ABŞ kürdlərə əmr verdi: «Fərat çayını keçməyin!»

turkmen-suriyaMüdafiə naziri: «Türkiyə ordusu Suriyada hələ uzun müddət qalacaq»

 

Türkiyə Suriyada “Fırat Kalkanı” əməliyatını davam etdirir. Hazırda Suriyada Türkiyəyə məxsus 200 mexanikləşdirilmiş birlik və 150 xüsusi təyinatlı əsgər olmaqla, ümumilikdə 350 hərbçi IŞID-ə qarşı hərbi əməliyyatlara qatlılıb. Əməliyyatda 15-20 tankın iştirak etdiyi, Suriya səmasında isə  Türkiyənin 17 hərbi təyyarəsinin olduğu bildirilir.

Dünən səhər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri telefonla danışığı olub. Tərəflər söhbət zamanı Türkiyənin Cerablus əməliyyatını dəyərləndiriblər. Və iki ölkə arasındakı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Kerri Çavuşoğluna PYD-YPG yaraqlılarının Fərat çayının şərqinə doğru çəkildiyini bildirib.

Qeyd edək ki, Türkiyə Menbiçin IŞID-dən geri alınması zamanı ABŞ-dan PYD-YPG yaraqlılarının Fərat çaynın şərqinə doğru çəkilməsinə dair söz verilməsini istəmişdi.

Türkiyənin müdafiə naziri Fikri Işık bildirib ki, ölkənin Silahlı Qüvvələri Suriyanın şimalında o zamana kimi qalacaq ki, müxalifət vəziyyətə tam nəzarət etsin.

Israildən Türkiyəyə dəstək

Israilin Türkiyədəki səfirliyi Türkiyənin Suriyada həyata keçirdiyi “Fırat Kalkanı” əməliyatını Israilin dəstəklədiyini və həmfikir olduğunu açıqlayıb. Açıqlamada bildirilib ki, IŞID Israil sərhəddində də təhlükə yaradır və Tel-Əviv bunun fərqindədir: “Ümid edirik ki, bu, Türkiyə üçün sancılı bir əməliyyat olmaz”.

Qeyd edək ki, Türkiyə tərəfindən dəstəklənən Suriya qiyamçıları ABŞ-ın havadan dəstəyi ilə Carablus şəhərini Islam Dövləti adlandırılan qruplaşmadan alıblar. Türkiyənin Suriya ərazisinə tanklar, təyyarələr və xüsusi təyinatlılarla həyata keçirdiyi müdaxilə avqustun 24-də səhərin erkən saatlarında başlamışdı.

Qiyamçılar bildiriblər ki, IŞID şəhəri tərk edib. Onlarla cihadçının qiyamçılara təslim olduğu da xəbər verilir. Türkiyə bəyan edib ki, onun Suriya ərazisinə müdaxiləsində məqsəd IŞID və Suriya kürdlərinin YPG qüvvələrinə zərbə endirməkdir.

BBC bildirir ki, məsələnin ən maraqlı tərəfi YPG-nin indiyədək IŞID-ə qarşı döyüşlərdə ABŞ-ın əsas müttəfiqi olmasıdır: “Belə bir vəziyyətdə ABŞ iki müttəfiqinin arasında hər hansı toqquşmanın baş verməməsi üçün maksimum səy göstərir”.

Baydenin ultimatumu

Avqustun 24-də Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden kürdlərin Suriya Demokratik Qüvvələrinə Fərat çayından şərq tərəfə çəkilmələrini tələb edib. O xəbərdarlıq edib ki, kürd qüvvələri bu göstərişə əməl etməsələr, bundan sonra ABŞ-dan heç bir yardım ala bilməyəcəklər.

Suriya Demokratik Qüvvələri IIŞD-ə qarşı mübarizədə ABŞ-ın ən səmərəli müttəfiqidir və SDQ birləşmələrində çox sayda ABŞ təlimatçısı var.

“Biz bunu tamamilə aydın şəkildə bildirmişik ki, onlar çayın o biri tərəfinə qayıtmalıdırlar”, – deyib Bayden: “Onlar bunu etməsələr, ABŞ-dan heç bir dəstək almayacaqlar”.

Türkiyənin ən böyük narahatlığı kürdlərin Carablusu alacağı və Suriyanın şimalında iki kürd anklavının birləşəcəyindən idi. Bu ərazilər birbaşa Türkiyənin kürdlər yaşayan regionu ilə bitişikdir və Ankara bu ərazidə kürd muxtariyyətinin yaradılmasına yol verməyəcəyini bildirib. Rusiya telekanalları kürd qüvvələrinin artıq Fərat çayının şərq sahilinə doğru çəkildiklərini xəbər verir.

ABŞ-ın türk-kürd dilemması

ABŞ-ın IŞID-ə qarşı mübarizədə Suriya kürdləri ilə müttəfiqlik etməsi Vaşinqton və Ankara arasında indiyədək davam edən gərginliyin mənbəyi sayılır. Türkiyə iddia edir ki, Suriya kürdləri Türkiyə ilə Suriya arasındakı sərhədi tamamilə nəzarətə götürməyə çalışırlar: “Türkiyənin xarici işlər naziri Çavuşoğlu bəyan etmişdi ki, kürd qüvvələri Fəratın şərq sahilinə çəkilməsə, Ankara ondan tələb olunan işi görəcək. Belə görünür ki, ABŞ hələlik iki müttəfiqi arasında birbaşa toqquşmanın qarşısını ala bilib. Lakin bu məsələ radikal həllini tapmayıb və Türkiyə israrla ABŞ-ın kürdləri dəstəkləməsinə son qoymaq istəyir.

Türkiyə prezidenti Ərdoğan bunu gizlətməyib və Co Baydenlə görüşdən dərhal sonra bəyan edib ki, istər IŞID, istər YPG, hər ikisi terrorçu təşkilatdır. Bir terrorçu təşkilatın başqa terrorçu təşkilata qarşı döyüşməsi isə onu günahsız etmir”.

Bundan əvvəl baş nazir Binali Yıldırımla birgə mətbuat konfransı keçirən vitse-prezident Bayden deyib: “Heç bir kürd dəhlizi olmayacaq. Türkiyə sərhədində heç bir ayrıca vahid olmayacaq. Yalnız bütöv Suriya”.

Türkiyə “Suriya bataqlığında”

Türkiyənin müdaxiləsinə Suriya kürdləri də reaksiya veriblər. Kürd PYD təşkilatının rəhbəri Saleh Muslim bildirib ki, Türkiyə Suriya bataqlığına girib və IŞID kimi o da məğlub olacaq.

Başqa bir kürd birləşməsi – YPG-nin sözçüsü Redur Xelil Türkiyənin Suriyaya müdaxiləsini Suriyanın daxili işlərinə kobud şəkildə müdaxilə adlandırıb.

Kürd liderlər bildirirlər ki, Türkiyə Suriyada bir terrorçu qrupu başqası ilə əvəz etməyə çalışır. Artıq Moskva Türkiyənin müdaxiləsi ilə bağlı narahatlığını ifadə edib.

Suriya prezidenti Bəşər Əsəd isə müdaxiləni pisləyib və buna BMT Təhlıükəszlik Şurasının reaksiya verməsini istəyib. Bununla belə, Britaniya qəzetlərinin təhlilçiləri yazırlar ki, Moskvanın baş verənlərə reaksiyası zəif olub. Digər tərəfdən kürdlərin təklənməsi Dəməşqə də sərfəlidir.

Qərb analitiklərinin fikrincə, qarşıdan gələn günlərdə bu mürəkkləb maraqlar düyünü ən gözlənilməz şəkildə açıla bilər.

Bu arada, bu gün Rusiya Müdafiə Nazirliyinin Baş qərargah rəisi Valeri Gerasimov Türkiyəyə rəsmi səfərə gəlir. Gerasimov səfər çərçivəsində Türkiyə ordusunun Baş qərargah rəisi Hulisi Akarla görüşəcək. Görüşdə Suriyaya daxil olan Türkiyə ordusunun addımları və Suriyadakı gələcək planlarının müzakirə olunacağı bildirilir.