Elnur As elnurastanbeyli@gmail.com
Azərbaycan 23 ildir aparılan yanlış iqtisadi siyasətin bədəlini ödəyir, həm də hər keçən gün bir az da ağır formada.
Son günlər manatın taleyi ilə bağlı bəd proqnozların rəngi bir az da tündləşib.
Az qala hər gün ölkəni tərk edən xarici şirkətlər haqqında oxuyuruq.
Işsizliyin miqyası anbaan böyüyür. Işsizliklə bərabər səfalətin, aclığın ayaq səsləri hər an daha yüksəkdən eşidilir.
Orta statistik azərbaycanlı xirtdəyəcən borc bataqlığındadır.
Adamlar get-gedə gündəlik sosial ehtiyaclarını ödəmək imkanlarından belə məhrumdurlar.
Insanların üzündə təbəssüm yoxdur.
Toplumun daxilindəki aqressiya, ümidsizlik, qəzəb, öfkə, çarəsizlik göz önündədir. Bunu hələ də görməyənlər xəbər lentlərində bir-birini əvəz edən amansız qətl, dəhşətli, tükürpədici cinayət hadisələri barədə məlumatları oxusunlar.
Kimsə oturub düşünürmü, 9 milyonluq bir ölkədə hər gün bu qədər qanlı, vəhşət dolu cinayət niyə, necə baş verir?
Və bütün bu olub-bitənlərə rejimin reaksiyası nədir? Köhnə hamam, köhnə tas. Hələ də müxalif kəsimi basqı, təhdid altında saxlamaq, siyasi sifarişli qanunsuz həbslərlə, absurd həddinə çatmış, adamlarda artıq yalnız ikrah deyil, həm də ironiya doğuran, ölkə içində və ondan kənarda gülüş doğuran qondarma ittihamlarla xalqda xofu, qorxunu bir az da gücləndirmək istəyirlər.
Bir sözlə, Azərbaycanı hər gün bir az da sürətlə yaxınlaşdığı uçurumdan qorumaq yolunu 23 ildir olduğu kimi, yenə də cəmiyyətdə vintləri bərkitməkdə, avtoritar dayaqları möhkəmləndirməkdə görürlər.
Anormallığın miqyasına baxın: Fəzail Ağamalısından Siyavuş Novruzovunadək rejim yanlıları öldürülən “qanuni oğru”nun, kriminal avtoritetin arxasınca mədhiyyələr düzərkən, ona həsəd, qibtə dolu sözlər sərf edərkən, ölkədə qanunun aliliyini, hüququn üstünlüyünü tələb edən müxaliflərə kin, nifrət püskürür, onları ləkələmək, şərləmək yolu seçirlər… Nə deyəsən, güləsən, ya ağlayasan?!
Əli hər yerdən üzülən sadə vətəndaş mağazalara çörək, kolbasa, pampers… oğurluğuna girir, kredit bataqlığında boğulan adamlar son çarəni intiharlarda görür, siz isə danışan dilləri qıfıllamaqla, yazan əlləri qandallamaqla, problemlərdən real çıxış yolunu göstərənləri dəmir barmaqlıqlar ardına atmaqla işlərin düzələcəyinə inanırsınız. Ya da inanmaq iistəyirsiniz. Dəhşətdirmi? Əlbəttə, dəhşətdir.
Başa düşürük: bu ölkədə hüzur, rifah yaratmaq, hüquqi-demokratik dövlət qurmaq üçün önəmli məsafə qət etməyə imkan verə biləcək 23 il kimi nəhəng bir zaman itirilib.
Bu 23 illə bərabər on milyardlarla dollarlıq nəhəng neft pulları itirilib, sümürülüb, mənasız layihələrə, idman, musiqi yarışlarına xərclənib, heç bir dərdə dərman olmayıb.
Barı bundan sonra gerçəkləri görmək, “yanlışın harasından dönülsə, kardır” demək yerinə eyni xətaları təkrarlayıb durmaq, bunun bu ölkədə başda elə rejim olmaqla, hər kəsə nə qədər ağır bədəllər ödədəcəyini anlamamaq, anlamaq istəmək heyrətamizdir.
Daha heyrətamiz olanı: doğrudanmı, bu olan-bitənləri qarşı tərəfdə görən, görüb də dilə gətirmək cəsarəti olan bircə nəfər də yoxdur? Hakimiyyətin verdiyi vəzifəni, maddi imtiyazları itirmək qorxusu, ya da kreslo, karyera ehtirası hamısında bu qədərmi güclü, ölkənin taleyindən, indisindən, gələcəyindən bu qədərmi üstündür?! Həqiqətənmi bunlardan heç biri 23 illik bəlli yolun Azərbaycanı hüzura, rifaha, hüquqi-demokratik dövlətə qovuşdurmaq iqtidarında olmadığını anlamır, ya da anlamaq istəmir? Həqiqətənmi gələcək nəsillərə nə qədər ağır, qorxunc maddi və mənəvi miras qoyulduğunun kimsə fərqində deyil?!
Ustad Nazim Hikmətin sözü olmasın, bu vətənə necə qıyırsınız axı!