manatı devalvasiya rekordu vurur. Son 10-15 gündə ölkədə ciddi ajiotaj yaranıb.  Iş adamları sürətlə ölkədən çıxır. Ölkədə olan iş adamları isə əllərindəki dolları dövriyyəyə buraxmaq istəmirlər.

Manatın hər gün ucuzlaşması fonunda dollar xərcləyib ölkəyə məhsul idxal etmək iş adamlarına sərf etmir. Əksinə, indi ən sərfəli biznes dollar yığmaq hesab edilir. Maliyyə sektorunun əsas dayağı olan bank sistemi çökür. Ötən gün 23 bank dollar satışını rəsmən dayandırdı. Bu gün isə bütün banklar dollar satmaqdan imtina etdi. Azərbaycanın Mərkəzi Bankı 11 milyarddan artıq vəsait itirib.

Bəli, iqtisadiyyatda ciddi kataklizm yaranıb, qarşıdakı mərhələ daha ağır nəticələr vəd edir və vətəndaş taleyin ümidinə buraxılıb.

Məsələ burasındadır ki, bütün iqtisadi göstəricilər aşağı düşsə də heç bir dövlət qurumu real vəziyyəti şərh etmir. Iqtisadi kataklizmlər haqqında müstəqil ekspertlərin, iqtisadçıların araşdırması nəticəsində xəbər tuturuq.

Prezident, Mərkəzi Bankın sədri, Maliyyə Naziri, digər aidiyyəti şəxslər xalqa izahat vermir, hökumət fəlakətin miqyasını gizlətməyə çalışır. Ancaq yaranmış ajioatajın qarşısını almaq üçün rəsmi açıqlama verilməli, hökumət qarşıdakı mərhələnin üzə çıxaracağı çətinliklərdən cəmiyyəti agah etməlidir. Onsuz da iki sarsıdıcı devalvasiya xalqı əldən salıb. Artıq müflisləşmiş adamlara “inkişaf nağılları” danışmaq dövrü arxada qalıb. Hökumət reallığı etiraf etməli, həqiqi mənzərəni göstərməlidir.

Amma baş verənlər və buna münasibət göstərir ki, ölkənin ən böyük problemi hökumətsizlikdi. Hətta ən ağır mərhələdə də hökumət vəziyyəti dəyişmək, real addımlar atmaq iqtidarında deyil. Ölkəni cəhənəmə çevirib, bu cəhənnəmə tamaşa edirlər. Hətta bu cəhənnəmdən də öz maraqları naminə yararlanmağa, vətəndaşın cibinə girməyə çalışırlar.

Bir daha təkrar edirik ki, ölkədə hökumətsizlik hökm sürür. Ölkəyə bazar kimi baxan bir qrup adam, çətin vəziyyətdə ölkədən imtina ediblər. Heç bir rəsmi şəxs real vəziyəti müzakirəyə çıxarmağa, xalqa həqiqətləri çatdırmağa qadir deyil.

Faktiki olaraq ölkəni idarə edənlər aciz vəziyyətdədir, çirkin xislətlərindən imtina etmirlər və bütün enerjilərini müxalifəti ləkələməyə yönəldiblər.

Bəli, əgər ölkədə hökumət olsaydı, milli valyuta dəyərsizlik rekordu vurmazdı, banklar sıradan çıxmazdı, milyardların axdığı büdcə boşalmazdı. Bizim ən böyük problemimiz hökumətsizlikdi. Ölkə başsız qalıb, başda oturanların isə bu ölkəyə aidiyyəti yoxdur.

Samir