Öldürən sınaq laboratoriyası

saadet-cahangir-koseSəadət Cahangir

Azərbaycan səhiyyəsi ölkə insanı üzərində sınaq təcrübəsi aparmaqda davam edir. Məmləkəti sınaq laboratoriyasına çeviriblər. Bu dəfə faciə Gəncədə baş verib. 17 yaşlı qız burun əməliyyatı zamanı dünyasını dəyişib. Gənc qızın ölüm səbəbləri haqqında sosial şəbəkələrdə müxtəlif fikirlər dolaşır. Bəziləri əməliyyatı aparan həkimin içkili olduğunu, bir başqası onun anestezoloqun səhvi ucundan vəfat etdiyini yazır. Ya zəlzələdən, ya vəlvələdən, fakt budur ki, xəstə narkozdan ayılmayıb, əməliyyat masasındaca ölüb. Bu son ayların neçənci bənzər ölüm hadisəsidir, sayını belə itirmişik. Xatırlayırsınızsa, bir az əvvəl Sumqayıtda da beş yaşlı qız boğaz əti əməliyyatı zamanı narkozdan ayılmamışdı. Nələr olur, axı? Bu ölkəyə lənətmi yağıb, nədir? Son 2-3 ildir intihar statistikası vurub kəlləçarxa çıxmışdı. Bir həftədə 5 intihar faktının qeydə alındığı tarixi də  xatırlamış olmalısınız. Indi silsiləyə səhiyyəmizin aldığı canlar daxil olub. Bütün bunlar təsadüf ola bilməz ki. Bütün bunları əcəlin üstünə atıb həkimləri təmizəmi çıxaraq indi? Səhiyyəmizin bərbad durumda olduğunu bilməyənmi var? Hər kəsə bəllidir ki, ölkə insanı artıq öz həkimlərimizə etibar etmir. Insanların ucdantutma canını götürüb qonşu ölkələrə qaçması da öz səhiyyəmizə güvənsizlikdən irəli gəlir. Heç kim özünə ucuz ölüm istəmir. Azacıq imkanı olan ən pis halda üzünü tutur Irana və ya Gürcüstana. Imkansızlar da ki, heç… Bəlkə əvvəllər yazmışam. Bir həkim tanışımız deyirdi ki, ölkədə xəstələrin 60-70 faizi həkimlərin yarıtmazlığından ölür. Inanmamağa hansı əsasım var ki? 80-ci illərdə tələbələr Tibb universitetində oxuyanlar haqqında zarafatla “gələcəyin qəssabları” deyirdilər. Əslində, bu zarafatda acı bir həqiqət gizlənirdi. O illərdə tibb üzrə oxuyan tələbələrin böyük hissəsinin “pul hesabına” təhsil aldığı kimsəyə sirr deyildi. Bax, o hesabın acısını indi bu millət çəkir. Bu ağrılı məsələdən danışarkən, peşəkar həkimlərimizi də qətiyyən incitmək fikrində deyiləm. Işin üzü-astarı nədir, onu hər kəs bilir. Heç şübhəsiz ki, sağlamlığımızı çəkinmədən etibar edə biləcəyimiz həkimlərin olduğunu da kimsə inkar etmir. Amma məsələ ortada olan reallıqdır. O reallıq ki, ölkə insanı tibb müəssisələrinə ayağı ilə canlı şəkildə gedir, tabutlarda ölü şəklində çıxır. Səhiyyə naziri və başqa səlahiyyət sahibləri də heç nə olmayıbmış kimi səssizcə işinə davam edir. Onların özlərinin də müayinə və müalicə üçün uzaq xaricə getdikləri lətifə deyil. Bu, bir açıq gerçəkdir. Nə qədər acı olsa da, reallıq budur. Ölkə səhiyyəsinin başında oturanlar belə, öz sağlamlıqlarını öz əllərinə etibar etmək iqtidarında deyillər. Onlardan yuxarıda oturanlarla bağlı da ki, heç söhbət gedə bilməz. O canı əzizlərin barmaqlarına tikan batanda da təyyarəyə oturub, Avropaya uçurlar. Ölkə səhiyyəsi bu gündədir, yəni. Xəstəxanalarda həm millətin qabığını soyur, həm də pasientlərlə sınaq təcrübəsi aparırmış kimi, necə gəldi biçib-tökürlər. Oxuduğuma görə, Gəncədə ölən gənc qızın qohumları əməliyyat aparan həkimləri döyüb şil-küt edib. Bəs necə bilmişdiniz? Insanlar bir gün bezib canlarının acısını belə çıxmaq zorunda qalacaqlar. Axı siz özünüz insanları Hammurapi qanunlarında yazılan qaydalarla davranmağa məcbur edirsiniz. Xatırlayırsınızsa, ordakı qaydalardan bir neçəsi belədir: “Əgər adam adamın gözünü tökübsə, onun gözü tökülməlidir”, “əgər uçmuş evdə ev sahibinin oğlu ölərsə, ev sahibi həmin evi tikmiş bənnanın oğlunu öldürmək haqqına sahibdir”. Bir ölkəyə sivil dünyanın qaydaları girə bilmirsə, sonda buna bənzər qaydaların ayaq alıb gedəcəyi istisna deyil…