Kəmalə Rüstəmova: «İlhamə xanım dedi ki, telefondan nazirlərin, deputatların nömrələrini silin»
“Ilhamə Quliyeva dedi ki, ”onun telefonunu alın, oradan mənim bütün tanışlarımın – nazirlərin, deputatların nömrəsini silin”. Mehriban içəri girən kimi çantasını əlindən aldılar, kimlərlə əlaqə saxladığını, danışdığını öyrənmək üçün telefonunu, pulunu götürdülər”.
Bunu Ilhamə Quliyevanın var-dövlətini ələ keçirməyə cəhddə ittiham olunan, mərhum xalq artistinin köməkçisi olmuş Mehriban Hüseynovanın məhkəməsində şahid Kəmalə Rüstəmova deyib.
Bir müddət əvvəl internetdə köməkçisinin yalvara-yalvara Ilhamə Quliyevadan üzr istədiyi görüntülər yayılmışdı. K.Rüstəmova da, əsasən, həmin hadisə ilə əlaqədar dindirilib.
I.Quliyevanı M.Hüseynova vasitəsilə tanıdığını deyən şahidin sözlərinə görə, həmin görüntüləri xalq artistinin mətbuat katibi Faiq Ələkbərli çəkib: “Bir gün əvvəl Ilhamə xanım mənə dedi ki, ”xəbərin var, Mehriban saxta sənədlər düzəldib mənim var-dövlətimi ələ keçirmək istəyir”. Bir neçə səsyazısı göstərdi, orada Ilhamə xanımın, mənim də ünvanıma təhqiramiz ifadələr vardı. Ertəsi gün məsələni aydınlaşdırmaqdan ötrü Mehribanı Ilhamə xanımgilə çağırtdırdıq. Ülvi Qılınc, Faiq Ələkbərli, Ilhamə xanımın oğlu Orxan, onun dostu Vüqar Bəkirov da orada idi. Içəri girən kimi məni söydüyünə görə Mehribana sillə vurdum. Çantasını əlindən aldılar. Bir otağa girdilər, oradan qışqırıq səsləri eşidirdim”.
M.Hüseynova hakimlərə deyib ki, həmin vaxt onu orada döyüblər, hətta bıçaqla xəsarət yetiriblər. K.Rüstəmova isə bunları görmədiyini bildirib: “Ilhamə xanım dedi ki, “onu bağışlayıram, təki məni Floranın, Nazpərinin, Brilyantın, Elzanın yanında xar eləməsin”. Mən Ilhamə xanıma da dedim, indi də təkrar edirəm, Mehribanın saxta sənəd düzəldib var-dövlət ələ keçirmək istədiyinə inanmıram. Ilhamə xanım onsuz da ona etibarnamə vermişdi. Etibarnaməni də mənim yanımda imzalamışdı. Həm də Mehriban ona bir övladın anasına göstərdiyi qayğını göstərirdi. Ilhamə xanımın ayağı qorxunc vəziyyətdə idi. Dəfələrlə görmüşdüm ki, Mehriban onun ayağını sarıyır”.
Məhkəmə sentyabrın 6-da davam edəcək.
Mehriban Hüseynova ötən ilin oktyabrında saxlanıb. Ittihama görə, Mehriban Hüseynova saxta sənədlər düzəltməklə Ilhamə Quliyevanın əmlakını ələ keçirməyə cəhd göstərib. Ona CM-nin 29,180.3.2-ci (zərərçəkmişə külli miqdarda ziyan vurmaqla soyğunçuluq cəhdi) maddəsilə ittiham elan olunub.
Mehriban Hüseynova özünü təqsirli bilməyib. O, indiki mərhələdə ifadə vermək istəməsə də, günahsız həbs edildiyini deyib.



