Suriyanın Türkiyə sərhədi yaxınlığında olan İŞİD terror qruplaşmasının nəzarətindəki Cerablus rayon mərkəzi Azad Suriya Ordusunun nəzarətinə keçib.
“Anadolu”nun verdiyi məlumata görə, hücum zamanı Türkiyə Silahlı Qüvvələrindən canlı itki qeydə alınmasa da, atışmalarda Azad Suriya Ordusunun 1 əsgəri həlak olub.
***
Azad Suriya Ordusu Kəklicə və Kıvırcık kəndlərinin ardından daha iki kəndi azad edib. Azad Suriya Ordusu Çobanbəy kəndinə Azad Suriya Ordusunun bayrağını sancıblar. İlkin məlumatda 48 İŞİD-çinin öldürüldüyü bildirilir.
***
Son məlumatlara görə Azad Suriya Ordusunun dəstələri Türkiyə tanklarının dəstəyi ilə Cerablus bölgəsinin Kekilce kəndini İŞİD terrorçularından təmizləyib.
Kənd Türkiyə sərhədindən 3 kilometr məsafədə yerləşir.
Hazırda Cerablusda şiddətli döyüşlər gedir. Gözlənilir ki, Cerablus qəsəbəsinin özünün təmizlənməsində Azad Suriya Ordusunun döyüşçüləri iştirak edəcək. Türkiyə tankları isə onlara dəstək verəcək.
Azad Suriya Ordusunun dəstələrinin Cerablusa doğru irəliləmək üçün Kekilce kəndi ətrafında möhkəmləndiyi bildirilir.
Türkiyə ordusunun tankları bu gün səhər saatlarından etibarən başlayan artilleriya hazırlığının və hava zərbələrinin ardınca Suriyanın Cerablus bölgəsini İŞİD terrorçularından təmizləmək üçün sərhədi keçib.
“Fırat Qalxanı” kod adı altında keçirilən hərbi əməliyyat çərçivəsində Türkiyə təyyarələri Kekilcə və Cerablus bölgəsindəki hədəflərə zərbələri davam etdirir.
Tank birlikləri Bakı vaxtı ilə saat 12.00-d sərhəd xəttini keçməyə başlayıb. Əməliyyatın məqsədi Cerablus bölgəsini İŞİD-dən təmizləmək və eyni zamanda Suriyanın şimalında YPG v PYD kürd birliklərinin qüvvələrinin birləşdirilməsinə imkan verməməkdir.
Əməliyyatlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək verir. Hələb bölgəsində Suriya ordusunun hücumlarına dəstək verən Rusiya hələlik Türkiyənin müdaxiləsini şərh etməyib.
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın Hələb mühafəzəsinin Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyə ordusu, koalisiyanın hava qüvvələri Suriyada Cerablsun İŞİD-dən təmizlənməsi üzrə hərbi əməliyyata başlayıb”, – deyə məlumatda bildirilir.
Agentlik rəsmi şəxslərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəyə yönəlib.
Həmçinin məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Cerablusda İŞİD-in mövqelərinə zərbələr endirib.