Elnur Seyidovun şikayəti üzrə məhkəmə başladı

elnurseyidov2

Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin həbsdə olan qaynı, “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun şikayəti üzrə ilkin baxış iclası keçirilib. Seyidovun səhhətindəki ağır problemlərlə əlaqədar cəzanın qalan hissəsindən azad edilməsinə dair şikayətə Ilqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Elnur Seyidov bu məsələ ilə əlaqədar Qarabağ Rayon Məhkəməsinə müraciət etsə də, onun müraciəti təmin olunmamışdı. Indi həmin qərardan verilən apellyasiya şikayətinə baxılır.

Apellyasiya şikayəti üzrə məhkəmə baxışı sentyabrın 8-nə təyin olunub.

Xatırladaq ki, Elnur Seyidov 2012-ci ilin martında MTN tərəfindən “Texnikabank” işinə görə həbs edilib. Baxmayaraq ki, ona qarşı irəli sürülmüş ittihamlar təsdiqini tapmayıb, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Elnur Seyidov özü də ittihamları rədd edir.

Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir.

AXCP sədri Əli Kərimli də Elnur Seyidovun onunla qohumluğa görə cəzalandırıldığını bildirib.