Yanan binada MTN işi necə araşdırılacaq?

muzeffer-baxishovMüzəffər Baxışov: «Məhkəmədə digər cinayətin törədilməsiylə bağlı əsaslandırılmış fikirlər səsləndirilirsə, prokurorluq yeni araşdırmaya başlamalıdır»

Yanan bina ilə bağlı məhkəmə prosesində maraqlı proseslər cərəyan etməkdədir. Məhkəmə prosesində verilən ifadələr hərtərəfli araşdırmanın vacibliyini ortaya qoyur. Məhkəmənin qeyri-müəyyən vaxta qədər təxirə salınmasının səbəbləri barədə redaksiyamıza gələn məlumat barədə yazmışdıq. Yada salaq ki, son məhkəmə prosesi avqustun 16-da keçirilib.

Həmin prosesdə “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov sensasiya sayıla biləcək ifadə verib. O bildirib ki, hadisədən bir neçə gün əvvəl – mayın 13-də MTN-in bir polkovnik və bir də mayor rütbəli iki səlahiyyətlisi ofisinə gələrək ondan pul istəyib. Amma o, pulu verməyib və üç gün sonra – mayın 16-da onların üzlədiyi tikililərdən birində – Veteranlar Şurasının yerləşdiyi binada yanğın törədilib. Ardınca da mayın 19-da 15 nəfərin ölümü ilə nəticələnən Binəqədi yanğını.

“Azadlıq”a daxil olan məlumata görə isə prosesin qeyri-müəyyən vaxta təxirə salınmasının səbəbi Miryusif Mahmudovun bu ifadəsi olub. Bildirilir ki, bu ifadə artıq yanan bina ilə “MTN işi” arasında əlaqənin olduğu barədə deyilənlərin növbəti təsdiqi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, yanan bina ilə bağlı məhkəmə prosesi başlamışdan əvvəl bildirilirdi ki, bu olayla bağlı cinayət işi “MTN işi”nə birləşdirilə bilər.

Hətta hökumətin nəzarətində olan bəzi media orqanları bu hadisəsinin MTN-dəki şəbəkə tərəfindən törədilə biləcəyi barədə məlumatlar da yayırdı. Lakin hansısa səbəbdən yanan bina ilə bağlı cinayət işi “MTN işi”nə birləşdirilmədi.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Cinayət Prosessual Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə ona göndərilmiş ittiham üzrə işə baxır. Konkret iş üzrə neçə təqsirləndirilən şəxs var, həmin şəxslərə Cinayət Məcəlləsinin hansı ittihamları irəli sürülübsə, o ittihamlar üzrə də iş aparılır: “Məhkəmənin özünün səlahiyyəti yoxdur ki, məhkəmə iclasında verilmiş bu və ya digər ifadəyə görə kimlərisə cinayət məsuliyyətinə cəlb etsin. Amma Cinayət Prosessual Məcəllənin tələblərinə görə, əgər məhkəmədə bu və ya başqa şəxslərin bu və ya digər cinayətin törədilməsiylə bağlı əsaslandırılmış fikirlər səsləndirilirsə, məhkəmənin vəzifəsidir ki, qanunu tələblərinə bu barədə ibtidai araşdırmanı aparan prokurorluğa məlumat versin və məhkəmədə səslənən fikirlərin araşdırılmasını ondan tələb etsin. Əgər binadakı yanğını MTN-in törətməsinə dair üzlüyü istehsal edən şirkətin rəhbəri kifayət qədər inandırıcı ifadələr veribsə, bunlara inanmaq olar. Çünki, Azərbaycanda 17 oktyabr 2015-ci il tarixə qədər MTN-in şirkətlərə, sahibkarlara qarşı təxribatlar törətməsi barədə kifayət qədər faktlar var. Məhkəmə bu barədə prokurora məlumat verməklə həmin hadisənin səbəblərinin araşdırılması, hadisəni törədən şəxslərin müəyyənləşməsi istiqamətində tövsiyələr verə bilər”.

M.Baxışovun sözlərinə görə, prokurorluq da ona məhkəmə tərəfindən verilən məlumatı araşdırmağa borcludur. Hüquqşünasın fikrincə, bu hadisəni törədənin müəyyən edilməsi çox vacibdir. Çünki, Azərbaycan ictimaiyyəti həmin hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin heç bir təqsiri olmamasına inanır. “Ona görə bu hadisənin törədilməsinə görə kimlərin məsuliyyəti var, kimlər bu işi törədibsə, onların ortalığa çıxarılmasına ehtiyac var. Amma təəssüf ki, hüquq mühafizə orqanları onlara verilən sifariş əsasında fəaliyyət göstərir. Sifarişlər əsasında bu və ya digər şəxslərə ittihamlar irəli sürülür. Baxmayaraq ki, onlar bu əməlləri törətməyiblər”.

Xəyal