Əli Kərimlidən vicdan məhbusuna təbrik

elvin-abdullayevAdətən insanlar müdrikliyə daha çox həyat təcrübəsi qazandıqdan, bir az yaşlandıqdan sonra çatırlar. Lakin indi elə bir ölkədə, elə bir dövrdə yaşayırıq ki, çox gənc ikən həyat tərzini müəyyən etmək, əqidəsinə sahib olmaq, rejimə qarşı mübarizə aparmaq, haqsızlığa susmamaq kimi məsuliyyətli, təhlükəli yolu, yoxsa ətrafdakılara biganə qalmaqla sadəcə öz həyatını yaşamaq, siyasətə qarışmamaq seçimi qarşısında qalırlar vətəndaşlarımız.

Hazırda həbsdə olan, 23 yaşlı cəbhəçi Elvin Abdullazadə birinci yolu seçənlərdəndir, çox cavan olsa da bu çətin lakin şərəfli mübarizə yolunu şüurlu seçməklə erkən yaşlarında çatıb müdrikliyinə. Vətənində  rejimin şəri, zülmü tüğyan etdiyi bir zamanda o, həm real həyatda, həm də virtual məkanda susmadı, qorxmadı, sosial şəbəkədə durmadan yazdı, etiraz mitinqlərində iştirak etdi, məhkəmələrə gedib siyasi məhbuslara dəstək oldu. Mücadiləsi ilə bərabər təhsilini də unutmadı, çox gənc yaşında 2-ci ali təhsilinə də başladı. Çünki bu günkü mübarizənin sonunda qurulacaq azad, demokratik Azərbaycanda savadlı kadrlara ehtiyac olacağı inamı güclü idi. Buna görə mütaliəsinə, dünyagörüşünü artırmağa da vaxt ayırırdı bu müdrik insan. Bir çox yaşlılara örnək olası həyat və düşüncə tərzi…  2015-ci ilin yanvar ayında həbs olunanda Elvin bəyin cəmi 21 yaşı vardı, öz dostları, cəbhədaşları və facebook dostları arasında tanınırdı yalnız. Lakin bu 19 ay ərzində onu bütün dünya tanıdı az qala, beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edildi. Həm məhkəmədəki çıxışlarında, həm də həbsxanada olarkən də rejimə meydan oxudu, haqq yolda olduğunu bir daha bəyan etdi, cəbhədaşlarının daha böyük nüfuzunu qazandı. Çox sevindirici haldır ki, ailəsi tərəfindən də böyük dəstək görür Elvin, dönməz əqidəsinə, sınmaz iradəsinə, həqiqətpərəsliyinə görə… Həbsxanada da öz biliyini artırdığını, sevgili kitablarından ayrılmadığını bilirik. Bax belə savadlı, fədakar, cəsur, azadlıq və demokratiya aşiqi olan bir gənci narkotik ittihamı ilə şərləyib məhbəsə salıb bu antimilli iqtidar. Bu gün – 27 avqust əzizimiz Elvin Abdullazadənin doğum günüdür, cəmi 23 yaşı tamam olur, amma daha yaşlı insanların qazanmadıqlarını qazanıb artıq bu müdrik gəncimiz. Əlbəttə, Elvin azad olacaq, çox sevdiyi vətənində demokratik dəyərlərin bərqərar olduğu cəmiyyətdə yaşayacaq, xalqına öz bacarığı, professionallığı ilə xidmət edəcək, buna əminəm, lakin ölkəmiz üçün bu qaranlıq dövrdə, bir çoxlarının özlərini qorumaq üçün susduqları, kölgəyə çəkildikləri zamanda apardığı haqq mübarizəsi ilə, həbsə də mətanətlə sinə gərərək zülmətə işıq saçması ilə yaddaşlara, tarixə həkk olunub artıq… Doğum günün, 23 yaşın və qəzan mübarək, əziz Elvin bəy, səni bütün cəbhədaşların, demokratik ictimaiyyətin və səni tanıyan, sevən, qədrini bilən vətəndaşlarımız adından ürəkdən  təbrik edirəm. Səninlə sonsuz qürur duyuruq, çünki bunu haqq etdin, vicdanlı yol seçməyinlə, əqidənə sadiqliyinlə, böyük fədakarlığınla, vətəninə, millətinə, dostlarına, ailənə məhəbbətin, mehribanlığın və səmimiyyətinlə, öz ləyaqətini, intellektini dəmir barmaqlıqlar arasında yaşadığın çətinliklərə rəğmən qorumağınla… Hörmətli Elvin bəy, sənə sevdiklərinlə bərabər sağlıqlı uzun ömür, müqəddəs amallarının gerçəkləşməsini arzulayıram, Allah tezliklə qapını açsın!