«Dollara böyük tələbat olsa da, dollar qıtlığı yaşanır»
Samir Əliyev: «Dollar qıtlığı özü ilə manatın məzənnəsini çəkib aparır»
FED-in iki şöbəsinin rəhbəri ABŞ Mərkəzi Bankının növbəti iclasında faizlərin artırılması ilə bağlı qərar veriləcəyinə inandığını bildirib.
FED-in “Kanzas City” şöbəsinin rəhbəri Eşther Corc (Esther George) son 2 ayda məşğulluqda müşahidə olunan artımı əsas gətirərək ABŞ iqtisadiyyatında əmək haqlarının yüksələcəyini və bununla da istehlakın artacağını bildirib. Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə hüququ olan E.Corc qeyd edib ki, bu ilin I yarısında ABŞ-da iqtisadi artım zəif olub. O, istehlakda artımın müşahidə olunması ilə bu ilin II yarısında ÜDM artımının sürətlənəcəyinə inandığını vurğulayıb. Onun fikrincə, bu ilin ikinci yarısında ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma səbəb olacaq: “Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli olaraq artırılmasının tərəfdarıyam. Amma bunun üçün məşğulluğun daha da artması və inflyasiyanın sabit olması lazımdır”.
FED-in “Dallas” şöbəsinin rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayaraq tələbatın artmasının sayəsində bu ilin II yarısında ABŞ-da ÜDM-in artacağını bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R.Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.
Qeyd edək ki, indi bazarlar və investorların diqqəti FED Canet Yellenin Vyominq ştatında (Wyoming) iqtisadi siyasətlə bağlı ənənəvi illik konfransında çıxışına yönəlib (apa).
FED-in qərarı manatın onsuz da gərgin vəziyyətini bir qədər də qəlizləşdirə bilər.
Hazırda iqtisadiyyatda baş verənlər, dollar satışının hər ötən gün daha da sərtləşdirilməsi, məhdudiyyət tətbiq olunması nvöbəti devalvasiyanı qaçılmaz edir.
Banklar çıxılmaz durumda
Banklar dolların satış məzənnəsini təyin edə bilmir. Banklarda dolların məzənnəsi ilə bağlı naməlumluq yaranıb. Dünən saat 10:45 dəqiqələrinə qədər banklar günün məzənnəsini təyin edə bilməyiblər. Bundan əlavə, gün ərzində dollar əməliyyatlarının həyata keçirilib-keçirilməyəcəyinə dair banklarda dəqiq qərar da yoxdur.
Nəzərə çatdıraq ki, srağagündən başlayaraq banklar dollar satışına limiti 300 dollardan 100 dollara endiriblər (Fins.az).
Kartlarla dollar mübadiləsinə qadağa
Artıq manatla olan kartlardan dollara mübadilə etməyə də qadağalar qoyulduğu söylənir. “Bank Respublika”dan verilən məlumata görə, avqustun 26-dan manatın dollara konvertasiyası dayandırılıb.
Bankdan açıqlanıb ki, bu, bəzi müştərilərin mübadilə üsullarından sui-istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır: “”Bank Respublika”nın kartları vasitəsilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatların keçirilməsi dayandırılacaq. Bankın təklif etdiyi sərfəli mübadilə tariflərindən bəzi müştərilərin sui-istifadə etmələrini nəzərə alaraq, bu addım atılıb”,- deyə qeyd edilir.
Əməliyyatların növləri bunlardır:
– Manatla kartlardan xarici valyutada “Card to Card” əməliyyatları;
– Xarici valyutalı kartlardan manatla mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);
– Manatla kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);
– Manatla kartlardan xarici valyutada “Card to Account” əməliyyatları;
– Digər bankların kartlarından “Bank Respublika”nın xarici valyutada olan kartına manatla köçürmə əməliyyatları (Card to Card).
Bir neçə gün öncə bəzi banklar manatla kartlardan xarici valyuta konvertasiyası haqlarını 4 faizədək artırdı. Ekspertlərə görə, bu qadağalarda əsas məqsəd dollar alışını azaltmaqdır.
Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycanın valyuta bazarında baş verənlərin FED-in qərarı ilə əlaqəsi yoxdur. Uçot dərəcəsi qaldırıldığı halda bunun Azərbaycanın milli valyutasından yan keçməyəcəyini söyləyən S.Əliyev vurğuladı ki, bu gün ölkədə faktiki olaraq dollar qıtlığı var. Bankların özlərinin öhdəlikləri olduğunu deyən S.Əliyev vurğuladı ki, banklar öncə xarici borclarını qaytarmalıdırlar: “Bundan başqa, ölkəyə idxal getdikcə artır. Ona görə də idxal şirkətlərin dollara olan tələbatı artır. Digər tərəfdən, bankların özünün müştəriləri qarşısında dollar öhdəlikləri var. Onlar da yerinə yetirilməlidir. Bütün bunlar ona gətirib çıxarır ki, dollar qıtlığı var. Amma dollar da tapılmır. Buna səbəb ölkəyə dolların məhdud halda gəlməsidir. Bu gün faktiki olaraq dollar satışını Neft Fondu həyata keçirir. Ay ərzində 8-9 dəfə hərrac keçirilir. Bu hərraclarda 50 milyon dollar satılır. Amma tələbat daha çox olur. Hətta tələbat bəzi hallarda 12 dəfə artıq olur”.
Ona görə də bankların məhdudlaşdırmağa getməyə məcbur olduğunu deyən S.Əliyev vurğuladı ki, dollar qıtlığı özü ilə manatın məzənnəsini çəkib aparır. Hazırda MB-nin tətbiq etdiyi dörd faizlik marja ilə bankların dollar satmasının sərf etmədyini deyən S.Əliyev qeyd ki, banklar daha çox gəlir əldə etmək üçün dolları “qara bazar”a yönəldir. Bütün bunlar onu deməyə əsas verir ki, dolların bahalaşması üçün böyük zəmin yaranıb: “Mərkəzi Bank dollar ajiotajını yatırmalıdır. Bunun üçün bir sıra addımlar atılmalıdır. Bazarı valyuta ilə təmin etmək lazımdır. Amma bu da çıxış yolu deyil. Çünki tələbat getdikcə artır. Ölkədən böyük həcmdə kapital axını var. Ölkəyə gələn valyuta isə azdır. Ona görə Neft Fondu yaranmış vəziyyətdə dəstək verməlidir”.
Xəyal