20 illik ipoteka elanları nəyə hesablanıb?

oqtay-haqverdiyevOqtay Haqverdiyev: «Bəzi tikinti şirkətləri bu adla boş qalan binalardakı mənzilləri satmaq istəyir»

Azərbaycan Ipoteka Fondu (AIF) son 3 ayda heç bir kredit verməyib. “Fins.az”ın məlumatına görə, sentyabrın 1-nə qədər ölkədə 17 min 997 ipoteka krediti verilib. Həmin kreditlərin ümumi məbləği 730 milyon 802 min 420 manatdır.

2016-cı ilin yanvar ayınadək ipoteka kreditlərinin ümumi sayı 17 min 925, həcmi isə 729 milyon 737 min 519 manat idi. Bu ilin aprelində 93 min 19 manat dəyərində 2, mayda isə 100 min manat həcmində 2 ipoteka krediti verilib.

Ipoteka Fondunun son aylar kreditləşməni dayandırmasının əksinə olaraq, hələ də paytaxtda və televiziya kanallarında 20 illik ipoteka kreditləri barədə elanlar verilməkdədir. Ipoteka kreditləşməsi dayanıbsa, bəs onda 20 illik ipoteka verilməsi nəyin göstəricisidir? Belə vəziyyətdə, əhali onları hansı təhlükənin gözləməsi barədəki narahatlıqlarını da gizlətmir.

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev dünya təcrübəsində ipoteka məsələsilə dövlətin yox, bankların məşğul olduğunu deyir. Qeyd edir ki, bizdə isə bunun əksidir. Yəni dövlət  büdcəsindən pul ayrılır və müxtəlif proseslərlə banklar onu böyük faizlə vətəndaşlara verir: “Indi isə iqtisadi böhranla əlaqədar dövlət pul ayıra bilmir. Ona görə də ipoteka  prosesi dayanıb. Elanlara gəlincə, bəzi tikinti şirkətləri bu adla əllərində qalan mənzilləri satmaq istəyir. Hazırda ipotekanı tikinti şirkətləri tətbiq edir. Bank və dövlət artıq bu məsələdən kənardadır. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Nəticədə  mənzil satışında problem yaranıb. Tikinti şirkətlərinin 400-ə yaxın boş binaları var ki, onları alan yoxdur. Bu mənada, 20 illik ipoteka elanları vasitəsilə mənzilləri satmaq istəyirlər”.

Nigar