natiqedilov

Cəbhəçilik və Gülənçilik

natiqedilovNatiq Güləhmədoğlu

Stəkanda fırtına – bu ifadə indi ölkəmizdə “Gülənçi ovu”na çox uyğundur. Tamamilə ciddiyyətini itirən hüquq-mühafizə orqanları, onlara lakeylik edən media, bu xora qoşulan çoxstajlı çuğulların haray-həşirlərinə baxanda adam həm məəttəl qalır, həm də gülür. Bu yekəlikdə, ancaq qabiliyyətsizliklə ifa olunan aktyorluq kimə gərəkdir? Sifarişçinin amalı nədir?

Ciddi dövlət qurumlarının icad elədiyi “Gülənli absurdlar” az qala, lətifələri geridə qoyur. Bir yandan özləri Gülənin kitablarının qadağan edilmədiyini deyir, o biri yandan bu kitabları kiminsə evinə, rəfinə atıb, o adamları həbs edir.

Gülənlə görüşənlər, onu tərifləyənlər, onun adamlarının bol iltifatından yararlanıb, Istanbuldan Amerikaya qədər müzəffər yürüşlər eləmiş şəxslər qalıb kənarda, cəbhəçiləri “fətullahçı” elan edib, repressiyaya məruz qoyurlar.

Bu arada, mən xüsusi ləzzətlə F.Gülənin real simpatizanlarının açıqlamalarını oxuyuram. “Biz onu tanımırıq” deyib, necə yaxa cırırlar?!

Comərdlik məktəbində dərs almamış bu adamlardan elə şeylər görmək təəccüb yaratmamalıdır. Əksəriyyəti hakim cinahda mövqe tutub, rahat həyat şəraitində yaşayaraq, daim müxalifətə qarşı yaramaz mövqeyi ilə seçilən bu adamlar, həm də bizim ilham qaynağımızdı. Sizə qəribə gəlməsin, düz oxudunuz, ilham qaynağımız.

Bu adamlar (Gülən camaatının xeyir-duası ilə ətə-qana dolanlar) hələ bir çırtma dadmamış, az qalırlar, nəinki F.Gülənə simpatiyalarını, hətta öz varlığını inkar eləsinlər. Fikir verin, bunlar gülənçidilərsə, guya, hələ o dünyaya, axirətdə haqq-hesaba iman gətirmişlərdir, pis-yaxşı əqidə sahibi olublar. Onlar hələ belə gündədilərsə, siz başqalarının sabahını düşünün. O sabahı ki, onda Əliyev rejimi olmayacaq, küçələrdə işıq dirəklərindən çox, heykəllər ucalmayacaq… Zülm maşını metalloma göndəriləcək. Yaltaqlıq, yalançılıq “çörək ağacı” statusunu itirəcək. Onda ən parlaq müxalifətçi yalan olacaq, bunlar bülbül kimi cəh-cəh vurub, öz mənəvi atalarını elə inkar edəcəklər ki…

Fətullah Gülənin bugünkü inkarçıları eyni zamanda, hakimiyyətin başbilənlərini də düşündürməlidir. Bu adamlar bu gün ondan imtina ediblərsə, sabah sizi lap oda da atmağa hazırdılar. Yox, mən çağırış eləmirəm ki, o adamlar təcili müəyyənləşdirilib güllələnməli, şişə taxılmalıdır. Əsla. Bu, çarə deyil, yol deyil.

Birincisi, hökumət aydınlıq gətirməlidir ki, Fətullah Gülənlə bağlı cinayət nədir? Türkiyədə hərbi qiyama qalxanlar olub, bunu bildik, bu cinayətdir. Ancaq tutaq ki, Kürdəmirin “Buzludağ” kəndində Fətullah Gülənə simpatiya bəsləyən, onun kitablarını oxuyan adamların bu məsələyə nə dəxli? Bu cür axmaq əlaqələndirmə ilə adam tutulmalıdırsa, zirək tərpənin, ölkə boyunca Çe Gevaradan tutmuş, Ben Laden, Leninə qədər təhlükəli adamların kitabını oxuyan, videosuna baxan nə qədər adam varsa, tutun, salın türməyə.

Türkiyə mətbuatında oxuduğuma görə, Gülənin kitablarına qarşı orada da aqressiv davranış göstərilir. Nə bilim, yandırırlar, küçəyə tullayıb üstündə mal-heyvan gəzdirirlər. Lakin elə türk müəllifinin yazdığı kimi, bu davranış o kitabları hörmətə mindirməkdən, oxucu tələbatı yaratmaqdan savayı bir işə yaramayan şeydi. Dövlət çevirilişinə cəhdi təşviq edən Gülən qeydlərinə heç bir kitabında rast gələ bilməzsiniz. Rast gəlsəniz, onda, Gülən müəllim Gülən olmazdı ki… Neçə vaxtdır bəs Türk mediası, ictimai-siyasi simaları nəyin girincidir? Onlar hələ də müəyyənləşdirməyə çalışırlar ki, bu nəhəng şəbəkə hansı gizli metodlarla idarə edilib, insanların beyninə “əsl gülənçi” ideyalar hansı formada köçürülüb? Cavablar arasında “Gülən kitabları” yoxdur!

Əlbəttə, bizim prokurorluqda kitab oxuyan adam nadir hadisə olduğundan, onlara bunu başa salmaq qəliz söhbətdir, ancaq ümid edirəm, heç olmasa, Kamal Abdulla bunu biləcək və padşahına məruzə edəcək.

“Gülən rüzgarları”nın ölkəmizdə üzə çıxardığı ən vacib məqam budur: dövlət də, insanlar da o şeyə söykənməlidir ki, onun müqaviməti olsun. Onurğası olmayan adamlardan lap qoşun yığ, o qoşuna öldürücü gücü ən yüksək olan silah ver, xeyri yoxdur, ilk sınaqda səni satacaq.

Bu baxımdan, bir az tərəfkeşlik kimi görünsə də, deyim ki, bu günlərdə AXCP üzvlərinin cəmiyyətimiz üçün nə qədər dəyərli olduğunu bir daha təsdiq olunur. Bir manat qazancları olmadan, həyatın ən ağır məhrumiyyətlərini, ancaq əqidələrinə görə yaşamalı olan cəbhəçilərə öz yollarından çəkilmək üçün nələr, nələr təklif edilməyib? Şərlənərək həbsə düşən nə qədər cəbhəçilərə azadlığı və üstündə bonus kimi, cah-cəlal təklif edilib. Əlbəttə, nəfsinə uyanlar da olub, lakin ocaq müqəddəsliyini qorumağı bacarıb. Minlərlə cəbhəçi o ocağın hərarətini öz fədakarlığı ilə saxlayır.

Şair yanılmamışdı:

Yurdu yalnız ərənlər, qəhrəmanlar tanıdır,

Öz canından keçənlər – xalqın zəfər nəğməsi,

Darmadağın edəcək, düşməni Xalq Cəbhəsi!