“Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəm”. Bu bəyanatı Amerikanın Səsinə vəkil Toğrul Babayev sabiq səhiyyə naziri Əli İnsanova istinadən verib. Vəkilin sözlərinə görə, İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi. “Səhhətində də heç bir problem yoxdur”. 13 saylı cəzaçəkmə müəssisəində saxlanan sabiq nazirə qarşı avqustun 24-də Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.

“Heç bir ittiham, təzyiq məni mübarizəmdən çəkindirə bilməz”
•


