Azərbaycanın Türkiyədəki yatırımları 4 milyard dollardan çoxdur

az-turk-bayraq

İlham Əliyev ölkədə sərmayədarlara yaxşı şərait yaradıldığından danışır

Iqtisadçı ekspert Rövşən Ağayev Türkiyə Iqtisadiyyat Nazirliyinin ölkəyə investisiya qoymuş xarici şirkətlərin adlı siyahısını dərc etməsi və yatırımların məbləği haqqında məlumatını paylaşıb: “Türkiyə Iqtisadiyyat Nazirliyi hazırkı tarixə Türkiyədə fəaliyyət göstərən xarici sərmayəli şirkətlərin adlı siyahısını dərc edib. Ölkədə 49933 belə şirkət fəaliyyətdədir. Ondan 1901-i və ya 3.8%-i Azərbaycan kapitallı şirkətlərdir. Kifayət qədər böyük saydır. Azərbaycan məəli şirkətlərin Türkiyədəki sərmayəsinin həcmi 4.4 milyard dollardır. Bu məbləğə görə Azərbaycan 12-ci sıradadı”.

Bununla belə ölkə başçısı Ilham Əliyev Azərbaycanda sərmayədarlara yaxşı şərait yaradıldığını bildirir: “Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir”. Ölkə başçısı bu fikirləri dünən Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2″ layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasından sonra kollektiv ilə görüşdə söyləyib.

Iqtisadçı-ekspert Nemət Əliyev isə deyir ki, ölkədə sərmayədarlar üçün hər cür şəraitin yaradılması barədəki fikirlər yalnız təbliğata hesablanıb. Burda məqsəd yalnız xarici investorları inandırmaqdır. Çünki söylənənlərin real şəraitlə heç bir əlaqəsi yoxdur. Ekspert deyir ki, son bir il və 6-7 ay müddətində iqtisadiyyata investisiya qoyuluşu kəskin şəkildə aşağı düşüb. Bu sahəyə kapital yatırımı keçən illə müqayisədə bu il 6,9 milyard manatdan 3 milyard manata qədər azalıb:

Bu ilin 7 ayında yerli investorların iqtisadiyyata investisiya qoyuluşu 70 faizə qədər aşağı düşüb. Keçən il xarici investorların fəaliyyəti güclənmişdisə, bu ilin əvvəlində onlar investisiya yatırımına xeyli miqdarda xitam veriblər. Bu ilin ilk 4 ayında xarici investorlar sərmayə qoyuluşunu 14 faiz azaldıblar. Ilin 7 aylıq göstəricisinə görə, bu, 20 faizə qədər aşağı düşüb. Iqtisadiyyata investisiya qoyuluşunun azalması prosesi gedir. Əlverişsiz investisiya mühiti nəticəsində beynəlxalq reytinq təşkilatları ölkənin reytinqini aşağı salıblar. Ölkədə ədalətli biznes mühiti olmadığı üçün onların bura investisiya gətirəcəyini düşünmək sadəlövhlükdür. Bunu stimullaşdırmaq üçün daxildə hərtərəfli iqtisadi islahatlar aparılmalıdır. Ona görə təbliğat yönümlü fikirlərin səsləndirilməsi əbəsdir”.