Gültəkin Hacıbəyli: «Hakimiyyət Azərbaycanda Avrointeqrasiya kursunun tərəfdarlarını sıradan çıxarmağa çalışır»
Bir müddət əvvəl adı siyasi məhbus siyahısında olan şəxslərin azadlığa buraxılması xarici dairələrdə elə təəssürat yaratdı ki, hakimiyyət siyasi məhbus problemini çözmək niyyətindədir. Amma hazırda repressiya dalğasının yeni vüsət alması bu mülahizələrin yanlış olduğunu deməyə əsas verir.
Digər tərəfdən, ciddi maliyyə problemləri yaşayan Azərbaycan hakimiyyəti xarici maliyyə institutlarından vəsait cəlb etməyə çalışır. Belə olan təqdirdə ölkə daxilində siyasi gərginliyin artırılması, Azərbaycanın beynəlxalq təcrid, sanksiya hədəfinə gətirilməsi nəyə lazımdır? Axı hakimiyyətin demokratik düşərgəyə qarşı basqıları onun maliyyə cəlb etmək imkanlarını əhəmiyyətli dərəcədə daraldır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, əslində hazırda çox ciddi geosiyasi mübarizənin fəsadlarını yaşamaqdayıq. Azərbaycanın ABŞ-la münasibətlərində buzların əriməsi mərhələsinin bu ilin martına təsadüf etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, adları siyasi məhbus siyahısında olan bir çoxu əfv edildi: “Onların arasında çox önəmli simalar var idi. Qərbin Azərbaycanda əsas tərəfdaşları olan QHT nümayəndələri, ictimai-siyasi xadimlər Anar Məmmədli, Intiqam Əliyev, Tofiq Yaqublu və digərləri azadlığa buraxıldı. Bu insanların azadlığa çıxması bilavasitə ABŞ Konqresində sanksiya xəbərdarlıqlarının gündəmə gəlməsiylə bağlı idi. Artıq fevraldan etibarən sanksiya ilə bağlı müzakirələr başlamalı idi. Görünür, Azərbaycan hakimiyyəti o zaman ABŞ-a müəyyən mesajlar yolladı və zaman istədi. Doğrudan da bir neçə aydan sonra proses başladı və bunun ardınca Ilham Əliyevin ABŞ-a səfəri oldu. Görüş əsnasında müzakirə olunan məsələlər arasında insan haqları və demokratiya məsələləri prioritet təşkil edirdi”. Bu vəziyyətdə Rusiyanın reaksiyasının özünü çox gözlətmədiyini xatırladan G.Hacıbəyli vurğuladı ki, Qarabağda konflikt yenidən alovlandı, erməni tərəfi təxribata əl atdı və bütün bunların ardınca aprel döyüşləri baş verdi. Bütün bunlar Rusiyanın mövqelərini yenidən ələ keçirmək cəhdləri idi: “Qarşıdurma hər gün, hər saat davam edir. Bu qarşıdurmada Qərbin addımlarına Rusiya müəyyən əzələ nümayişi ilə cavab verir. Bu proses apreldən sonra da davam etdi. Azərbaycan hakimiyyəti hətta aprel hadisələri zamanı Azərbaycan xalqının yüksəlmiş hərbi-vətənpərvərlik duyğularından istifadə edərək müxalifətin səsini batırmaq istədi. O zaman Əli Kərimlinin evinin qarşısında gülünc aksiyalar təşkil edilirdi. Nə üçünsə YAP fəalları Qarabağı heç bir səlahiyyətləri olmayan müxalifət liderindən tələb etməyə başladılar. Halbuki həmin vaxt kifayət qədər irəliləmişdi və ordunun geri çəkilməsinə görə məsuliyyəti müxalifət daşımırdı. Yəni bütün bunlar göstərir ki, istənilən situasiyada Azərbaycan hakimiyyəti geosiyasi qarşıdurmadan istifadə edərək, daxildə rəqiblərini sıradan çıxarmaq üçün istifadə edir”.
Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin müxalifətin üzərinə hücum baxımından hakimiyyət üçün yeni bəhanə verdiyini deyən G.Hacıbəyli bildirdi ki, Azərbaycan daxilindəki “5-ci kolon” Rusiya və Türkiyə arasında olan konfliktdən yenə öz maraqları baxımından istifadə etməyə çalışır. Və baş verənlər demokratik düşərgənin üzərinə yürüşlə yadda qaldı: “Rusiyanın direktivləri ilə hərəkət edən ”5-ci kolon”un fəaliyyəti bu gün də göz önündədir. Öncə Qərbin tərəfdaşı olan QHT sektorunu sıradan çıxaran qüvvələr hazırda demokratik düşərgəni – Milli Şuranı, AXCP-ni hədəfə alıblar. Məqsəd Azərbaycanda, ümumiyyətlə, Avrointeqrasiya kurusunun tərəfdarlarını sıradan çıxarmaqdır. Ümumiyyətlə, bu cərəyanı məhv etməkdir. Bununla siyasi hakimiyyət ömürünü uzatmağa çalışır. Çünki hakimiyyət ölkədə olan iqtisadi böhrana görə çox narahatdır. Ona görə narazılıq pik həddinə çatmış cəmiyyəti qorxudaraq susdurmağı hədəf alıb. Digər tərəfdən, bu vəziyyət Rusiyanın bölgədəki maraqlarına tam cavab verir; Qərblə əməkdaşlıq potensialı olan istənilən qüvvələri sıradan çıxarmaq. Burada Rusiyanın “5-ci kolon”unun imkanlarını genişləndirir, onların əl-qolunu açır. Bu baxımdan baş verənləri bu konteksdə qiymətləndirmək gərəkdir”.
Xəyal